"Sahibkarlara 73 milyon manat kredit verilib" | Banco.az

"Sahibkarlara 73 milyon manat kredit verilib"

"Sahibkarlığın inkişafına dövlət bundan sonra da öz dəstəyini verəcək. Bu il sahibkarlara güzəştli şərtlərlə 73 milyon manat kredit verilib".

"Report” xəbər verir ki, bunu Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2016-cı ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasda yekun çıxışında bildirib.

Dövlət başçısı qeyd edib ki, bu vəsaitin 77 faizi əvvəlcə verilmiş kreditlərin qaytarılması hesabına verilib: "Bu da çox müsbət haldır, dövlət büdcəsinə daha az yük düşür və kreditlərin 80 faizi aqrar sektora verilib. Bu da bizim siyasətimizi əks etdirir. Kreditlərin 74 faizi regionlara verilir. Regional inkişaf proqramının icrası sürətlə davam etdirilir.

Biz indi çox güclü qeyri-neft ixracı potensialı yaradırıq və eyni zamanda, institusional tədbirlər də görülür və görülməlidir ki, biz ixracı stimullaşdıraq, sahibkarlar xaricə daha çox məhsul satmaqda maraqlı olsunlar. Bu məqsədlə təşviq mexanizmi artıq tətbiq olunur. Mən əminəm ki, bunun çox müsbət təsiri olacaq və sahibkarlar da bundan istifadə edəcəklər. Yəni, bir sözlə, dövlət həm əkin sahələrinə, həm yanacağa, həm gübrəyə subsidiyalar, sahibkarlara aşağı faizlə güzəştli şərtlərlə 1 milyard manatdan çox kreditlər verir.

Ən sərfəli kredit üçün müraciət et

Dövlət sahibkarlara tövsiyələr verir, metodik sənədlər təqdim edir ki, onlar öz biznesini necə qursunlar. Dövlət kənd təsərrüfatı texnikasını alır, aqrolizinq yolu ilə fermerlərə verir, gübrə zavodunu tikir, - indi pestisid zavodunun tikintisi də nəzərdə tutulur, - suvarma işlərini təmin edir, yüz milyonlarla, milyardlarla manat dəyərində olan böyük Şəmkirçay, Taxtakörpü su anbarlarını yaradır, dağ çaylarının kanallar vasitəsilə bu anbarlara qoşulmasını təmin edir. Eyni zamanda, dövlət fermerlərdən xaricə göndərmək üçün yardım formasında məhsulu almağa da hazırdır".

Prezident vurğulayıb ki, dövlət hər şey edir: "Hansı başqa ölkədə fermerlərə bu qədər dəstək göstərilir?! Fermerlər vergilərdən ancaq torpaq vergisi verirlər, bütün başqa vergilərdən azaddırlar. Yəni, ikinci belə ölkə tapmaq mümkün deyil ki, dövlət bu qədər dəstək göstərir. Əlbəttə ki, biz nəticə gözləyirik. Nəticə də elə fermerlərin xeyridir. Qoy, onlar daha da yaxşı yaşasınlar, daha da çox pul qazansınlar, iş görsünlər, investisiya qoysunlar və ixrac potensialımızı artırsınlar. Əminəm ki, biz bu yolla Azərbaycanı müasir kənd təsərrüfatı məhsullarının ixracını təşkil edən bir ölkə kimi dünyada təqdim edəcəyik. Əlbəttə ki, biz yeni bazarlara çıxmalıyıq. Ənənəvi bazarlar var, çox yaxşıdır. Biz çalışmalıyıq ki, inkişaf etmiş ölkələrin bazarlarına çıxaq. Buna da nail olmaq üçün əlbəttə ki, keyfiyyət və standartlaşma ən yüksək səviyyədə olmalıdır".