Rusiyadakı iqtisadi böhran sadəcə bu ölkənin vətəndaşlarına deyil, eləcə də çörək pulu qazanmaq üçün şimal qonşumuza üz tutan miqrantlara da təsirsiz ötüşmür. Rəsmi rəqəmlər Rusiyadan xaricə pul köçürmələrinin son beş ilin ən aşağı səviyəsinə düşdüyünü göstərir.
Rusiya Mərkəzi Bankı 2015-ci ilin birinci rübündə ölkədən xaricə ümumilikdə 2,1 milyard ABŞ dolları pul köçürməsinin qeydə alındığını açıqladı.
Halbuki keçən ilin eyni dönəmində bu rəqəm 3,9 milyard dollar təşkil edib. Bu ilin ilk rübündə Rusiyadan Müstəqil Dövlətlər Birliyi (MDB) ölkələrinə 1,8 milyard, digər ölkələrə isə 348 milyon dollar köçürülüb ki, bu da 2010-cu ildən bəri pul köçürmələrində ən aşağı rəqəm sayılır.
Mərkəzi Bankın açıqlamasında xüsusi ilə MDB ölkələrinə pul köçürmələrindəki azalmanın rekord səviyyədə, 50 faizə yaxın olduğu bildirilir.
Moskva bazarlarında ticarətlə məşğul olan həmvətənlərimiz də indi ailələrinə daha az pul göndərdiklərini etiraf edir. Səbəblərsə müxtəlifdir.
Ekspertlər Rusiyadan xaricə pul köçürmələrinin azalmasının başqa bir səbəbi kimi isə son zamanlar yerli banklara olan etimadın yenidən yüksəlməsi və buna paralel olaraq da banklara depozit qoyuluşlarının artmasını göstərir.
Bu ilin ilk rübündə neft gəlirləri 41 faiz, təbii qaz satışından gəliri isə 35 faiz azalan Rusiyada iqtisadi böhran davam edir. Ölkə iqtisadiyatının bu il 4 faiz geriləyəcəyi ehtimal olunur.