Səudiyyə Ərəbistanından gələn xəbərlər neft qiymətlərini kəskin artırıb.
Banco.az "Report"a istinadən xəbər verir ki, S.Ərəbistanının Nazirlər Kabinetinin dünən, noyabrın 23-də OPEC üzvü olan və kartelə daxil olmayan ölkələrlə neft qiymətlərini sabitləşdirmək məqsədi ilə əməkdaşlığa hazır olması xəbəri neftin dünya bazarında qiymətinin 5% artmasına səbəb olub. Səhər saatlarında 43,6 dollar/bareldən satılan "Brent" markalı neft açıqlamalardan sonra 45,75 dollar/barelə qədər yüksəlib. Hazırda "Brent" nefti 45,3 dollar/barelə satılır.
Avstriyanın "JBC Energy GmbH." araşdırma institutu və Fransanın "Societe Generale SA" bankının analitiklərinin proqnozlarına əsasən, dekabrın 4-də Vyanada keçirilməsi nəzərdə tutulan OPEC-in növbəti iclasında hasilat kvotalarının dəyişməsi gözlənilmir. Əmtəə bazarı iştirakçıları OPEC-dən neftin qiymətini 40 dollar/bareldən yuxarı səviyyədə saxlamaq üçün konkret addımlar gözləmir.
"Citi Futures Perspective"in Nyu-York ofisinin enerji resursları üzrə analitiki Tim Evansa görə, neft kotirovkalarının yeni minimum səviyyəyə enməsi riski davam edir. Onun sözlərinə görə, izafi təklif 2016-cı il və 2017-ci ilin ilk yarısına qədər davam edə bilər.
"Societe Generale"in Nyu-York ofisinin neft bazarı araşdırması şöbəsinin rəhbəri Mayk Uitner isə qeyd edib ki, OPEC heç bir addım atmayaraq bazarda vəziyyəti daha da mürəkkəbləşdirəcək.
Anonim mənbələrə görə isə, İndoneziyanın yenidən OPEC sıralarına qatılması səbəbindən bu iclasda kartelin hasilat kvotasını 31 mln. barel/günə yüksəltməsi ehtimal edilir.
OPEC neft hasilatını artırdığı dönəmdə ABŞ-da hasilat azalmağa davam edir. Aprel ayında ortalama 9,6 mln. barel/gün olan neft hasilatı hazırda 9,2 mln. barel/günə enib. Lakin neftə tələbatın ABŞ-da azalması səbəbindən neft ehtiyatları bu ölkədə artmaqda davam edir.
"Report"un analitik qrupu hesab edir ki, Çin başda olmaqla dünya iqtisadiyyatının zəif templə artması yaxın 2-3 ildə neftə tələbatın aşağı səviyyədə qalmasına səbəb olacaq. Bu da neft hasil edən ölkələrin gəlirlərini artırmaq və bazar paylarını qorumaq məqsədilə hasilatı artırmasını şərtləndirir. Nəticədə, neftin qiymətinin azalması qaçılmaz olacaq. İlk mərhələdə neftin qiyməti 35 dollar/barel, 2016-cı ildə isə 28 dollar/barelə enə bilər. Dekabrın 4-dək isə neft qiymətlərinin 47 dollar/barelə qədər yüksəlməsi proqnozlaşdırılır.