Müəllif: Aida İsaq, Banco.az
“Bazar siz onu özünüz yaratmadıqca mövcud deyildir”.
Ditrix 20 may 1944-cü ildə Avstriyanın Ştriya bölgəsində məktəb müəlliməsi ilə hərbçi ailəsində dünyaya göz açıb. O, heç vaxt yaxşı şagird olmayıb, Vyana Ticarət Universitetindəki təhsilini 10 ilə tamamlayıb. Bununla belə, 28 yaşlı Mateşiç oranı bitirdikdən sonra nəyin bahasına olursa, olsun, marketinq üzrə yaxşı mütəxəssis olmağa qərar verir. Tezliklə Ditrix diş məcunu, krem və şampunlar istehsal edən alman şirkəti “Blendax”ın beynəlxalq marketinq üzrə direktor vəzifəsində çalışır. Uzun illər səyahət edib diş məcunu satışı ilə məşğul olan Mateşiç artıq öz biznesini qurmaq haqqında düşünməyə başlayır və çox yaxın bir vaxtda həyat ona belə bir şans verir.
Əvvəlcə Ditrix Yaponiyanın ən zəngin adamının banker və ya rieltor yerinə Avropada elə də məşhur olmayan Lipovitan D enerji içkisini istehsal edən “Taisho Pharmaceuticals” şirkətinin sahibi olduğunu bilərək böyük təəccüb yaşayır. Daha sonra Banqkok küçələri ilə fırlanan rikşaların “Kratingdaeng” etiketli qəhvəyi şüşələrdə daima qəribə maye ilə doldurulması onun diqqətini çəkir. Avstriyalı Mateşiç bunu sınamaq qərarına gəlir və bəyənir. Son olaraq isə “Kratingdaeng”i buraxan “TC Pharmaceuticals”ın onun yaxın dostu Çaleo İovidyaya məxsus şirkət olduğu xəbəri onun uğura çatması üçün son xoşbəxtlik halqası olur.
Beləliklə, Mateşiç Taylandda Çaleo ilə görüşərək ona bütün dünyada enerji içkisini sevdirəcək böyük bir şirkət qurmağı təklif edir. Danışığa əsasən, tərəfdaşların hər biri başlanğıc olaraq təxminən yarım milyon dollar sərmayə qoyurlar. Bu görüşdən çox qısa müddət sonra 40 yaşlı Ditrix Mateşiç işindən öz istəyi ilə ayrılır və Avstriyada yüksək enerjili içki satmaq üçün lisenziya ilə bağlı müraciət edir.
Mateşiçin avstriyalı dostlarının ilk reaksiyalarını bu sözlərlə ifadə etmək olar: “Heç kim bu ideyanın uğuruna inanmırdı”. Hər kəs onun bütün tədarüklərini sonda sıfıra dönəcək bir şeyə xərcləməklə böyük səhv etdiyini düşünür. Avstriya rəsmiləri isə içkinin lazımi elmi sınaqlardan keçməyincə satışına icazə vermir. Satış üçün lisenziya almaq üçün Mateşiç düz 3 il rəsmilərin qapılarını döyməli olur. Müsbət cavabı gözləyərkən o boş dayanmır. Məktəb yoldaşı Yohannes Kastnerdən içkinin qabı üçün üçün dizayn hazırlamağı xahiş edir. Daha sonra isə həm Ditrix, həm də məhsul üçün çox vacib olan “Red Bull qanadlandırır” şüarı yaradılır.
Bundan sonra bu yeniliyi buraxmağa razılıq verəcək sadəcə bir şirkət tapmaq qalır. Hər yerdə ona Red Bull-un şansı olmadığı deyilir. Nəhayət ki, sonda Mateşiç Avstriyanın aparıcı alkoqolsuz içki istehsalçısı olan Roman Rauçla əlaqə saxlamağa müvəffəq olur. Tezliklə, məhz bu müəssisənin konveyerlərindən gümüşü qutular gəlməyə başlayır.
İlk iki ildə Red Bull satışları bir milyon dollar zərər gətirir. Lakin 3 il sonra artıq ondan gəlir əldə edilir (1993-cü ildə). O, Avstriyanı tamamilə fəth edir və qonşu Macarıstan və Almaniyaya yayılır. Onların ardınca Amerikada da sevilməyə başlayır. Hal-hazırda içki dünyanın 150 ölkəsində satılır və daim sərhədlərini genişləndirir.
“Biz məhsulu istehlakçılara deyil, istehlakçıları məhsula çatdırırıq”.
Ditrix içkini təbliğ edərkən viral marketinqdən (ağızdan-ağıza ötürülən sözlər) istifadə edirdi. İlk olaraq hədəf auditoriyanı aydın şəkildə müəyyən etdikdən sonra orijinal texnikanın köməyi ilə fantasitk məhsul haqqında “şayiələr” insanların beyninə hiss edilmədən yeridilirdi.
