Sığorta şirkətlərinin bazar payı dəyişir | Banco.az

Sığorta şirkətlərinin bazar payı dəyişir

Həyat sığortasının payı artır
2014-cü ilin ilk rübündə həyat sığortası üzrə yığımlar 48%, ödənişlər 77%-dək artıb. Ümumi sığorta bazarında həyat sığortasının çəkisi ötənilki 20,2%-ə qarşı bu il 26%-ə çatıb. Həyat sığortası üzrə ödənişlər ümumi ödənişlərin 22%-ni təşkil edib, keçən il isə 14%-ə yaxınını təşkil edirdi.

2014-cü ilin 1-ci rübündə həyat sığortası növləri üzrə sığorta bazarının ümumi həcmi 30 milyon 677 min manat təşkil edib ki, bu da ötən ilin analoji dövrünə nisbətdə 48,3 fazi çoxdur.
Həyat sığortası üzrə yığımların böyük hissəsi könüllü sığorta növlərinin payına düşür - bu göstərici 72% artaraq 20 milyon 838 min manat olub. Könüllü sığortalar üzrə ən böyük artım (3,4 dəfə) həyatın ölüm halından sığortası üzrə olub - 3 milyon 219 min manat. Ən böyük yığım  isə həyatın yaşam sığortası üzrə qeydə alınıb - 17 milyon 606 min manat- artım 58%-dir. Sağalmaz xəstəliklərdən sığortaya da maraq artıb. Yığımlar 12 620 manat olub ki, bu da ötənilkindən 64,7% çoxdur.

İcbari həyat sığortası  - istehsalatda bədbəxt hadisələri əhatə edir. Bu sahədə yığım 9 milyon 838 min manat olub, artım 14,8%-dir.
İlk rübdə həyat sığortası üzrə ödənişlərin həcmi  76,7% artaraq  1 milyon 920 min manat olub. Ödənişlərin 1 milyon 415 min manatı könüllü (76,5% artım), 505,6 min manatı isə icbari həyat sığortası üzrə olub (76,7% artım).
Könüllü həyat sığortası sinifləri üzrə həyatın ölüm halından sığortası ödənişləri 165,5 min manat (artım 5 dəfə), həyatın yaşam sığortası ödənişləri 1 milyon 250 min manata yaxın (artım 62,5%) olub.
İcbari həyat sığortası ödənişlərindən istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından sığorta üzrə 505,6 min manat (artım 77,7%) olub.

“Atəşgah Həyat”ın bazar payı artıb
Birinci rübdə “Atəşgah Həyat” sığorta şirkəti 15 milyon 50 min manan sığorta haqqı toplayıb ki, bu da keçən ildəkindən 58% çoxdur. Sürətli artım nəticəsində şirkətin sığorta haqları üzrə bazar payı ötənilki 46%-dən 49,06%-ə qalxıb. İlk 3 ayda “Atəşgah Həyat”ın ödənişləri 76,4% artaraq 1 milyon 417 min manatdan yuxarı olub. Sığorta ödənişlərində şirkətin bazar payı daha yüksəkdir. Birinci rübdə həyat sığortası üzrə bütün ödənişlərin 73,81%-i  "Atəşgah Həyat"ın payına düşür. Şirkət ilk 3 ayda yığımının 9,42%-i həcmində ödəniş edib, keçən ilin ilk rübündə isə 8,45%-i həcmində etmişdi.

Ən sərfəli kredit üçün müraciət et

"Paşa Həyat"ın payı azalıb
Birinci rübdə “Paşa Həyat Sığorta” şirkətinin yığımları 9% artaraq 9 milyon 92 min manata çatıb. Nəticədə şirkətin payı ötənilki 40,4%-dən 29,64%-ə düşüb. Əvəzində şirkətin ödənişləri ötən ilin eyni dövrünə nisbətən 3 dəfə artaraq 432,8 min manat olub. Nəticədə, əgər ötən il ödənişlərin 13,63%-i "Paşa Həyat"ın payına düşürdüsə, bu il həmin göstərici 22,53%-ə çatıb. Şirkətin ilk rübdəki yığımın 4,76%-i ödənişlər şəkildə müştərilərə ödənilib, keçən il isə 1,77%-i ödənilmişdi.

“Qala Həyat”ın yığımları 2 dəfədən çox artıb
“Qala Həyat” sığorta şirkətinin ilk 3 aydakı yığımları 6 milyon 535 min manata yaxın olub. Bu keçən ilə nisbətən 2,3 dəfə çoxdur. Nəticədə şirkətin yığımdakı bazar payı ötənilki 13,6%0-dən 21,3%-ə qalxıb.
Birinci rübdə sığorta ödənişləri 70,23 min manat olub. Bu, ötən ilin ödənişlərindən 2 dəfə azdır. Şirkətin ödənişlər üzrə bazar payı 3,66% olub, 2013-cü ilin ilk rübündə isə 12,44% idi. Şirkət ilk rübdə yığdığının yalnız 1,07% həcmində ödəniş edib, keçən il isə bu göstərici 4,8% olmuşdu.

Mənbə: fins.az