Nağdsız ödənişlərin stimullaşdırılması və müştərilərin kredit kartlarından daha aktiv istifadəsini təmin etmək məqsədi ilə bu gün banklarımız daima müştəriyə əlçatan xidmətlərin sayını artırır və onların nağdsız ödəniş imkanlarını genişləndirməyə çalışır.
Məsələn, əksər bankomat menyularının vasitəsi ilə müştərilər mobil telefon hesablarını artıra, aylıq abunə haqlarını ödəyə, mənzil və kommunal ödənişləri gerçəkləşdirə, həmçinin kreditlər üzrə aylıq ödənişləri həyata keçirə bilər.
Bank pos terminallarının müştərilərə verdiyi imkanların siyahısı isə daha genişdir: bu zaman siz etdiyiniz alış-verişin haqqını ödəyə, sığorta ödənişlərini gerçəkləşdirə və ya istənilən bir hədiyyəni ala bilər, hər hansı bir restorandakı menyunun məbləğini də ödəyə bilərsiniz, yetər ki, həmin ticarət və ya iaşə obyektində hər hansı bir bankın pos terminalı quraşdırılmış olsun. Müştərilərimiz adətən müəyyən bir ticarət obyektinə daxil olduqda, həmin yerdə kartla ödənişin mümkün olub-olmadığını soruşmağı unudurlar və ya çəkinirlər. Amma vacib məqam odur ki, son bir neçə ildə aktuallaşan taksit kartları vətəndaşlarda bu vərdişi də formalaşdırır. Belə taksit kartlardan nağd pul çəkmək imkanı məhduddur (əksər hallarda yalnız nağdlaşdırma kampaniyaları zamanı mümkündür) və onların əsasən partnyor müəssisələrində istifadəsi, istər-istəməz müştərini vadar edir ki, ticarət məntəqəsinə daxil olduqda “burada hansı taksit kartların keçərli olduğunu” soruşsun.
Ümumilikdə taksit kartların Azərbaycanlı müştərilərin kartla alış-verişə marağını artırdığını söyləmək olar. Çünki bu vaxta qədər həm post terminalların quraşdırılması, həm də ticarət məntəqələri ilə banklar arasında bu tip əməkdaşlıqlar olduqca zəif idi. İndi isə müştərilər bu əməkdaşlıq sayəsində endirimlər, faizsiz, hissə-hissə ödəmələr və müxtəlif bonuslar, ballar qazanmaq imkanı əldə edirlər. Bu tendensiyanın yaranmasında böyük rol oynayan kartlar isə Bolkart (Bank of Baku), Albalı kart (Unibank), World Card (Yapı Kredi Bank Azərbaycan), Extra Card (ASB Bank) olmuşdur. Həmçinin “Cost Back” proqramları çərçivəsində müştərilər xərclədikləri pulun bir hissəsini bonus və ya bal şəklində yenidən öz hesabına qaytara bilir. Bu baxımdan AccessBankın “Pullar geri qayıdır” adlı qazanc kampaniyasını da qeyd etmək olar.
Bütün bu xüsusiyyətlər müştərilərə kredit kartları vasitəsi ilə alış verişə daha böyük həvəs və maraq yaradır.
Bu gün bank kartları vasitəsi ilə növbələrdə durmaq məcburiyyətində qalmadan, elə iş yerindən və ya ofisdən ayrılmadan, onlayn ödənişlər vasitəsi ilə istənilən arzunu gerçəkləşdirə bilərsiniz: istər bu bilet sifarişi olsun, istər kreditlərin onlayn ödənişi və ya hər hansı bir məhsulun internetdən alqı-satqısı. Pulları kredit kartlarından daşımaq daha sərfəlidir, MasterCard və Visa tərəfindən dəstəklənən kartlar ilə istənilən ölkədə alış-veriş etmək imkanınız olur.
