Rusiya iqtisadiyyatında müşahidə olunan tənəzzül prosesi daha da sürətlənib. Bu ilin aprel-iyun aylarının yekunlarına görə, Rusiyada ÜDM-in həcmi illik müqayisədə 4,6% azalıb. Qeyd edək ki, yanvar-mart aylarında iqtisadi yavaşlama 2,2% təşkil edib.
Banco.az "Report"a istinadən veridyi məlumata görə, iqtisadi inkişaf naziri Aleksey Ulyukayev iyulun sonunda RBK telekanalına verdiyi müsahibədə Rusiya iqtisadiyyatının II rübün yekununda 4,4% zəifləyəcəyini proqnozlaşdırıb. Nazir ötən rübün yekununun ən pis dövr olacağını, III rübdən etibarən iqtisadiyyatın bir qədər canlanacağını bildirib. A.Ulyukayev ÜDM-dəki azalmanın 2015-ci ilin yekunlarına görə 2,8%-i keçməyəcəyini, resessiyanın III və IV rüblər arasında bitəcəyini ehtimal edib.
Gələn ildən etibarən isə nazir Rusiya iqtisadiyyatının sabit artıma başlayacağını pronozlaşdırır. Onun fikrincə, ÜDM-də azalma IV rübdə 2% olacaq və bu, resessiyanın bitməsi kimi qiymətləndirilməlidir.