Yeni planda vergilərin artırılması, gəlirin həcminə görə əlavə vergi tutulması və s. nəzərdə tutulur.
Yunanıstanın beynəlxalq kreditorlardan ardıcıl 3-cü kredit tranşı əldə etməsi üçün təklif etdiyi islahatlar planı bu gün ölkə parlamentində yenidən müzakirəyə çıxarılacaq. Banco.az "ANSPRESS"ə istinadən məlumat verir ki, yeni planda vergilərin artırılması, eyni zamanda, gəlirin həcminə görə əlavə vergi tutulması, ölkənin müdafiəsinə ayrılan xərclərin 2016-ci ilə qədər 300 milyon avro həcmində ixtisar edilməsi nəzərdə tutulur.
Plan bir qədər əvvəl rəsmi Brüssel tərəfindən bəyənilmiş və qəbul olunmuşdu. Yeni plan qanunvericilərin səsverməsi əsasında qüvvəyə minəcək. Plan mahiyyət etibarilə Avropanın sərt iqtisadi tədbilərinə tabe olduğu üçün Yunanıstanda bir qədər əvvəl baş nazir Aleksis Tsiprası dəstəkləyənlər indi ona qarşı çıxırlar. Siriza partiyasının üzvləri baş naziri referendumda verilən vədlərə əməl etməməkdə təqsirli biliblər.
İqtisadi islahatların səsverməyə çıxarılacağı Yunanıstan parlamenti
Bu gün keçiriləcək səsvermədə müxalif partiyaların da planı təsdiqləyəcəyi gözlənilir. Müxalifətçilər bunun istənilən halda ölkənin avrozonada qalması üçün vacib addım olduğunu deyiblər. Baş nazir Aleksis Tsipras bildirib ki, Avroqrup Afinanın planını qəbul etməsi Avropada həmrəylik və demokartiyaya doğru atılan bir addım idi. Tsipras avropalıların təqdim etdiyi islahatlar planının effektivliyinə inanmadığını, bununla belə planı icra etməyə hazır olduğunu deyib.
“İcazə verin həqiqəti deyim. Xoşagələn bir mənzərə təsvir etməyə çalışmayacağam. Afinada danışıqlar davam etdiyi bir vaxtda avropalılar gecəni dərin narahatlıqlar içində keçirdilər. Bu günlər gələcəkdə bir daha xatırlanmamalıdır. Avropa sammiti və avroqrupun gəldiyi nəticə təzyiqlərə məruz qalan bir xalqın qəbul etdiyi demokratik qərarlar əsasında ortaya çıxdı. Bizim iki seçimimiz var idi, ya şərtləri qəbul etmək, ya da müflis olmaq və avrozonanı tərk etmək, digər bir versiya isə, müflis olmadan Avrozonanı tərk etmək idi”
Beynəlxalq Valyuta Fondunu hesablamalarına görə, Yunanıstanın dövlət borclarını ödəməsi üçün nəzərdə tutulan kredit məbləği kifayət etməyə bilər. Buna səbəb kimi isə, son 2 həftə ərzində ölkə iqtisadiyyatına və bank sisteminə dəyən ziyan göstərilir. Fond rəsmiləri Afinanı daha qənaətcil addımlar atmağa çağırıblar.