Bank məhsulları içərisində nağd kreditlər öz məşhurluğu ilə seçilir. Əgər öz yaxın dost və qohumlarından borc ala bilmirsənsə, ilk çıxış yolu kimi banka müraciət etmək görünür, axı bundan asan nə ola bilər? Kreditin rəsmiləşdirilməsi kifayət qədər sürətlə baş verir, ən az sənədləşmə məhz nağd kreditlərdə tələb olunur. Bundan ötrü zamin və ya girov lazım olmur.
Nağd kreditlərin aşağıdakı üstünlükləri vardır:
- Minimal sənəd paketi: lakin söhbət yalnız xırda məbləğli nağd kreditlərdən gedir. Hazırda ölkəmizdə istehlak məqsədli kreditlər gəlirlər haqqında sənədlərin təsdiqi olmadan verilmir. Bu baxımdan depozit əsaslı kreditlər seçilir. Əgər sizə nağd lazım olan məbləğin həcmi çox böyükdürsə, onda bank sizdən həm girov istəyə, həm də zamin tələb edə bilər. Tələb olunan əsas sənədlər şəxsiyyət vəsiqəsi, iş yerindən arayış və yaşayış qeydiyyatı ola bilər. Lazmı sənədləri toplamaq sizin öz marağınızdadır, əks təqdirdə ya sizə kredit verməkdən imtina edəcək, ya da daha yüksək faizli kredit verəcəklər.
Əlçatan olması. Kredit zamin və girov qoymadan götürmək olur, əsas odur ki, gəlirlərini sübut edəsən.
Müraciətin qısa zamanda baxılması. Cavab maksimum dərəcədə tez verilir. Girovlu kreditlərdə isə bu müddət 10 günə qədər uzana bilir. Əgər pul ehtiyacınız daha kəskin olarsa, onda ekspress-kreditlər götürə bilərsiniz, cəmi bir neçə saatdan sonra pulları artıq cibinizdə olur, amma bu kredit sizə daha baha başa gəlir. Faizlər yüksək olur.
Kreditin təyinatını açıqlamalı olmursunuz. Kreditə götürdüyünüz pulu istədiyiniz fərdi ehtiyacın qarşılanmasına sərf edir və məsrəflər ilə bağlı heç bir təsdiqləyici sənəd təqdim etməli olmursunuz.
Lakin nağd kreditlərin çatışmazlıqlarını da unutmaq olmaz.
- Əlavə ödənişlər. Kreditin rəsmiləşdirilməsinin belə asanlığı gərək borcalanı az da olsa narahat etsin. Çünki zamin, əlavə sənəd və girov tələb etməyən bank bütün bu riskləri kreditin qiymətində nəzərə almalı olur. Ona görə də bu cür kredit alarkən yüksək faizlərə və baha kredit şərtlərinə hazır olun. Yalnız krediti vaxtından əvvəl ödəməklə, bu xərcləri azaltmaq olar.
- Məbləğ limiti. Adətən nağd kreditlər əməkhaqqının bir neçə misli qədər verilir. Daha çox 3, 5 və 8 min manat civarında kredit təklifləri ilə rastlaşırıq. Bu zaman yenə də öz gəlirləriniz və ödəmə qabiliyyətini təsdiq etməli olacaqsınız.
- Böyük cərimələr. Aylıq ödənişləri vaxtında və müntəzəm etmədikdə siz bankın böyük miqdarlı cərimələri ilə üzləşəcəksiniz. Faizlər hər gecikmə günü üçün hesablanır.
- Qərar heç də həmişə müsbət olmur. Əgər sizin mənfi kredit tarixçəniz varsa, onda yeni kredit almaq şansınız minimaldır. Hətta əgər siz krediti ilk dəfə rəsmiləşdirmiş olsanız belə, sizə imtina cavabı verə bilərlər. sizin ödəmə qabiliyyətinizi analiz etmək mümkün olmasa və riskləri minimallaşdırmaq məqsədi ilə banklar sizə “yox” cavabı verə bilərlər.
Könül Soltanova / Banco.az