Sahibkarların sığorta xidmətlərinə əlçatanlığı təmin olunacaq | Banco.az

Sahibkarların sığorta xidmətlərinə əlçatanlığı təmin olunacaq

Azərbaycan Sığortaçılar Assosiasiyası ilə Sahibkarlığın İnkişafı Fondunun rəhbər heyəti arasında görüş keçirilib.

ASA-dan verilən məlumata görə, görüşdə iki qurum sahibkarların sığorta xidmətlərinə əlçatanlığının təmin olunması yönündə mövcud vəziyyəti və real perspektivləri müzakirə edib.

Azərbaycan Sığortaçılar Assosiasiyasının İcraçı direktoru Elmar Mirsalayev həm Assosiasiyası, həm də sığorta xidmətlərinin sahibkarlara aid hissəsi haqqında məlumat verib. O bildirib ki, sahibkarlıq subyektlərinin sığorta xidmətlərinə əlçatanlığının təmin olunması, eyni zamanda sahibkarların sığorta ilə bağlı məlumatlığının artırılması Assosiasiya və yerli sığorta bazarı üçün başlıca prioritetdir.

Sahibkarlığın İnkişafı Fondunun İdarə Heyətinin sədri Kənan Nəcəfov da öz növbəsində Fondun fəaliyyəti haqqında danışaraq sığorta sisteminin biznes mühiti üçün ən uğurlu müdafiə mexanizmi olduğunu vurğulayıb. Fondun sədri sahibkarları daha çox maraqlandıran sığorta xidmətlərinə də toxunub. O bildirib ki, bu gün aqrar sahədə çalışan, ixrac əməliyyatları həyata keçirən sahibkarlar sərfəli sığorta məhsullarında maraqlıdırlar. Eyni zamanda sahibkarlar üçün biznes kreditlərinin sığortası da görüşün əsas müzakirə mövzusu olub.

Ən sərfəli kredit üçün müraciət et

Tərəflər görüşün sonunda sahibkarların sığorta xidmətlərinə əlçatanlığının stimullaşdırılması, onlar üçün yeni və daha münasib məhsulların müəyyən olunması və bu yöndə iki qurum arasında qarşılıqlı əməkdaşlığa dair Memorandumun hazırlanıb imzalanması istiqamətində razılıq əldə olunub.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram