2013-cü ilin yekunlarına görə, Azərbaycan banklarının mənfəəti 350 milyon dollar təşkil edib. Bu barədə "İqtisadi Təşəbbüslərə Yardım" İctimai Birliyinin eksperti Samir Əliyev məlumat verib.
"The Banker" jurnalı tərəfindən hər il həyata keçirilən araşdırmanın nəticələri göstərir ki, ötən il yekunlarına görə bank sektorunun qlobal gəlirləri 1 trln. dollar həddinə çatmaqla, 2007-ci ilin böhrandan əvvəlki pik həddini üstələyib.
Samir Əliyev qeyd edir ki, bu məlumatlara nəzər yetirsək, ümumdünya orta göstəriciləri üzrə Azərbaycan banklarının mənfəət həcminin cəmi 0,03% təşkil etdiyini görə bilərik. "Bu göstərici olduqca aşağıdır. Hətta bu göstəricilər olmasa belə, Azərbaycan banklarının aşağı mənfəətlilik dərəcəsi nümayiş etdirdiyi faktı kifayət qədər aydın görünür. Bu yaxınlarda "The Banker" jurnalı Azərbaycanın bank sektorunda 24% həddində artımın müşahidə olunduğunu qeyd etmişdi. Bu göstərici üzrə Azərbaycanın bank sektoru siyahıda Venesuelladan sonra 3-cü yerdə qərarlaşmışdı. Bu, ölkənin bank sektorunun sürətli inkişafının göstəricisidir. Lakin mənfəətlilik dərəcəsinin aşağı olması, ilk növbədə, bankların yüksək məbləğli xərcləri ilə bağlıdır". Ekspert əminliklə qeyd edir ki, xərclərin səviyyəsinin yüksək olması belə bir vəziyyətin yaranmasının başlıca səbəbidir. "Azərbaycanda fəaliyyət göstərən banklardan birinin orta mənfəət göstəricisi 7 milyon dollar məbləğində idi. Bu, kifayət qədər aşağı göstəricidir".
Samir Əliyev həmçinin vurğulayır ki, kreditləşmənin və bank sektorunun aktivlərinin dinamik olaraq, artdığı bir şəraitdə aşağı mənfəətlilik dərəcəsi nümayiş etdirmək qeyri-qənaətbəxş bir vəziyyətdir. "Bu səbəbdən də banklar öz xərclərinin və idarəetmə sistemlərinin optimallaşdırılması məsələsi ətrafında ciddi şəkildə düşünməlidirlər. Çünki banklarımızın xərcləri nə qədər çox olarsa, kredit üzrə faiz dərəcələri də bir o qədər yüksək olacaq", deyə S.Əliyev bildirib.
Sevinc İbadova/Banco.az