Müəllif: Gülnar Əhmədli, Banco.az
Cari ilin yanvar-oktyabr aylarında Azərbaycana dünyanın 186 ölkəsindən 1723,6 min və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 30,3 faiz çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib.
Banco.az xəbər verir ki, Azərbaycana gələn turistlərin sayı ötən aya olan göstərici ilə müqayisədə isə 12,2% artıb.
Turistlərin sayındakı artım da ölkə iqtisadiyyatının bir çox sahələrində öz müsbət təsirini göstərir.
İqtisadçı Vüqar Bayramov turizmin mövcud vəziyyəti ilə bağlı şərhində bildirib ki, 2023-cü ilin ilk 10 ayında Azərbaycanı ziyarət edən turistlərin sayındakı dinamika saxlanılaraq Avropadan gələnlərin sayındakı artım davam edib: “Belə ki, həmin dövrdə ölkəmizə gələn tursitlərin sayı 30.3 faiz artasa da, Avropalı ziyarətçilərin sayında artım 41.9 faiz olub. Həmin müddətdə 1 milyon 723 min xarici Azərbaycana səfər edib. Bu arada körfəz ölkələrindən gələnlərin sayında azalma davam edib. 2023-cü ilin ilk 10 ayında Ərəb dövlətlərindən Azərbaycana gələnlərin sayı 7.4 faiz azalıb.
Ən çox artım 3 Asiya ölkəsinin payına düşür: Çindən gələnlərin sayı 7,3 dəfə, Cənubi Koreyadan 3,5 dəfə, Türkmənistandan 2,7 dəfə artıb. MDB ölkələrindən gələnlərin sayı da 49,6 faiz artaraq 692,6 min nəfərə çatıb”.
İqtisadçının sözlərinə görə, turizm enerji sektorundan sonra ölkəyə ən çox valyuta gətirən sektordur: “Pandemiyadan əvvəlki il – 2019-cu ildə ölkəyə 3 milyondan çox turist gəlmişdi və əcnəbilər həmin il Azərbaycanda 2.6 milyard dollara yaxın vəsait xərcləmişdilər. Bu baxımdan gələn turistlərin ölkə mənşəyinin yeniləşməsi, xüsusən də Avropa və Cənubi-Şərqi Asiyada yerləşən dövlətlər ilə bu sahədə əməkdaşlığın gücləndirilməsi vacibdir. Turizm sektorunda xərclərin azaldılması və xidmət keyfiyyətinin artırılması da olduqca əhəmiyyətlidir. Bu turizm gəlirlərində dayanıqlığı artıra bilər”.
Onu da qeyd edək ki, 2022-ci ilin ilk 10 ayı ilə müqayisədə xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının ümumi sayı isə 27,1 faiz artaraq 1545,2 min nəfər olub.
Bizi sosial şəbəkələrdən izləyin!!