Banco.az xəbər verir ki, 03 noyabr 2015-ci il tarixində Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsində (QKDK) lisenziyalaşdırma prosesinin optimallaşdırılması və sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması ilə bağlı Azərbaycan Respublikası Prezidentinin tapşırıqlarının icrasına həsr olunmuş Kollegiya iclası keçirilib.
İclası giriş sözü ilə açan komitə sədri Rüfət Aslanlı ölkədə sahibkarlığın inkişafının stimullaşdırılması məqsədilə Azərbaycan Respublikası Prezidenti tərəfindən edilmiş müvafiq təşəbbüsləri inqilabi qərarlar adlandırdı və Hökumətin xüsusilə, qeyri-neft sektorunda sahibkarlığın inkişafı ilə bağlı ardıcıl fəaliyyətinin davamı kimi səciyyələndirdi. Komitə sədri mövcud makroiqtisadi situasiya fonunda atılmış bu addımların iqtisadi artımın təmin edilməsinə əhəmiyyətli töhfə verə biləcəyini qeyd etdi. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Azərbaycan Respublikasının Qanununun tətbiqi ilə əlaqədar QKDK qarşısında duran vəzifələrdən söz açan R.Aslanlı Komitənin artıq iki ildir ki, qiymətli kağızlar bazarının peşəkar iştirakçılarında yerində yoxlamaların könüllü olaraq dayandırdığını vurğuladı. Komitə sədri son illərdə kapital bazar institutlarının qanunauyğun fəaliyyətinin nəzarətdə saxlanması üçün effektiv hesabatlıq sistemi vasitəsilə bazarın davamlı inkişafının təmin edildiyini diqqətə çatdırdı.
R.Aslanlı bu dövrün həm də yeni bazar seqmentlərinin aktiv ticarətinin vüsət aldığı və bazarda yeni xidmətlərin təklif edildiyi bir müddətə təsadüf etdiyini bildirdi. Lisenziyalaşdırma prosesinin sadələşdirilməsi və avtomatlaşdırılması məsələsinə toxunan sədr proseslərin qısa müddət ərzində və ən əsası, qiymətli kağızlar bazarı institutlarının fəaliyyətinə təsir etmədən tamamlanması üçün İqtisadiyyat və Sənaye Nazirliyi və ASAN xidmət ilə birgə işlərin aparılmasına dair müvafiq göstərişlərini verdi.
İclasın davamında “Sahibkarlıq fəaliyyətinin xüsusi razılıq (lisenziya) tələb olunan növlərinin sayının azaldılması, xüsusi razılıq (lisenziya) verilməsi prosedurlarının sadələşdirilməsi və şəffaflığının təmin edilməsi haqqında” və “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında Azərbaycan Respublikasının Qanunun” təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin müvafiq fərmanlarının icrası ilə bağlı görülməli işlər və digər prioritet məsələlərə dair müzakirələr aparıldı və sözügedən istiqamətlər üzrə QKDK sədri tərəfindən konkret tapşırıqlar verildi.