İqtisadçı ekspert Elman Sadıqovun Türkiyədə yaranmış iqtisadi vəziiyyətlə bağlı araşdırmasını təqdim edirik. Qeyd edək ki, bu ekspertin apardığı uzun iqtisadi təhlillərdən sonra gəldiyi nəticədir.
Türkiyə iqtisadiyyatında baş verənlər bizi yaxından maraqlandırır; həm mənəvi cəhətdən ən yaxın ölkə, həm strateji, həm də ən böyük ticarət tərəfdaşlarından biri olan qardaş ölkə kimi. Dəfələrlə iqtisadi çətinliklər və böhranlar görmüş, həmin iqtisadi çətinlikləri üzüağ dəf etmiş Türkiyə bu dəfə daha fərqli bir vəziyyətlə üz-üzə gəlmişdir. Bu fərqli vəziyyət nədir? Niyə bu böhran daha təhlükəli ola bilər?
Türkiyədə avqust ayı inflyasiya rəqəmləri açıqlandı. İstehlakçı Qiymət İndeksi (ing. CPI, türkçe TÜFE) 17.90%, İstehsalçı Qiymət İndeksi (ing. PPI, türkçe ÜFE) 32.13%.
İllik inflyasiyanın 18% ətrafında olacağı gözlənilirdi. Sürpriz rəqəm deyil. Lakin, burada diqqət çəkən məqam İstehlakçı (CPI) və istehsalçı (PPI) Qiymət İndeksləri arasındakı böyük fərq oldu. İqtisadçı olmayan oxucular üçün qısa və sadə dillə qeyd edim ki, İstehlakçı Qiymət İndeksi hər bir ölkədə istehlak səbətinə daxil olan məhsulların istehlakçılar tərəfindən alış qiymətlərindəki artımı, İstehsalçı Qiymət İndeksləri isə həmin məhsulların topdan satış qiymətlərindəki artımı göstərir. Bunlar arasındakı fərq inkişaf etmiş ölkələrdə 0.1-0.2% bəndləri ilə, inkişaf etməkdə olan ölkələrdə isə 0.5-2% bəndləri arasında olur. İqtisadiyyatdakı sabitlik nə qədər çox olarsa, bu rəqəmlər arasındakı fərq də bir o qədər az olar. Avqust ayı inflyasiya rəqəmləri açıqlandı və bu 2 önəmli indeks arasındakı fərq 14.23% oldu. Əsas səbəblərindən biri böhranın avqust ayında daha da sürətlənməsidir. Lakin, bu fərq bizə yaxın ayların tendensiyasını göstərir. Bu o deməkdir ki, hadisələr bu istiqamətdə inkişaf etməyə davam edərsə, Türkiyədə inflyasiya gələn aylarda daha sürətlə artacaq. Niyə? Çünki, inflyasiya 2 səbəbdən baş verər: birincisi tələbin artması ilə artan qiymət artımı, ikincisi məhsulun maya dəyərinin artması nəticəsində yaranan qiymət artımı. Birinci səbəb aydındır. Məhsulun maya dəyərinin artması ilə artan qiymət artımı isə tələbdən asılı deyil, hər bir məhsulun istehsalı üçün tələb olunan xammal, yarımfabrikat məhsulların, ümumiyyətlə məhsulun maya dəyərinə daxil olan hər hansı əmtəənin qiymətlərinin artması və ya idxal olunan bu məhsulların xarici valyutanın kursunun artması nəticəsində yerli valyutada qiymətlərinin artması nəticəsidir.
Məhsulun maya dəyərinin artması nəticəsində yaranan inflyasiya daha qorxuludur. Çünki məhz bu inflyasiya deflyasiyaya səbəb olur. Yüksək inflyasiyanın çox zərərli bir göstərici olduğunu bilirik. Amma yüksək inflyasiyadan daha qorxunc bir göstərici olan staqflyasiya nədir? Staqflyasiya = yüksək inflyasiya + yüksək işsizlik + iqtisadi artımın yavaşıması və son nəticədə iqtisadiyyatın kiçilməyə doğru getməsi. ABŞ 1970-ci illərdə staqflyasiya ilə üzləşdi və uzun müddət təsirindən qurtara bilmədi. Həmin staqflyasiyanın səbəbi yüksək neft qiymətləri idi. Staqflyasiyanın təhlükəli olmasının əsas səbəbi odur ki, bir-iki reseptlə qarşısını almaq mümkün olmur, əksinə görülən bir tədbir digər mənfi amili daha da tətikləyir.
Məsələn, monetar siyasət yürüdərək faizləri artırırsınız, nəticədə biznes mühiti boğulmağa başlayır və iqtisadi artım daha da yavaşıyır. Əksinə, işsizliyin artmasının və iqtisadi artımın yavaşımasının qarşısını almaq üçün faiz dərəcələrini aşağıda saxlasanız, o halda inflyasiya və yerli valyutanın kursuna təzyiq artar. Onu da qeyd edim ki, inflyasiyanın yüksək olduğu vaxt aşağı faiz dərəcəsi neqativ faiz fərqi yaradır ki, bu da ölkədə əmanət/depozit portfelinin sürətlə əriməsinə, banklardan çəkilməsinə səbəb olur. Dünyada son 100 ildə baş verən əsas 40-a yaxın böhranın təhlili göstərir ki, heç də bütün böhranlarda staqflyasiya olmayıb. Başqa sözlə, həmin həddə çatılmayıb. Səbəblər müxtəlifdir və böhranların xüsusiyyətlərindən, baş vermə səbəblərindən asılıdır.
