Müsahibədə hiyləgər sualları cavablandırmağın 4 asan yolu   | Banco.az

Müsahibədə hiyləgər sualları cavablandırmağın 4 asan yolu  

Axır vaxtlar müsahibələrdə tez-tez hiyləgər və müəyyən qədər gülünc suallar səsləndirilir. Misalçün, “Heyvan olsaydınız, hansı olardınız?” və ya “Həyatınızdakı ən qəribə və eyni zamanda çətin məqam haqqında danışın”. Müsahibənin işaxtaran üçün onsuz da stresli bir proses olduğunu nəzərə alsaq, bu tip suallar vəziyyəti daha da gərginləşdirir. 

Məsələn, sizin ən sonuncu maskarad kostyumunuzun necə olduğunu bilmək istəyən HR- mütəxəssisinə nə cavab verərdiniz? Təşvişə düşməmək və çaşqın bir şəkildə susub qalmamaq üçün 4 məsləhətə əməl edin.  

Gülümsəyin! 

Belə situasiyalarda ən yaxşı cavab təbəssümdür. Bu cür sualların məqsədi namizədin gözlənilməz vəziyyətlərdə necə reaksiya verdiyini və qısa vaxtda qərar qəbul etmək bacarığının olub-olmadığını müşahidə etməkdir. Sakitliyini qoruyub saxlayan namizəd bu sınaqdan uğurla çıxmış sayılır. 

“Warby Parker”in icraçı direktorlarından biri olan Nil Blumental namizədin kollektivə uyğunlaşa biləcəyinə əmin olmaq üçün müsahibə zamanı bu qəbildən suallar verir. Sualı ciddi qəbul edən namizədlər böyük ehtimalla rədd cavabı ala bilər. Odur ki, gülümsəyin. Beləcə həmsöhbətə qeyri-adi situasiyalarda da təmkinli davrandığınızı nümayiş etdirə bilərsiniz. 

Zaman qazanmağa çalışın. 

Suala dərhal cavab verə bilmirsinizsə, bir az düşünmək tövsiyə olunur. “Əla sualdır! Mənə bir-iki dəqiqə verin, cavabı dəqiqləşdirim”, “Ooo...Bu sualı mənə heç verməmişdilər. Bir az fikirləşməliyəm” və s. kimi cavablarla vaxt udmağa çalışın. 

Həmçinin oxu:  HR-menecerin müsahibədə verməli olduğu ən ağıllı sual hansıdır? 

Ən sərfəli kredit üçün müraciət et

Həvəslə cavab verin. 

Yadda saxlayın ki, belə “əlaqəsiz” sualların doğru cavabı olmur. Edə biləcəyiniz yeganə şey mövzu üzrə rabitəli və həvəslə danışmaqdır. Yumor hissinizə güvənirsinizsə, zarafat edə bilərsiniz. Əgər yumor hissindən məhrumsunuzsa, artıq onun üzərində çalışmağa başlayın. Çünki gələcəkdə yenə lazım ola bilər. Çətin situasiyaların öhdəsindən gəlmək istəyinizi və bacarığınızı nümayiş etdirmək sizə xal qazandıracaq. 

Elə cavab verin ki, bura qədər oyatdığınız təəssüratı korlamayasınız. Fikirləşib əndrabadi cavab tapmayın. Sadəcə gülümsəyin, ehtiyatla cavab verin və söhbətə davam edin. 

Siz də soruşun. 

Həmsöhbətinizdən soruşun ki, daha əvvəlki işaxtaranlar bu suala necə cavab verib və ya özləri necə cavablandırardılar. Bu, potensial işəgötürənin korporativ mədəniyyəti haqqında məlumatlı olmağınız üçün vacibdir. Siz müsahibəyə təkcə seçilmək üçün getmirsiniz, həm də seçmək üçün gedirsiniz. Özünəinamlı və pozitiv olun. 

Qəribə suallara görə həyəcanlanmaq yerinə onları iti ağlınızı HR-a sübut etmək üçün bir imkan kimi dəyərləndirin.  

Həmçinin oxu:  İşə götürülməyən 8 tip namizəd 

Nigar Umaxanlı, Finco.az