Müəllif: Tamara Mustafayeva, Banco.az
"Tesla"nın xalis mənfəəti bu ilin ikinci rübündə ötən ilin eyni dövrü ilə müqayisədə 45 faiz azalıb.
Banco.az xəbər verir ki, ABŞ-ın elektromobil istehsalçısı "Tesla" ilin ikinci rübün üzrə balans hesabatını dərc edib.
Hesabata görə, şirkətin gəliri ilin ikinci rübündə ötən ilin eyni dövrü ilə müqayisədə 2 faiz artaraq 25,5 milyard dollara çatıb. "Tesla" 2023-cü ilin ikinci rübündə 24,9 milyard dollar gəlir əldə etmişdi.
Elektromobil istehsalçısının xalis mənfəəti ilin ikinci rübündə 2023-cü ilin eyni dövrü ilə müqayisədə 45 faiz azalaraq 1,5 milyard dollara düşüb. Ötən ilin eyni dövründə "Tesla"nın xalis mənfəəti 2,7 milyard dollar olub.
Xatırladaq ki, "Tesla"nın xalis mənfəəti qlobal satışların azalması və qiymətlərin ucuzlaşması ilə bu ilin birinci rübündə də illik 55 faiz azalmışdı.
Şirkət 2024-cü ilin ikinci rübündə dünya üzrə 410 min 831 avtomobil istehsal etdiyi halda, 443 min 956 avtomobil tədarük edib. Bununla da şirkətin avtomobil istehsalı illik 14 faiz, təhvil verilən avtomobillərin sayı isə 5 faiz azalıb.
Bizi sosial şəbəkələrdən izləyin!!