Ümumiyyətlə, 70-ci illərə qədər staqflyasiya baş verməyib. (Qeyd: Məhz 70-ci illərə qədər John Maynard Keynesin işsizlik və inflyasiya arasındakı tərs mütənasibliyi əks etdirən fikirləri və Keynesçilik dominant mövqe tutmuşdur. 70-ci illərdə xarici təsirlər nəticəsində yaranan inflyasiya ABŞ-da meydana çıxdı, həm yüksək işsizlik, həm də yüksək inflyasiya faizləri oldu. Məşhur iqtisadçı Milton Fridman meydana çıxdı və bu böhrandan çıxışda onun monetar siyasət sahəsindəki nəzəriyyə və fikirləri önəmli rol oynadı, böhranın daha da dərinləşməsi və dağıdıcı rol oynamasının qarşısını aldı. Lakin, böhrandan tam çıxış məsələsində əsas amil neft qiymətləri oldu.) 70-ci illərə qədər olan böhranlar zamanı yüksək işsizlik və yüksək inflyasiya tədricən bir-birlərini tənzimləyib. Vaxtında müdaxilə, iqtisadi islahatlar başlanıb, digər tərəfdən də yüksək işsizlik alıcılıq qabiliyyətinin zəifləməsi nəticəsində inflyasiyanı aşağı salıb.
Yəni, iqtisadiyyatın öz-özünü tənzimləmə mexanizmi işə salınıb. Staqflyasiyada isə tələb azalsa da, işsizlik artsa da, iqtisadi artım yavaşısa da, qiymət artımı davam edir. Çünki məhsulun maya dəyəri xarici təsirlərin altında artmaqdadır. Bu isə iki qat təzyiq yaradır. Bir daha xatırlayaq ki, ABŞ-da 1970-ci illərdə staqflyasiya neft qiymətlərinin kəskin artımı nəticəsində meydana gəlmişdir. ABŞ bu staqflyasiyanın ilkin mənfi təsirlərini zəiflətməyə nail olmuş, lakin sonrakı təsirlərinə 1980-1982-ci illərdə yenidən məruz qalmışdır. Başqa sözlə desək həm də uzun sürən xəstəlikdir. Tam olaraq bu xəstəlikdən İranda baş verən inqilabdan sonra neft qiymətlərinin 80-ci illərdə enməsindən sonra xilas olmuşdur (xatırlayaq ki, ABŞ nefti ən çox idxal edən ölkələrdən biri idi və enerji qiymətləri məhsulların maya dəyərinin əsas komponentlərindəndir).
Bu qeyd etdiklərim əsasında təhlili yekunlaşdıraq. İstehsalçı və İstehlakçı İndeksləri arasındakı 14.23 faiz bəndi fərqi o deməkdir ki, bu fərq gələn aylarda İstehlakçı İndekslərinə sıçrayacaq. Nəticədə, növbəti aylarda illik inflyasiya rəqəmləri təəssüf ki, daha da artacaq. Qiymət artımının səbəbi xarici valyutanın kursu olduğu üçün alıcılıq qabiliyyətinin artıb-azalmasından asılı olmayaraq dolların kursu yüksək olduqca qiymət artımı davam edəcək. Satış olmazsa istehsalçılar zərərə uğrayacaq. İssizlik artacaq. Bu isə bir-birini tətikləyən mənfi hadisələr zənciridir. Bunun kökündə dayanan dollar kursu məsələsinin həlli əsas çıxış yoludur.
Düşünürəm ki, Türkiyə mövcud böhranın daha da dərinləşməsinə imkan vermədən vəziyyətdən çıxa biləcəkdir. Xəzinə və Maliyyə naziri Berat Albayrak çıxışında ABŞ-la digər sahələrdə əməkdaşlığın davam etdiyini və ABŞ-ın strateji tərəfdaş kimi qaldığını qeyd etdi. Türkiyə Mərkəz Bankasının monetar siyasətin alətlərindən lazım olarsa daha geniş istifadə edəcəyi mesajı verilmişdir. Bu monetar siyasətin əsas alətlərindən biri isə faiz artımıdır.
Növbəti aylarda vəziyyəti kritik edəcək amillərdən biri də Türkiyə iqtisadiyyatının əsas sektoru olan turizm mövsümünün bitməsi ilə əlaqədar olaraq gələcək turistlərin sayında kəskin azalmanın olacağıdır. Digər tərəfdən təhlillər ucuz türk lirəsi səbəbindən ixracın artacağını, lakin bu artımın idxalın artımından çox olmayacağını göstərməkdədir. Böhran artıq inkişaf etməkdə olan ölkələrə (Argentina, Braziliya, İndoneziya və sair) yoluxmaqdadır. İtaliyada da növbəti aylarda iqtisadi sahədə çətinliklərin olacağı siqnalları gəlməkdədir. FED faiz artımı ilə bağlı tərəddüd içərisindədir (ən geniş yayılmış fikir sentyabrda faiz artımına gedilərək nəbz yoxlaması həyata keçirməkdir. Faiz artımına davam etmə və etməmək variantlarının hər ikisi ABŞ iqtisadiyyatı üçün risk daşımaqdadır. Bu məsələyə öncəki yazılarımda geniş toxunduğum üçün təkrara yol vermirəm). Deməli Türkiyəyə yardım edə biləcək xarici amillər də mövcuddur. Türkiyə indiyə qədər bir çox böhranlardan çıxmış və inkişaf yoluna davam etmişdir. Bu dəfəki daha təhlükəli və əsas kökü, səbəbi ortadan qaldırlmadığı halda uzun sürə biləcək və uzun sürdükcə dərinləşmə xüsusiyyəti ola biləcək böhrandır. Acı da olsa bu təcrübəni də yaşayan Türkiyənin məsələni həll etmə imkanları əlbəttə ki, vardır.
Fins.az