Suriya iqtisadiyyatının sənaye sektoru müharibə zamanı, təxminən, 4,5 milyard dollar itirib.
"Report" xəbər verir ki, bu barədə "RİA Novosti"yə Suriyanın sənaye naziri Əhməd əl-Hamu bildirib.
"Dövlət və özəl sektorun sənaye müəssisələrinə dağıntılar və blokada nəticəsində dəymiş zərər 2 trilyon 300 milyard Suriya lirəsinə (4,5 milyard ABŞ dollarına) çatıb", - nazir deyib.
Onun sözlərinə görə, bu məbləğə bütün müəssisələr daxil deyil, çünki ölkədəki vəziyyəti nəzərə alaraq, onların bəziləri əlyetərli deyil.
Nazir əlavə edib ki, dəymiş ümumi zərərin, təxminən, 1,7 milyard dolları sənayenin dövlət sektorunun payına düşür.
Qeyd edək ki, Suriyada müharibə 2011-ci ildə başlayıb. BMT-nin məlumatına görə, bu müddət ərzində 220 mindən çox adam ölüb.