Dünyanın maliyyə bazarlarının diqqəti okeanın o tayına, ABŞ-a yönəlib.
KİV-i bildirir ki, bu gün Federal Ehtiyat Sisteminin (FED) Açıq Bazar Əməliyyatları Komitəsinin növbəti iclası başa çatır.
Qurum Bakı vaxtı ilə saat 22:00-da uçot dərəcəsini artırıb-artırmadığı barədə qərarını açıqlamalıdır. Hazırda 1,75-2% olan bu göstəricinin 0,25 faiz bəndi artırılaraq 2-2,25%-a çatdırılacağı proqnozlaşdırılır.
FED-in bugünki iclasında ilk dəfə ABŞ-ın 2021-ci ilə qədərki hədəfləri və gözləntiləri müzakirə olunacaq. İclas iştirakçıları durğunluq risqinə və inkişaf etməkdə olan ölkələrin milli valyutalarının vəziyyətinə, o cümlədən bu ilin avqust ayında valyuta bazarında baş vermiş dalğalanmalara qiymət verəcək, onlarl yekun qərarda nəzərə alacaqlar.
Əgər FED uçot dərəcəsini artırarsa, bu, 2018-ci il ərzində sayca 3-cü faiz artımı olacaq və qlobal maliyyə bazarında ABŞ dollarının digər aparıcı xarici valyutalar qaşrısında bahalaşması ilə nəticələnəcək. Hazırda 1,17-1,18 olan USD/EUR nisbətinin 1,16-ya, 1,31-1,32 olan USD/GBP nisbətinin 1,3-ə düşə, dollar indeksinin 94-dən 97-98-ə qalxa bilər. Faiz artımı valyuta bazarı ilə yanaşı əmtəə bazarına da təsir edə bilər. Birjalarda qızılın və neftin ucuzlaşacağı istisna deyil.
report.az