“Stresədözümlü” sözünü CV tərtib edənlərin 85%-i işlədir. Lakin özünü stresədavamlı adlandıran hər bir işçi bunun nə demək olduğunu tam olaraq dərk etmir.
Stresə qarşı dözümlülük, insanın, ümumiyyətlə, gərginliyin təsirini yaşamaması demək deyil. Əslində onun psixoloji yükün öhdəsindən mükəmməl gələ bilməsi və stresin zərərli nəticələrini minimuma endirə bilməsi nəzərdə tutulur.
Həmçinin oxu: Çətin həmkarlarla necə yola getmək olar? - MƏSLƏHƏT
“Work.ua” stresin əsas təhlükələrinin nələrdən ibarət olduğunu və stresədözümlülüyün sirrini izah edir.
Təhlükəli stress və onun nəticələri
Stress iki növ ola bilər — qısamüddətli və davamlı. Birincisi xüsusilə təhlükəli deyil , belə ki, stresli hadisələr tez-tez təkrarlandığı təqdirdə orqanizmdə özünəməxsus immunitet formalaşır.
Məsələn, satış meneceri kimi çalışırsınızsa, karyeranızın əvvəllərində hər müştəri ilə söhbətin ovuclarınızı tərlətdiyini və ürəyinizin necə əsdiyini xatırlayın. Ancaq zaman keçdikcə hər şey dəyişdi, çünki orqanizminiz tipik stresə uyğunlaşdı.
Əsl təhlükəni üst-üstə yığılan stress daşıyır. Bunu uzunmüddətli stress də adlandırırlar. Bu stress forması həmişə ortaya çıxan, çox gözlənilməz və bəzən bir-birinin üstünə qalaqlanan müxtəlif stress vəziyyətlərinin məcmusudur. Uzunmüddətli stress qıcıqlandırıcı amil yox olduqda belə fərdin əsəbi və hirsli qalmasına səbəb olur.
Belə bir stresə məruz qalırsınızsa, nəticələri çox gözləməli olmayacaqsınız. Yaşadığınız gərginlik sizə yuxusuzluq və digər yuxu pozğunluğu, immunitetin itirilməsi, depressiya, mədə-bağırsaq xəstəlikləri, problemli dəri və ya ürək-damar xəstəlikləri şəklində geri qayıdacaqdır.
Həmçinin oxu: Mənəvi və fiziki cəhətdən tükənməyin qarşısını necə almaq olar
Stresli vəziyyətdə necə davranmalısınız
Tamamilə nəzarətə yox deyin. Çox vaxt insan bir şeyə nəzarət edə bilməyəndə stresə düşür. Başa düşmək lazımdır ki, hər şeyin idarə edilməsi sadəcə olaraq mümkün deyil və buna səy göstərmək sağlam yanaşma sayılmır. Bəzən vəziyyəti boş buraxmaq lazımdır, nəticədə daimi nəzarətiniz olmazsa, fəlakət qopmayacağını anlayıb rahatlaşa biləcəksiniz.
Proseslərin əhəmiyyətini nəzərdən keçirin və nəticələrini şişirtməyin. Bəzən səhvlərin qarşısını almağın mümkün olmadığını, lakin bir çox səhvin tez bir zamanda düzəldilə biləcəyini başa düşməyi məsləhət görürük.
Qıcıqlanmanı dayandırın
Uzunmüddətli stress bir insanın problemlərdən uzaqlaşa və bu yükü çiynində hər yerə daşıya bilmədiyi zaman meydana çıxır. Həyat keyfiyyətinizi azaltmamaq üçün işlə bağlı bütün problemləri elə iş yerində də qoymağı öyrənin. Bəli, sizi çox həyəcanlandıran şeyləri kənara qoymaq asan deyil, ancaq axşamlar və həftə sonları ancaq ailə-məişət işləri ilə məşğul olmağa çalışın. Bunun əvəzində sinir sisteminiz və bütün bədəniniz sizə “təşəkkür edəcək”.
Nigar Umaxanlı, Finco.az