02 iyun 2015-ci il tarixində Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsində (QKDK) London şəhərinin Lord meri Alderman Alan Yarrounun başçılıq etdiyi nümayəndə heyəti ilə görüş keçirilmişdir.
Görüşü giriş sözü ilə açan QKDK-nın sədri Rüfət Aslanlı qonaqları salamlayaraq, Azərbaycan-Böyük Britaniya ikitərəfli əlaqələrinin yüksək səviyyədə olduğunu vurğuladı. Sədr Böyük Britaniya ilə Azərbaycan arasında bir sıra sahələrdə, o cümlədən enerji, qeyri-neft sektoru sahələrində uğurlu əməkdaşlıq əlaqələrinin mövcudluğundan və bu əlaqələrin böyük perspektivlər vəd etdiyindən söhbət açdı. R.Aslanlı Prezident İlham Əliyev tərəfindən aparılan iqtisadi strategiyanın uğurla həyata keçirilməsi nəticəsində ölkəmizdə xarici investorlar üçün əlverişli şəraitin yaradıldığını, həmçinin bu siyasətin nəticəsi olaraq qiymətli kağızlar bazarının infrastrukturunun müasirləşdirilərək beynəlxalq bazarlara inteqrasiyasının təmin edildiyini qeyd etdi. Komitə sədri iki ölkə arasında maliyyə bazarları sahəsində işgüzar təmasların, həmçinin ticarət və sərmayə əlaqələrinin genişləndirilməsinin qarşılıqlı əməkdaşlığa töhfə verdiyini görüş iştirakçılarının diqqətinə çatdırdı.
Qəbula görə minnətdarlıq edən London şəhərinin Lord meri Alderman Alan Yarrou dayanıqlı iqtisadiyyata malik Azərbaycanın mövqeyinin beynəlxalq arenada getdikcə gücləndiyini və bu baxımdan Böyük Britaniya şirkətlərinin Azərbaycana sərmayə yatırmaqda maraqlı olduqlarını bildirdi.
Londonun Lord meri Azərbaycanın kapital bazarında aparılan islahatların bu sahənin gələcəkdə yüksək perspektivli inkişafına zəmin yaradacağına əminliyini ifadə edərək, iki ölkənin fond bazarlarının inteqrasiyasının vacibliyini vurğuladı.
Daha sonra maliyyə bazarlarındakı vəziyyət, investisiya resursları bazarı, korporativ sahədə dialoqun inkişaf etdirilməsi, eləcə də qarşılıqlı əməkdaşlığın perspektivləri ilə bağlı fikir mübadiləsi aparıldı.