Planlaşdırma - pullara qənaət etməyin və pul toplamağın ən sadə üsuludur. Bu sözlər Davamlı İnkişaf Araşdırma Mərkəzinin sədri Nəriman Ağayevə məxsusdur.
"Bu məsələdə ingilislərin tətbiq etdiyi üsullar məni daha çox qane edir. Onlar hər zaman xərclədikləri pulun məbləği və bu xərcin məqsədi barədə dəqiq fikir sahibi olurlar. Bu səbəbdən də alış-verişə getməzdən öncə alacağınız məhsul və ya əşyaların siyahısını tərtib etməlisiniz. Aclıq hiss etdiyiniz zaman alış-verişə getməməyə çalışın. Nəzərə alın ki, insan psixologiyasının bu tip faktorlarından istifadə etməklə marktoloqlar məhsulların satışını həyata keçirirlər".
"Nağdsız ödənişlərə keçid alıcının məhsula olan marağını azaltmayacaq. Əgər alıcı piştaxtada nümayiş olunan mallardan birini bəyənibsə, o zaman cibində nağd pul və ya kredit kartı olmasının heç bir əhəmiyyəti yoxdur. O, mütləq həmin məhsulu alacaq. Sırf nağd pulun olmaması bu istəyin qarşısını ala bilməz.
Bu qərar şəxsin psixologiyasından da asılıdır. Belə ki, bəzi alıcılar piştaxtadakı məhsullara diqqət yetirmədikləri halda, digərləri həmin məhsulların cazibəsi qarşısında laqeyd davrana bilmirlər. Bu münasibətin özü də bir sıra amillərin təsiri ilə formalaşır. Belə ki, insanın cinsindən, yaşından və şəxsiyyətinə məxsus digər keyfiyyətlərdən asılı olaraq alış-veriş zamanı nümayiş etdirdikləri davranış formaları da bir-birindən fərqlənir. Düzünü desəm, şəxsən mən nağdsız ödənişin əleyhinəyəm. Çünki insanın azadlığını məhdudlaşdırır. İstənilən insan istədiyi vaxt mənim nə aldığımı, nə yediyimi, hara getdiyimi öyrənə bilər. Düşünmürəm ki, yaxın gələcəkdə ölkəmizdə nağdsız ödənişə kütləvi şəkildə keçid təmin olunsun. Hələ ki, bu prosesin icrası real görünmür", deyə Nəriman Ağayev bildirib.
Sevinc İbadova/Banco.az