Rusiyanın kruiz sənayesinin lideri və tur operatoru “Vodoxod” MMC-nin sifarişi ilə 2025-2026-cı illərdə istismara veriləcək 00840 nömrəli “Kareliya” layihəli yeni nəsil 3 kruiz gəmisinin gələcəkdə Mahaçqala, Aktau, Türkmənbaşı, Bakı, Ənzəli limanlarına yan alaraq kruiz səfərlərə cəlb edilməsi planlaşdırılır.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi məlumat verir ki, bu barədə Dövlət Dəniz və Liman Agentliyində “Vodoxod” MMC-nin nümayəndə heyəti ilə görüşdə deyilib.
Həmçinin Bakı Beynəlxalq Dəniz Ticarət Limanının nümayəndələrinin iştirak etdiyi görüş çərçivəsində gəmilərin Azərbaycana məxsus limanlara giriş-çıxış məsələlərinin sadələşdirilməsi də müzakirə olunub.
Görüş zamanı qarşılıqlı münasibətlərin inkişaf etdirilməsində iki ölkə arasında yüksək səviyyəli səfərlərin, keçirilən görüş və tədbirlərin rolu qeyd edilib. Bildirilib ki, ölkələr arasında əməkdaşlığın güclənməsi ticari-iqtisadi əlaqələrlə yanaşı, dəniz nəqliyyatı sahəsində də ortaq tərəfdaşlığın genişlənməsinə öz müsbət təsirini göstərir.
report