Ötən il Azərbaycanda toplanmış sığorta haqlarının məbləğinə görə, 1-ci yeri “Paşa Sığorta” şirkəti tutub.
Azərbaycan Sığortaçılar Assosiasiyasından "Banco.az"a daxil olan məlumata görə, şirkət 64,8 milyon manat sığorta haqqı toplayıb. Sonrakı yerlərdə qərarlaşmış “Paşa Həyat Sığorta”nın yığımları 54,5 milyon manat, “Atəşgah Sığorta”nın yığımları isə 43,5 milyon manat olub. Sığorta yığımlarının məbləğinə görə, ilk 5-liyi “Azərsığorta” (41,4 milyon manat) və “Atəşgah Həyat Sığorta” (39,1 milyon manat) şirkətləri tamamlayırlar. Ümumilikdə bazarın 55%-i ilk beşlikdə təmsil olunan şirkətlərin payına (təxminən 243 milyon manat) düşür.
Ən az sığorta haqqı toplayanlar isə “Başak İnam” (1 milyon manat) “Amrah Sığorta” (886 min manat), “Azərqarant” (300 min manat), “Qala Sığorta” (80 min manat) və “Günay Sığorta” (62 min manat) şirkətləri olub. Bu şirkətlərin ümumi göstəricisi təxminən 2,3 milyon manat olub və ümumi sığorta yığımlarının 0,5%-ni təşkil edib.
Lisenziyası 2014-cü ilin dekabrında dayandırılmış, 2015-ci ilin iyununda isə ləğv edilmiş “Era-Trans” sığorta şirkəti təbii olaraq sığorta haqqı toplamayıb.
Ümumilikdə 27 sığorta şirkətindən 1-də sığorta haqlarının məbləği 60 milyon manatdan çox, 1-də 50 milyon manatdan çox, 2 şirkətdə 40 milyon manatdan çox, 2 şirkətdə 30 milyon manatdan çox, 1 şirkətdə 20 milyon manatdan çox, 9 şirkətdə 10 milyon manatdan çox, 6 şirkətdə 1 milyon manatdan 5 milyon manata qədər, 1 şirkətdə 500 min manatdan 1 milyon manata qədər, 4 şirkətdə isə 500 min manatdan da aşağıdır. Şirkətlərdən 8-də sığorta haqlarının artımı, 19-da isə azalması baş verib.