Türkiyə Respublikasının Mərkəzi Bankı və Qətər Mərkəzi Bankı arasında Dohada keçirilən mərasimdə ikitərəfli Valyuta Mübadiləsi (Swap) Haqqında Saziş imzalanıb.
Qətərin Türkiyəyə 15 milyard dollarlıq investisiya yatırmaq qərarını həyata keçirmək üzrə ilk addım atılıb.
Türkiyə Respublikası Mərkəzi Bankı və Qətər Mərkəzi Bankı arasında ikitərəfli əməkdaşlığı inkişaf etdirmək məqsədilə Valyuta Mübadiləsi Haqqında Saziş imzalanıb.
Müqavilə, Türkiyə Mərkəzi Bankının sədri Murat Çetinkaya və Qətər Mərkəzi Bankının sədri Abdullah Bin Səud Al-Tani tərəfindən imzalanıb. Qətər Mərkəzi Bankının baş qərargahında keçirilmiş imzalanma mərasimində hər iki ölkədən rəsmi şəxslər iştirak edib.
Sözügedən müqavilə, iki ölkə arasında yerli pul vahidlərilə reallaşdırılan ticarətin asanlaşdırılmasını, maliyyə sabitliyinin dəstəklənməsi məqsədlərini nəzərdə tutur. Müqavilə, Türkiyənin valyuta ehtiyatlarının möhkəmləndirilməsinə də töhfə verəcək.
Müqavilə çərçivəsində ilk mərhələdə istifadə ediləcək vəsaitin 3 milyard dollar olacağı gözlənilir.
Xəbər verdiyimiz kimi, Qətər əmiri Şeyx Tamim bin Həməd Əl-Sani Türkiyəyə 15 milyard dollar birbaşa sərmaya yatıracaqları sözünü verib. Bir neçə gün öncə Şeyx Tamim bin Həməd Əl-Sani Türkiyəyə səfər etmiş və Prezident Rəcəb Tayyib Ərdoğan ilə görüşmüşdü.
Bu xəbərin təsiri ilə də, Dollar/Türk lirəsi məzənnəsi bu həftəyə geriləmə ilə başlayıb. Məzənnə 6 səviyyəsindən aşağı düşüb. Bakı vaxtı ilə saat 08:54-də 1 Dollar 5.9879 lirədən alıcı tapıb. Bu gün səhər Türk lirəsi 0,5% bahalaşıb.
Həmçinin qeyd edək ki, Qurban bayramı münasibətilə Türkiyədə maliyyə bazarları 9 gün bağlı olacaqdır.
Marja.az