Səudiyyə Ərəbistanının nümayəndə heyəti “Ağ şəhər” layihəsi ilə maraqlanmışdır | Banco.az

Səudiyyə Ərəbistanının nümayəndə heyəti “Ağ şəhər” layihəsi ilə maraqlanmışdır

Azərbaycanda səfərdə olan Səudiyyə Ərəbistanı Krallığının Baş İnvestisiya Qurumunun sədri Əbdüllətif bin Əhməd Əl-Osman və Şahzadə Saud bin Xalid Əl-Feysəlin rəhbərlik etdiyi nümayəndə heyəti dekabrın 11-də “Bakı Ağ şəhər ofisi”nə gələrək, “Ağ şəhər” layihəsi ilə tanış olmuşdur.İqtisadiyyat və Sənaye Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, “Ağ şəhər” layihəsinin direktoru Ruslan Sadıxov nümayəndə heyətinə layihə barədə ətraflı məlumat verərək, onun dünyada ekoloji baxımdan regenerasiya olunan sənaye zonasında həyata keçirilən, ən iri müasir layihələrdən biri olduğunu qonaqların diqqətinə çatdırmışdır. Bildirilmişdir ki, Bakının ekoloji cəhətdən yararsız, neft və neft tullantıları ilə çirklənmiş ərazilərində müasir yaşayış mərkəzi yaradılacaq, həmçinin inzibati binalar, müxtəlif ticarət mərkəzləri tikiləcək, istirahət parkları və şəhəri dənizlə birləşdirən bulvar salınacaqdır. “Bakı Ağ şəhər”də sosial infrastruktur ən müasir tələblər səviyyəsində qurulacaqdır.Təqdim olunan digər investisiya layihələri nümayəndə heyəti tərəfindən böyük maraqla qarşılanmışdır.Görüşdə “Ağ Şəhər” layihəsinə investisiya qoyulması perspektivləri müzakirə edilmiş, qonaqlar bu layihəyə yerli və xarici investorların cəlb edilməsi üçün yaradılan əlverişli şəraiti yüksək qiymətləndirmişlər.

Ən sərfəli kredit üçün müraciət et