"Maliyyə böhranı təhlükəsinin yenidən meydana gəlməsi baş verən hadisələrlə, xüsusən də geosiyasətlə əlaqəlidir. Hal-hazırda dünyada mürəkkəblik dərəcəsinə görə bir-birindən fərqlənən 70 konflikt ocağı mövcuddur. Bütün bu konfliktlərin aradan qaldırılması istiqamətində hansı addımların atılacağı isə hələ də müəmmalı olaraq qalır. Hal-hazırki vaxtda bir çox dünya ölkələrində ciddi təzyiqin müşahidə olunması maliyyə böhranının meydana gəlməsi ilə nəticələnə bilər. Makroiqtisadi və siyasi sabitlik olmadan iqtisadiyyatın inkişafını təmin etmək qeyri-mümkündür. İqtisadiyyatda artım qeydə alınmazsa, bu vəziyyət insanların yoxsullaşmasına, maddi və maliyyə dəyərlərinin məhvinə səbəb ola bilər". Bu fikirləri iqtisadçı Oqtay Haqverdiyev məsələ ilə bağlı açıqlamasında səsləndirib.
"Bütün bu fikirlər qeyd olunduqdan sonra böhranın baş verməsinin mümkünlüyü istisna edilmir. Yəni, dünya hal-hazırda böhran təhlükəsi ilə qarşı-qarşıyadır. Sonuncu böhrana gəldikdə isə bu böhran maliyyə böhranı kimi qiymətləndirilmiş və iqtisadiyyatın tənəzzülünə səbəb olması ilə yadda qalmışdı. Bu hadisədən sonra kreditləşmənin məhdudlaşdırılması səbəbindən iqtisadiyyatda yenidən durğunluq müşahidə olundu. Bu zaman xüsusilə Avropa iqtisadiyyatında geriləmənin müşahidə olunması diqqət çəkdi. İndi isə vəziyyət bir qədər fərqlidir. Hal-hazırda dünyada diplomatik münaqişələrlə yanaşı, hərbi münaqişələr də davam etdirilir. Nəticə etibarilə, hər gün minlərlə insan öldürülür. Bütün bunlar sonda ciddi və dərin böhran vəziyyətinin meydana çıxması ilə nəticələnə bilər", deyə ekspert bildirib.
Ümumdünya Rəqabətədavamlılıq Mərkəzindən verilən məlumata görə, hal-hazırda dünya iqtisadiyyatının qarşı-qarşıya olduğu böhran təhlükəsi 2008-ci ildə qeydə alınan böhran ilə müqayisədə, son dərəcə ciddi xarakter daşıyır. Mərkəzin sədri Arturo Bris isə yeni dünya böhranının baş verəcəyini bildirir. Maliyyəçinin fikrincə, 2015-ci ilin aprel ayında başlayacaq yeni böhran 2016-cı ilin mart ayına qədər davam edəcək.
Sevinc İbadova/Banco.az