Müəllif:Gülbəniz Hüseynli/Banco.az
Azərbaycanın işğaldan azad edilmiş ərazilərində hidroenergetika potensialının dəyərləndirilməsi ölkənin enerji müstəqilliyini möhkəmləndirmək üçün strateji əhəmiyyət daşıyır. Xüsusən də xırda su elektrik stansiyalarının (SES) tikintisi yerli əhalinin dayanıqlı və fasiləsiz enerji ilə təmin olunmasına imkan yaradır.
Banco.az xəbər verir ki, bu məqsədlə Qarabağ və Şərqi Zəngəzurda su resurslarından geniş istifadə üçün layihələr artıq həyata keçirilməyə başlanıb. Bu ərazilərdə çaylar, o cümlədən Tərtər, Bazarçay, Həkəri və Oxçuçay üzərində kiçik su elektrik stansiyalarının tikilməsi planlaşdırılır. 2022-ci ildə Tərtər çayı üzərində inşa edilən Suqovuşan SES və Tərtər SES bunun nümunəsidir. Bu layihələr hökumət tərəfindən maliyyələşdirilir və regionun bərpa olunan enerji potensialının üzə çıxarılmasını hədəfləyir.
Mövzu barədə açıqlama verən iqtisadçı Akif Nəsirli bildirib ki, bu bölgələrdə su mənbələrinin mexaniki enerjiyə çevrilməsi üçün hələ tam potensialdan istifadə olunmayıb:
“Regionda daha çox kiçik və orta SES-lərin qurulması, eləcə də mobil elektrik stansiyalarının tətbiqi əhalinin elektrik enerjisi ilə daha səmərəli təmin edilməsinə kömək edəcək.
Azərbaycanın 2030-cu il üçün enerji strategiyasında da bərpa olunan enerjinin payının artırılması nəzərdə tutulur. Bu istiqamətdə işğaldan azad edilmiş ərazilər mühüm rol oynayacaq, çünki burada təkcə su enerjisi deyil, həm də günəş və külək enerjisinin istifadəsi üçün əlverişli şərait mövcuddur”.