Kartdan pul çıxarmaq sərfəli deyil
Qeyd etmək lazımdır ki, əslində praktikada kredit kartları nağdsız istifadə üçün nəzərdə tutulub. Amma əhalimizin pula və kartlara münasibəti hələ də onu göstərir ki, müştərilər pulu nağdlaşdıraraq ondan istifadəyə meyllidir. Aydındır ki, bu hələ də post-terminal şəbəkəsinin kifayət qədər geniş olmaması və nağdsız ödənişlərin həcminin cüzi olması ilə bağlıdır. İnsanlar hələ də nağd pula olan tələbatını tam qarşılaya bilmir. Kredit kartı ilə bazara gedib alış-veriş etmək və ya hər hansı bir avtomobil qəzası zamanı ortaya çıxan xərcləri yerindəcə qarşılamaq olmur. Ona görə də insanların nağd pula tələbatı tükənmək bilmir. Bu zaman unutmaq lazım deyil ki, pulu kredit kartından çıxardıqda sizdən nağdlaşdırma faizi (məbləğin 0,5-4% faizi civarında komissiya) tutulur. Yəni siz müəyyən qədər itki ilə üzləşirsiniz. Nağdsız ödənişlərdə isə heç bir itki olmur.
Bu gün kredit kartı təqdim edən banklar və eləcə də onlardan istifadənin mümkün olduğu ticarət obyektləri nağdsız ödənişlərin edilməsi zamanı müştəriyə alternativ üstünlüklər qazandırmağa çalışırlar və bütün bunlar nağdsız ödənişlərin stimullaşdırlması məqsədi ilə həyata keçirilir. Banklar müəssisələr arasında qurulmuş partnyorluq əlaqəsindən asılı olaraq, siz kredit kartına sahib olmaqla bir sıra xidmət obyektlərində çeşidli xidmət və məsulları daha endirimli və imtiyazlı şərtlərlə əldə edə bilərsiniz.
Pul vəsaitlərinizi qoruyun
Maliyyə analitikləri qeyd edir ki, kredit kartlarının ən başlıca üstünlüklərindən biri onların adi pul vəsaitləri ilə müqayisədə təhlükəsizliyinin daha yaxşı təmin olunmasıdır. Məsələn itirdiyiniz 100 manatı geri qaytara bilməzsiniz, amma kartınız itərsə, banka dərhal xəbər verib, kartı bloklaşdıra bilərsiniz.
Bununla yanaşı qeyd etmək lazımdır ki, həm plastik kartlar vasitəsi ilə xidmət həyata keçirən maliyyə təşkilatları həm də ticarət müəssisələri ödənişlərlə bağlı təhlükəsizliyi təmin etməyə, plastik kartlarla bağlı fırıldaqçılıq hallarının qarşısını almağa çalışır.
Məsələn əgər diqqət yetirmisinizsə, əksər ticarət obyektlərində plastik kartlarla alış veriş zamanı çeklərdə imza atmaq xahiş olunur. Düzdür hələ ki ölkəmizdə bu proseduralara nisbətən formal yanaşılır. Müştərilərin plastik kartlarının üzərində heç də onların imza nümunələrini görmək olmur. Taksit kartlarının verilişi nisbətən kütləvi olduğu üçün hətta kartın üzərində onun sahibinin adı belə olmur.
Lakin kartlarla bağlı ödənişlərinizi izləmək üçün siz müxtəlif sms xidmətlərinə qoşula bilərsiniz ki, kartdan edilmiş hər ödənişlə bağlı sizin telefon nömrənizə və ya elektron ünvanınıza bildiriş mesajı gəlsin. Belə də heç kəs sizdən xəbərsiz şəkildə kartınızdan istifadə edə bilməz
Plastik kartlarla ödəniş zamanı ən çox fırıldaqçılıq hallarına internet ödənişlərində rast gəlinir. Buna görə də yaxşı olar ki kart sahibləri ödənişlər üçün ən məşhur portalları seçsinlər, belə ki bu zaman onların təhlükəsizliyi daha yaxşı təmin olunmuş olar.
Kredit kartı itirildikdə və ya oğurlandıqda, kart sahibi mütləq bu barədə maliyyə təşkilatına, yəni kartı alığı banka xəbər verməlidir. Bu zaman karta blok qoyaraq, ondan istifadə məhdudlaşdırılır.