Şirkətin kredit götürmə qabiliyyətinin 5 göstəricisi | Banco.az

Şirkətin kredit götürmə qabiliyyətinin 5 göstəricisi

Gec və ya tez hər şirkətin həyatında elə bir vaxt gəlib çıxır ki, layihələrə əlavə maliyyə resursları cəlb etmək lazım olur. Belə hallarda tez-tez kredit üçün banklara və ya qeyri-bank müəssisələrinə üz tutulur.

Lakin kredit müəssisələrinin kredit alana qarşı bir sıra tələbləri olur və bunlardan hətta az hissəsinə uyğun gəlməmək vəsait əldə etməyin qarşısını ala bilər. Biz bu məqalədə sizin şirkətinizin kredit götürmə qabiliyyətinin hansı göstəricilərinin biznes maliyyələşməsi müəssisələri üçün vacib olduğunu təqdim etməyə çalışacağıq.

1-ci faktor. Şirkətin maliyyə vəziyyəti.

Aydındır ki, aşağı rentabelli və ya ziyanla işləyən bir şirkət üçün kredit almaq gəlirlə işləyən firmayla müqayisədə daha çətin olacaq.

Həm də onu nəzərə almaq lazımdır ki, adətən, şirkətlər vergitutma bazasını azaltmaq üçün sənədlərdə gəlirləri minimallaşdırmağa, bununla da, daha az vergi ödəməyə çalışırlar. Amma kredit almaq istəyəndə firmanın bu maliyyə siyasəti onun əleyhinə çevrilir.

Başqa sözlə, ödənməsi sizin şirkətin bütün gəlirlərini “udacaq” miqdarda bir krediti istəməyin heç bir mənası yoxdur.

2-ci faktor. Layihənin biznes planı

Bir çox banklar şikayət edir ki, sahibkarlar, xüsusilə də, yeni başlayanlar biznes layihəsinə kredit almaq üçün müraciəti çox zəif iqtisadi əsaslandırma ilə edirlər. Hətta bəziləri anlaşılmayan xəttlə yazılmış bir A4 formatlı səhifə ilə gəlməyi belə təsəvvür edir.

Ona görə də, layihənizin biznes-planının hazırlanmasına çox diqqətlə və məsuliyyətlə yanaşmağınız lazımdır. Əgər özünüzün, ya da şirkətinizin əməkdaşlarının yaxşı biznes plan tərtib edə biləcəyinizdən əmin deyilsiznizsə, bu işi kənardan mütəxəssis cəlb etməklə də yerinə yetirə bilərsiz. Bəzi banklar özləri də sizin layihənin qiymətləndirilməsi ilə məşğul ola bilər.

Həmçinin nəzərə almaq lazımdır ki, bir çox banklar və qeyri-bank kredit müəssisələri adətən “start-up” layihələrinə kreditlər vermir və cari fəaliyyətdə olan biznesin mövcudluğunu tələb edirlər.

3-cü faktor. Şirkətin kredit tarixçəsi

Banklar öz borclularının etibarlı olmasına, yəni, kreditlərini vaxtlı-vaxtında və tam miqdarda ödəməsinə üstünlük verir. Əgər siz əvvəllər kredit götürmüş və onu gecikmələrsiz, təxirəsalmalarsız bağlamısınızsa, bu, sizin növbəti krediti almaq ehtimalınızı artırır. Amma əgər sizin şirkətinizin arxasınca ödəmələrin ləngiməsi və ya tam ödənməməsi tarixçəsi qalırsa, yeni maliyyələşdirməyə ümidlər çox azdır.

Ən sərfəli kredit üçün müraciət et

Artıq bitmiş borclardan başqa, kredit tarixçəsinə hazırda davam edən kreditlər də aid olunur. Banklar bu barədə informasiyanı diqqətlə izləyir və yoxlayırlar. 

Bundan başqa, unutmayaq ki, baklar müştərilərin kredit tarixçəsi barədə öz aralarında informasiya mübadiləsi edir və çox kreditlə yüklənmisinizsə, deməli, bütün maliyyə mənbələrinin üzünüzə bağlandığı bir situasiyaya çox asanlıqla düşə bilərsiniz.

4-cü faktor. Kreditlə təmin etmə

Kredit müəssisələrinin böyük əksəriyyəti girov tələb etməklə verdikləri krediti mümkün itkilərdən sığortalayırlar.

Kredit verən üçün likvidlik baxımından ən ideal girov – bankda kredit məbləği miqdarında bir depozitdir. Lakin bu variant təbii ki, fantastikdir. Adətən, girov rolunda daşınan və daşınmaz əmlak, avadanlıq, anbarda mal, müxtəlif qiymətli kağızlar (aksiyalar, obliqasiyalar və s.) təqdim edilir. Girov nə qədər likviddirsə, yəni onu pula çevirmək nə qədər asandırsa, onunla kredit almaq ehtimalı o qədər artır.

Girovun növü kreditoru qane etmirsə, xüsusilə məsələ böyük məbləğdə vəsaitin verilməsindədirsə, o zaman kreditordan imtina cavabı almaq riski böyükdür.

5-ci faktor. Biznes sahibinin fərdi xüsusiyyətləri

Banklarda və digər maliyyə krediti müəssisələrində avtomatlar yox,  adi insanlar işləyir. Ona görə də biznesmenin şəxsi xüsusiyyətləri yuxarıdakı dörd faktordan daha az əhəmiyyətli deyil.

Bank işçilərinin sözlərinə görə, kredit vermək haqqında qərar verərkən əməkdaşlıq edəcəkləri sahibkarın iş aparmaq bacarığı, özünə əminliyi, öz biznesində təcrübəsi və öz layihəsini dərindən bilməsi xüsusiyyətlərinə diqqət yetirirlər.

Həmçinin, sizin danışıqlar aparmaq  və insanları özünə cəlb etmək bacarıqlarınızın da fayda verəcəyini istisna etmək olmaz.

Mənbə: biznesinfo.az