Sabah, noyabrın 26-sı ABŞ-da Şükranlıq günü bayramı münasibətilə qeyri-iş günü olduğundan, bu tarixə açıqlanacaq makroiqtisadi göstəricilər bu gün, noyabrın 25-də məlum olacaq.
Banco.az "Report"a istinadən xəbər verir ki, açıqlanacaq göstəricilər dollar və neftin bazar qiymətinə ciddi təsir edə bilər. Belə ki, bu gün önəmli olan işsizlik göstəriciləri, uzunmüddətli istifadə olunan mal sifarişlərinin baza indeksi və həcmindəki dəyişikliklər, fiziki şəxslərin xərcləri, xidmət sektorunda işgüzar fəaliyyət indeksi, yeni tikilən evlərin satışı, xam neft ehtiyatları, "Baker Hughes"in açıqladığı neft quyularının sayı və s. (cəmi 44 göstərici) açıqlanacaq.
Bunların arasında ən önəmlisi isə işsizlik göstəricisidir. İşsizlik müavinəti üçün müraciət edənlərin sayının 270 min nəfərdən az olması dolların məzənnəsini möhkəmləndirə bilər. Çünki bu halda Federal Ehtiyat Sisteminin (FES) dekabr iclasında uçot dərəcəsini artırması ilə bağlı gözlənilən qərarın demək olar ki, qətiləşməsi anlamına gəlir. Göstəricilər proqnozlardan yaxşı gələrsə, dolların avroya nəzərən məzənnəsi möhkəmlənərək 1,05 USD/EUR-dan aşağı enə bilər. Qeyd edək ki, noyabrın 24-də bu məzənnə 0,6% azalaraq 1,058 USD/EUR-a enib.
"Baker Hughes"in neft quyularının sayı barədə həftəlik məlumatları ABŞ-da neft hasilatının proqnozlaşdırılması baxımından önəmlidir. Quyuların sayının azalması gələcəkdə neft hasilatının azalacağını göstərir. Amma buna baxmayaraq, neftə tələbatın azalması neft ehtiyatlarını artıra bilər. Belə ki, dünən Amerika Neft İnstitutu (API) elan edib ki, neft ehtiyatları həftəlik olaraq 2,6 mln. barel artıb. Proqnozlar isə ehtiyatların 0,2 mln. barel azalacağını nəzərdə tuturdu. Nəticədə Suriyadakı münaqişənin təsiri ilə 46,5 dollar/barelə qədər yüksələn "Brent" markalı neftin qiyməti 45,7 dollar/barelə enib. Neftin qiymətinin 44 dollar/barelə qədər ucuzlaşması proqnozlaşdırılır.