Mateşiç Red Bull-un hədəf kütləsini tələbə olaraq düşünürək çox düzgün addım atmışdı. Bununla da ilk olaraq məhz universitetlərdən başlanıldı. Əvvəlcə şirkətin əməkdaşları Red Bull-u qutularla tələbələrə payladılar. Təbii ki, içkinin təbliği zamanı onun “enerjili” üstünlüklərinə diqqət çəkilirdi: “Bir silindr – və siz gecəni rəqs edəcəksiniz!” Tələbə şənliklərində Red Bull çox sevildi və əsl partlayış etdi. Belə ki, içkinin “vodka” ilə çox yaxşı getdiyi məlum oldu. Beləliklə, xalq tərəfindən çox sevilən və “Reddy” və ya “Raging Bull” ləqəbi ilə adlandırılan çox məşhur yeni Vodka Red Bull doğuldu.
“Xalqın içərisinə daxil olmaq” Red Bull-un çox mərhələli viral marketinq taktikasının sadəcə başlanğıcı idi. Mateşiçin planına görə Red Bull həyat tərzinə çevrilməli idi. Beləliklə, Red Bull-un ekstremal idman növlərinin hamısına paylanmasına başlanıldı.
Bu gün Red Bull-un sponsorluq etdiyi tədbirlərin sayı hesabı yoxdur. Onlardan ən məşhurlarını deyə bilərik. Məsələn, Avstriyanın hava akrobatı Feliks Baumqartnerin iki metrlik delta qanadında 11 kilometr tullanmasının ardından La-Manş boğazı boyunca uçuşu bütün dünyada yayımlanmışdı və bunu iki yüz milyondan çox tamaşaçı heyranlıqla izləmişdi. Bu vaxt Red Bull loqosu 10 dəqiqə ərzində görünürdü
Red Bull-un sponsorluğuna iki “Formula 1”, Filippinin ən yaxşı basketbol komandası, iki peşəkar futbol və bir xokey klubu və komandası daxildir. Şirkət dünyanın beş yüz ən məşhur ekstremal idmançılarına himayədarlıq edir. Bütün bunlarla yanaşı, riskli hərəkətlər yerinə yetirərkən xəsarət alan idmançılar olan kaskadyorlara əvəzsiz maliyyə dəstəyi göstərən Mateşiç tərəfindən yaradılmış Beynəlxalq kaskadyorlar fondunu da unutmaq olmaz. Beləliklə, nəticə olaraq biz Red Bull-un planetimizdə möhtəşəm mədəni fəaliyyətlərinin şəklini görə bilirik.
Ditrix Mateschitz fəlsəfəsi
Əgər hər hansı bir ölkə içkini qəbul etmirsə, Ditrix oranı sonraya saxlayırdı. O, potensial uğura diqqətini cəmləyirdi. Hər hansı maliyyə çətinliyinə, mənfi rəylərə, başqalarının şübhələrinə və qıraqdan gələn xoşagəlməz şərhlərə baxmayaraq daim müsbət düşünürdü.
O, məhsuluna hər tərəfli diqqət yetirməyi sevirdi. Eyni zamanda ətrafdakı dedi-qoduların içkinin nüfuzunu korlamamasına və onun faydalı tərəflərinin şübhə altına alınmamasına xüsusi fikir verirdi. İstənilən şəraitdə Mateşiç həmişə uğuruna əmin olub və gələləcəkdə Red Bull-un müasir insanlığın atributuna çevriləcəyinə daim inanıb.
Ditrix Mateşiçin fikrincə biznesin əsas məqsədi maksimum gəlir yox, ideyanın 100% həyata keçirilə bilməsi olmalıdır. Yaradıcılıqla, fədəkarlıqla, böyük sevgi və ən əsası, ideyaya sonsuz inamla işləmək lazımdır.
Forbes-in dünya milyarderlərinin reytinqində Ditrix Mateşiçin sərvəti 5.3 milyard dollar dəyərində qiymətləndirilib. Bundan əlavə, o, Ficidə istirahət evinə və tarixi təyyarə kolleksiyasına sahibdir.
Maraqlı fakt
Bir qədər qəribə səslənsə də, Red Bull içkisinin ən aktiv istehlakçıları onun rəngi ilə bağlı suala cavab verməkdə çətinlik çəkirlər. Bu təəccüblü deyil. Belə ki, çox insan onu şəffaf olmayan qablaşdırmalarından içirlər. Çox az adam onu içərisi görülə bilən bir stəkana süzərək qəbul edir. Belə sual qarşısında insanlar çox düşünmədən qırmızı olduğunu deyirlər. Əslində isə içkinin rəngi açıq pivədən fərqlənmir.
Bizi sosial şəbəkələrdən izləyin!!