Yunanıstanda daxili çaxnaşma | Banco.az

Yunanıstanda daxili çaxnaşma

Koalisiya ortağı olan partiya yeni kredit razılaşmasına dəstək vermir.

Banco.az "ANSPRESS"ə istinadən xəbər verir ki, ötən axşam Brüsseldən ölkəsinə qayıdan Yunanıstanın baş naziri Aleksis Tsipras “ANEL” partiyasının lideri və milli müdafiə naziri Panos Kamennos ilə görüşüb. Baş vermiş son hadisələrin müzakirə olunduğu görüşdə eyni zamanda koalisiya ortağı olan Komennos partiyasının yeni kredit razılaşmasına dəstək verməyəcəyini açıqlayıb. Görüşdən sonra jurnalistlərə açıqlama verən Kamennos baş nazir Tsiprasın əlindən gələni etdiyini, buna baxmayaraq partiyasının yeni borc razılaşmasına dəstək verməyəcəyini deyib. Nazir həmçinin bu cür mövqeyinə baxmayaraq “ANEL”in hökumət ortaqlığına davam etmək istədiyini bildirib. 

Yunanıstanın baş naziri Tsipras və müdafiə naziri Kamennos 

Hökumətdə baş verənləri yaxından təqib edən ölkə müxalifəti isə “Milli uzlaşma” (böhran zamanı parlamentdə olan bütün partiyaların iştirakı ilə qurulan hökumət planı) hökuməti qurulması istiqamətində çağırışlar edir. 

“Yeni Demokratiya”nın funksionerlərindən olan sabiq xarici işlər naziri Dora Bakoyanniölkəni bu “fırtınadan” milli uzlaşma hökumətinin xilas edə biləcəyini iddia edir. Bakoyanni hesab edir ki, yeni hökumətə də Tsipras rəhbərlik edə bilər. Bakoyanni həmçinin yeni hökumətdə texnokratların çoxluq olması fikrini də dəstəkləyir. 

Ən sərfəli kredit üçün müraciət et

“Yeni Demokratiyadan sonra “Potami” və "PASOK” da yeni hökumət qurulmasını tələb edirlər. Hər iki partiyanın lideri bu nöqtədə söhbətin Yunanıstanın siyasi-iqtisadi gələcəyindən getdiyini deyərək Tsiprasdan təcili olaraq yeni təşəbbüslə çıxış etməyi tələb ediblər. 

Bundan sonra “SYRIZA” millət vəkili və Avropa İşləri nazirinin müvəqqəti icraçısı Nikos Hundis millət vəkilliyindən istefa verib. Partiya daxilindəki “Sol platforma” da yeni kredit razılaşmasını kəskin tənqid edib. Partiyanın bəzi millət vəkilləri narahatlıqlarını açıqca ifadə ediblər. 

Xatırladaq ki, ötən gün Brüsseldə keçirilən sammitdə Yunanıstan üçün yeni kredit razılıaşması əldə olunmuşdu.