Ölkədə icbari avtosığorta bazarı bir qədər azalıb | Banco.az

Ölkədə icbari avtosığorta bazarı bir qədər azalıb

Cari ilin noyabr ayı ərzində Azərbaycan İcbari Sığorta Bürosunun (İSB) informasiya sistemində avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə 73 885 müqavilə qeydiyyata alınıb.

"Banco.az"ın Büroya istinadən verdiyi xəbərə görə, bunun 11 613-ü xarici ölkədə qeydiyyata alınmış və Azərbaycana tranzit məqsədilə daxil olan avtonəqliyyat vasitələri təşkil edib. Qeyd olunan dövrdə bağlanmış icbari sığorta müqavilələri üzrə daxil olan sığorta haqlarının məbləği isə 6,1 mln. manat təşkil edib.

Ötən ilin noyabr ayı ilə müqayisədə sığorta müqavilələrinin sayında 5,5%, sığorta haqlarının məbləğində isə 0,1% azalma müşahidə edilib.

Büronun məlumatına əsasən, noyabrda daşınmaz əmlakın icbari sığortası üzrə 14 364 sığorta müqaviləsi bağlanıb. Daşınmaz əmlakın icbari sığortası üzrə daxil olan sığorta haqlarının məbləği isə 1 mln. manat təşkil edib. Daşınmaz əmlakın icbari sığortası müqavilələrinin 87%-i yaşayış evləri və mənzillər, 0,2%-i inzibati binalar, 12,8%-i isə digər daşınmaz əmlakla bağlı olub. Ötən ilin müvafiq dövrü ilə müqayisədə daşınmaz əmlakın icbari sığortası müqavilələrinin sayında 19,2%, sığorta haqlarının məbləğində isə 0,5% artım müşahidə edilib.

Ən sərfəli kredit üçün müraciət et

Hesabat ayında daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası üzrə 242, sərnişinlərin icbari fərdi qəza sığortası üzrə 34 sığorta müqaviləsi bağlanılıb. Daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası üzrə daxil olan sığorta haqları 19 230 manat, sərnişinlərin icbari fərdi qəza sığortası üzrə daxil olan sığorta haqları isə 10 918 manat təşkil edib.