Qırğızıstanın paytaxtı Bişkek şəhərində təşkil edilən Türkiyə - Qırğızıstan Biznes Forumunda çıxış edən prezident Rəcəb Tayyib Ərdoğan təfərrüatları qeyd etmədən bildirib ki, “Onlar, cari manipulyasiyalar vasitəsilə Türkiyənin güclü və dayanıqlı iqtisadiyyatına şübhə yaratmağa çalışırlar.”
Türkiyə iqtisadiyyatını hədəf alan hücumlara meydan oxuyan Ərdoğan, “Türkiyə, müdafiə sənayesi başda olmaqla iqtisadiyyatda müstəqilliyə nail olmaq üçün çalışır” deyə qeyd edib.
Rəsmi Ankara və Vaşinqton arasında ABŞ prezidenti Donald Trampın keşiş Endrü Bransonun azad edilməyəcəyi təqdirdə iqtisadi təzyiqlər tətbiq etməklə bağlı təhdidlərindən sonra yaranan siyasi gərginliklər Avqust ayı ərzində bazarda narahatlıqlara səbəb olmuşdu.
Prezident beynəlxalq ticarətdə dollardan asılılığın daha ciddi problemə çevirdiyini vurğulayıb.
“Biz ölkəmizdə yerli və milli valyutadan istifadə etməklə dolların üstünlüyünü tədricən sona çatdırmalıyıq,” deyə Ərdoğan bildirib.
ABŞ prezidenti Türkiyədən ixrac edilən polad və alüminium malları üzərinə ikiqat vergilər tətbiq etdikdən sonra Türk lirəsi ABŞ dollarına qarşı ötən bir neçə həftə ərzində dəyər itirdi.
Rusiya ilə S-400 zenit-raket komplekslərinin alınması üçün bağlanan sazişə istinad edən Ərdoğan “bu, bəzilərinin narahatlığına səbəb olur” deyə bildirib və həmçinin əlavə edib ki, Türkiyənin öz ərazisinin müdafiəsini təşkil etmək üçün heç bir ölkənin icazəsinə ehtiyacı yoxdur.
Qırğızıstana sərmayə qoyulması
Qırğızıstan hökuməti ilə qurulan iqtisadi əlaqələr barəsində danışan Ərdoğan, xarici ticarət həcminin 1 milyard dollara çatacağını gözlədiklərini bildirib.
“Cari xarici ticarət həcmi təqribən 500 milyon dollar təşkil edir”, deyə qeyd edən Ərdoğan Türk iş adamlarını Qırğızıstana sərmayə qoymağa çağırıb.
Prezident iki ölkə arasındakı güclü əlaqələrin həmçinin təhsil, mədəniyyət və turizm sektorlarında daha sıx əməkdaşlığa gətirib çıxarmasının zəruriliyini vurğulayıb.
Tamara Mustafayeva, Banco.az