Dövlət Statistika Komitəsinin məlumatlarına görə, 2024-cü ilin ilk altı ayında tikinti sektoru 31.5 milyard manat dəyərində məhsul istehsal edib. Bu, əvvəlki ilin eyni dövrü ilə müqayisədə 7.4% artım deməkdir. İstehsalın 65%-i mədənçilik, 29.2%-i istehsalat, 4.9%-i elektrik, qaz və buxar istehsalı, 0.9%-i isə su təchizatı, tullantıların idarə olunması və bərpa fəaliyyətləri sahəsində baş verib. Tikinti materiallarının istehsalı 35.7% artıb.
Amma bununla bərabər son vaxtlar tikinti sahəsində yaşanan durğunluq da nəzərdən yayınmır. Emlak eksperti Elnur Fərzəliyev vurğulayıb ki, son 30 ildə Bakı şəhərində 2300-dən artıq çoxmənzilli yaşayış binaları tikilsə də, hazırda yeni tikintilərin aparılması üçün torpaq sahələri məhduddur:
"Qalan torpaq sahələrinin satış qiymətləri yüksəkdir, bu da tikintinin maya dəyərinə təsir edir. Nəticədə, tikinti şirkətləri bu ərazilərdə inşa etdikləri binaları baha qiymətlə satmağa məcburdurlar," - deyə Elnur Fərzəliyev qeyd edib.
Şirkətlər köhnə və qəzalı binaları sökərək yeni binalar tikməyə çalışsalar da, bu prosesdə vətəndaşlarla mübahisələr yaranır. Bəzən bu mübahisələr məhkəmələrə qədər gedir ki, bu da tikinti işlərinin ləngiməsinə səbəb olur.
Fərzəliyev, qanunlarda dəyişiklik olacağı təqdirdə tikinti işlərinin sürətlənəcəyini də qeyd edir. "Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin yaradılması ilə bütün sərəncamlar həmin quruma verilib. Bu qurum Bakının təsdiq olunmuş baş planına uyğun icazələr verir. İcazələr binalar arasındakı məsafələrin qorunması, həyətyanı sahə, avtopark yerləri və digər tələbləri əhatə edir," - o əlavə edib.
Elnur Fərzəliyev hesab edir ki, müvafiq qanunvericiliyə uyğun aparılan tikinti və yenidənqurma işləri, uzunmüddətli dayanıqlı inkişafın təmin edilməsinə və vətəndaşların hüquqlarının qorunmasına kömək edəcək.