Potensial xəstəlikdən sığorta - RUSİYADA YENİ SİSTEM | Banco.az

Potensial xəstəlikdən sığorta - RUSİYADA YENİ SİSTEM

Rusiyada yeni tibbi sığorta növü yarana bilər. Bu barədə səhiyyə nazirinin müavini Sergey Krayevoy bildirib. O qeyd edib ki, Səhiyyə Nazirliyi yarana biləcək xəstəlik risklərindən sığorta imkanlarına baxacaq. Müvafiq təklif sığorta şirkətlərindən daxil olub.

Qeyd olunub ki, əgər yeni təklif qəbul olunarsa, o, tibbi yardımın maliyyələşdirilməsinin yeni mənbəyinə çevriləcək. Buna isə hələ ki, büdcə vəsaiti kifayət etmir.

Təkliflərə görə, əgər sığortalıda hər hansı xəstəlik aşkarlanarsa, o, 20 500 dollardan 41 000 dollara qədər sığorta ödənişi alacaq. Sığorta haqqının təqribən 153 dollar olacağı ehtimal olunur. Yeni növ sığorta ilk növbədə onkoloji xəstəlik risklərini əhatə edəcək.

Ən sərfəli kredit üçün müraciət et

Nazir müavininin fikrincə, onkoloji xəstələr üçün tibbi yardım və bahalı dərmanlarla bağlı növbə problemi həll olunacaq: “Bu, dövlətlə ictimai sektorun ortaq layihəsi olduğu üçün maliyyə riskləri dövlətlə əhali arasında bölünəcək. Bu sistem pasientlərə birbaşa maliyyə risklərinin qarşısını almağa imkan verəcək. Sığortalı üçün növbə gözləməyə ehtiyac qalmayacaq. O, sığortasını bir neçə gün ərzində ala biləcək”.

Sergey Krayevoy qeyd edib ki, məhsul kütləvi tətbiq olunduqdan sonra bundan səhiyyə sistemi də yararlanacaq: “Onkoloji xəstəliklərin maliyyələşdirilməsi tənzimlənəcək, müalicə xərcləri azalacaq, xaricdə deyil, Rusiyada müalicə almaq istəyənlərin sayı artacaq. Yəni, xeyli vəsait Rusiya səhiyyə sisteminin daxilində qalacaq”.

Mənbə: fins.az