"Qlobal maliyyə böhranından sonra bütün dünyada stress-testlərin tətbiqi aktual məsələyə çevrilib. Stress-testlərin keçirilməsi zamanı əsas şərt bankların kapitallaşmasının artırılmasıdır. Başqa sözlə desək, banklar stressli vəziyyətlərin öhdəsindən gəlmək üçün dayanıqlı kapitala sahib olmalıdırlar. Azərbaycanın bank sektorunda stress-testlərin tətbiq olunması zamanı yalnızca bir neçə bankın bu sınaqdan uğurla çıxması güman edilir". Bu fikirləri "İqtisadi Təşəbbüsərə Yardım" İctimai Birliyinin eksperti Samir Əliyev məsələ ilə bağlı verdiyi açıqlamasında səsləndirib.
Onun sözlərinə görə, stress-testlərin tətbiqi zamanı yalnızca 4-5 bank və ya Azərbaycanda fəaliyyət göstərən bankların cəmi 10%-i uğurlu nəticələr nümayiş etdirə bilər. "Bu rəqəm olduqca aşağı göstəricidir. Buna səbəb ölkənin bank sektorunda yüksək konsentrasiya səviyyəsinin qeydə alınmasıdır. Azərbaycanın cəmi 5 bankı ölkə bazarının 60%-nə sahibdir. Digər 38 bank isə bazarın yerdə qalan hissəsini, yəni 40%-ni öz aralarında bölüşürlər. Bu isə bank sektorunda mövcud olan qeyri-tarazlıqdan xəbər verir. Hal-hazırda Azərbaycanda belə bir vəziyyət hökm sürür: Güclü banklar daha güclü olduğu halda, zəif banklar daha da zəifləməkdə davam edir. Bu vəziyyət Azərbaycan banklarının stress-testlərə qarşı aşağı səviyyədə dayanıqlılıq nümayiş etdirdiyindən xəbər verir", deyə S.Əliyev bildirib.
Xatırladaq ki, stress-testlər bankların stressli vəziyyətlərdəki fəaliyyətinə əsaslanır. Stress-testlər üçün xarakterik olan sualları diqqətinizə çatdırırıq: Fond bazarları cari il ərzində X% azalarsa, nə baş verər? ÜDM-un səviyyəsi cari il ərzində Z% azalarsa, nə baş verər? Faiz dərəcələri Y% həddində artarsa, nə baş verər? Neftin qiymətində 200% həddində artım müşahidə olunarsa, nə baş verər?
Sevinc İbadova/Banco.az