Müəllif: Tamara Mustafayeva, Banco.az
Hər kəsə məlumdur ki, artıq hər hansı bir xarici dili bilmək müstəsna üstünlük təşkil etmir, əksinə bilməmək böyük nöqsan hesab edilir. İş elanlarının əksəriyyətində xarici dil bilgisi tələb edilir ki, bir çox hallarda bir xarici dili bilmək kifayət etmir. Xarici dil bilməyən və öyrənmək istəyən insanlar da təbii olaraq bu problemi tez bir vaxtda həll etmək istəyirlər.
Onlayn tədris üsulu interneti olan hər hansı bir cihazdan asanlıqla çıxış əldə edildiyi üçün xarici dil öyrənməyin asan və sürətli yollarından biridir. Onlayn tədris yeni anlayış olmasa da, son dövrlərdə bu daha da asanlaşmış və kütləviləşmişdir. Bugünkü məqaləmizdə isə onlayn tədris üsulunun üstünlüklərini sizlərə təqdim edirik.
1. Asan çıxış imkanı
Hər hansı bir xarici dil kursuna getmək vaxtınızın çox hissəsini bu işə sərf etməyinizə səbəb olacaqdır. Xüsusilə də işləyir və ya tələbəsinizsə, vaxtınızın böyük hissəsi yolda keçəcəkdir. Bundan başqa dərs saatları ərzində başqa bir işiniz olarsa, buraxdığınız dərslərə yenidən qoşulma imkanınız olmaya bilər.
Onlayn tədris metodunda isə belə bir halla qarşılaşmırsınız. İş yerində nahar fasiləsi zamanı belə istədiyiniz onlayn dərsdə iştirak edə bilərsiniz. Dərsləri təkrar-təkrar dinləyə bilər və bunu internetə çıxış əldə edə bildiyiniz kompüter, telefon, planşet kimi bir çox cihaz vasitəsilə edə bilərsiniz. Qısası, həyat standartlarınızı dəyişdirmədən dil öyrənə bilərsiniz.
2. Sərfəlilik
Onlayn dil kursları hər zaman fiziki kurslardan daha sərfəlidir. Bunun başlıca səbəblərindən biri tədrisi təşkil edən kursun kirayə pulu, müəllimlərin yol, yemək xərcləri kimi bir çox məsrəflərdən azad olmasıdır. Sizin də həmçinin yol və yemək xərciniz olmayacağı üçün bu üsul sizə daha ucuz başa gələcək.
3. Fərdiləşdirmə
Fiziki kurslardan fərqli olaraq onlayn dərslər daha çox fərdlərə uyğun təşkil edilir. Başa düşmədiyiniz hissələri təkrar edə bilər, sizə uyğun dərs cədvəli hazırlaya bilərsiniz. Bununla yanaşı daha yaxşı mənimsəmək istədiyiniz mövzuların bir neçə dəfə tədris olunmasını seçə bilərsiniz.
Bizi sosial şəbəkələrdən izləyin!!