“Niyə bizim şirkətdə işləmək istəyirsiniz” sualının cavabı - Tural İslamov | Banco.az

“Niyə bizim şirkətdə işləmək istəyirsiniz” sualının cavabı - Tural İslamov

Tural İslamov: “Burada namizədin üzərinə düşən iş, şirkəti ciddi araşdırmaqdır” 

İş müsahibəsi işə qəbul üçün keçirilən ən önəmli mərhələlərdən biridir. Belə ki, həmin müsahibə namizədin bu işə uyğun olub-olmadığını müəyyənləşdirir. Müsahibə zamanı əsas məqamlardan biri də namizədin "Nə üçün bizim şirkətdə çalışmaq istəyirsiniz” sualına dolğun cavab verməsidir. Əslində, bu sual demək olar ki, bütün iş müsahibələrində verilir. Və bəzilərinə çox şablon gəlsə də, həmin an namizədin verdiyi cavab onu digər rəqiblərindən bir addım önə çəkə bilər. Bəzi gənclər bu suala necə dolğun cavab verəcəklərini bilmirlər. Məsələnin onlar üçün əhəmiyyətini nəzərə alaraq "Azərconnect LLC”–nin insan resursları üzrə böyük mütəxəssisi Tural İslamovla həmsöhbət olduq.
 
Tural bəy deyir ki, bu sualın müxtəlif statuslu namizədlərə ünvanlanması fərqli mahiyyət kəsb edə bilər: "Bir çox hallarda insan resursları üzrə mütəxəssisin bu sualı verməkdə məqsədi iş üçün gələn namizədin müraciət etdiyi şirkət haqda nə dərəcədə məlumatlı olub-olmamasını müəyyənləşdirməkdir. Bu sual ciddi təcrübəyə, spesifik qabiliyyət və səriştəyə malik olan namizədlərə ünvanlandıqda, alınan cavab həmin şirkətin statusu, bazardakı yeri, öz seqmentindəki çəkisi haqqında xəbər vermiş olur. Çünki bu cür namizədlər bu sahədə kifayət qədər təcrübəyə malikdirlər və bilik-bacarıqları onlara əsas yaradır ki, şirkətlər arasından seçim etsinlər. Belə ki, ciddi təcrübəyə sahib olan bir mütəxəssisin ona edilən digər iş təklifləri arasından sizin şirkəti seçməyi, şirkətinizin ciddi statusa və müsbət reputasiyaya sahib olmasına işarədir. Lakin İR mütəxəssis bu sualı az təcrübəyə sahib, yeni karyera

Ən sərfəli kredit üçün müraciət et

qurmağa çalışan birinə ünvanlayırsa, bu zaman onun məqsədi namizədin müraciət etdiyi şirkəti nə dərəcədə araşdırdığını, şirkət haqqında nə qədər məlumatlı olduğunu bilməkdir. Təsəvvür edin, həmin gənc namizəd verilən suala dolğun, gözlənilən şəkildə cavab vermir. Bu zaman işə götürən şəxsdə müsbət fikirlər formalaşmır. Təəssüflə bildirmək istəyirəm ki, bəzi hallarda İR mütəxəssisləri ön mühakimənin (BİAS) təsiri altına düşərək düzgün qərar vermirlər. Düşünürəm ki, müsahibənin əsas önəmli şərtlərindən biri vakansiyanın tələblərinə namizədin göstəricilərinin nə dərəcədə adekvat olmasıdır”.
 
 
Müsahibimizdən bu kimi situasiyalarda İR mütəxəssisin hansı cavabı gözlədiyini və iş üçün müraciət edən şəxsin suala dolğun cavab vermək üçün necə hazırlaşmalı olduğunu soruşduq: "Əksər hallarda İR mütəxəssisi namizədlərdən müraciət etdiyi şirkətin öz seqmentində olan çəkisini, statusunu, inkişaf imkanlarını, dəyərlərini və strategiyalarını ciddi analiz və bazar araşdırması edərək, əldə etdiyi informasiyaya əsaslanaraq seçim etdiklərini eşitmək istəyir. Burada namizədin üzərinə düşən iş, şirkəti ciddi araşdırmaqdır. Həmin iş yerindəki karyera imkanlarını, təklif oluna biləcək imtiyazları və s. kimi məlumatları toplu şəkildə əldə edib dolğun bir cavab verməlidir. Bu bilgiləri isə o, ya şirkətin rəsmi internet səhifəsindən, ya da həmin şirkətdə çalışan şəxslərdən əldə edə bilər”.
 
Kaspi.az