Müəllimlərin maaşını qənaətbəxş hesab etmək olarmı? - MÜSAHİBƏ | Banco.az

Müəllimlərin maaşını qənaətbəxş hesab etmək olarmı? - MÜSAHİBƏ

Aida İSAQ, Banco.az

Dünyada hər şeyə dəyər vermək mümkündür, lakin müəllimin əməyinə əsla dəyər verilə bilməz. (Sokrat)

Əgər bu məsələyə mənəvi aspektdən yanaşsaq yəqin ki, bu dəyəri heç bir ölçüylə ifadə edə bilmərik. Ancaq maddi cəhətdən müəllim əməyini qiymətləndirmək hardasa bir qədər asandır. Çünkü, insana özünü ifadə etməyi öyrədən şəxslərə yəni müəllimlərə maksimal məbləğdə əməkhaqqı tətbiq etmək mümkündür.

Nazirlər Kabinetinin 2019-cu il sentyabr ayında imzaladığı yeni qərarı ilə müəllimlərin əmək haqqları yenidən artırıldı.

Bəs görəsən ölkəmizdə müəllimlərin əmək haqqları qənaətbəxş hesab olunurmu?

Banco.az müvafiq məsələylə bağlı müxtəlif məktəblərdə çalışan müəlimlərin və digər sahələrdə fəaliyyət göstərən ekspertlərin fikirlərini öyrənib.

Azər Quliyev (Cəlilabad rayonu Buravar kənd məktəbi)

“Biz müəllimlər hazırladığımız gələcək üçün bütün gücümüzü ortaya qoyuruq. Kimlərsə məcburi şərtlərlə yox, sevərək bu işlə məşğul olurlarsa bu böyük üstünlükdür. Həmçinin mən də sevərək bu işlə məşğul oluram və öz peşəmdən zövq alıram. Əməkhaqqı məsələsində gəldikdə isə Mustafa Kamal Atatürkdən soruşublar ki, nazirlərin maaşları necə olsun? O, da müəllimlərin maaşını keçməsin deyə cavablandırıb.

Amma bu o demək deyildir ki, biz nazirlərdən və ya digərlərindən daha çox maaş almalıyıq. Heç olmazsa dövlət qulluqçuları, neft işçiləri qədər almaq yaxşı olardı. Minimal hesablama belədir ki, 18 saatın 8 saatı götürülür. Ancaq əksər yerlərdə bu 18 saat deyil. Bu baxımdan hesablama 8 saatdan götürülərsə minimal maaş almaq mümkün olar.

Bundan başqa müəllimlərin maaşı təcrübə müddətindən daha çox savadına əsasən müəyyən olunmalıdır. Bəzi uzun müddətli çalışan müəllimlər var ki, diaqnostik qiymətləndirmə zamanı zəif nəticə göstərirlər. Ancaq gənc müəllimlər daha yaxşı nəticə nümayiş etdirirlər. Eyni zamanda təcrübə müddəti müəyyən hallarda nəzərə alınmalıdır.

Bəzi müəllimlərin maaşlarını qənaətbəxş hesab etmək olar. Yəni nazirin qeyd etdiyi kimi 5000 müəllim 1000 manatdan yuxarı əməkhaqqı alır. Amma 90% müəllimlər xüsusilə kənd məktəbində çalışan müəllimlər yüksək maaş almırlar. Çünki kəndlərdə çalışan müəllimlər maksimum beş – on saat dərs qrafiki üçün 200-250 manat maaş alırlar. Bu baxımdan 90% nisbətiylə götürsək qənaətbəxş hesab etmək olmaz.”

Şəfəq Nağıyeva (Xırdalan şəhər 10 nömrəli tam orta məktəbin Azərbaycan dili və ədəbiyyatı müəllimi, BDU-nun doktorantı)

"Ümumiyyətlə, müəllim ilk öncə əməkhaqqının nə qədər olmasından asılı olmayaraq birinci peşəsini sevməlidir. Keçmişə nəzər salsaq, görərik ki, bizim M.Sabir, Zərdabi, Seyid Əzim, Unsizadə, Həbib bəy Mahmudbəyov, S. Qənizadə və s.kimi onlarla pedaqoqlarımız məkdəbdarlıq işi ilə məşğul olmuşlar. Heç bir təmənna olmadan şagirdlərə təhsil vermişlər. Bu gün orta hesabla götürsək , müəllim maaşını normal hesab etmək olar. Prezidentin fərmanı ilə əməkhaqqının 20 faiz artırılması da sevindirici haldır. Son dövrlərdə müəllimlərin imtahanla işə götürülməsi, qeyri-leqal yolla qəbulun qarşısının alınmasına ciddi təsir göstərdi. Beləliklə, gənc müəllimlərin öz üzərində işləməsinə şərait yaratdı. Lakin muəllimlərin təhsil pilləsinin artırılması maaşa heç bir təsir göstərmir. Bu isə müəllimlərin ixtisas biliyinin təkmilləşdirilməsində, elmi dərəcəsinin artırılmasında maraqlı olmamasına gətirib çıxarır."

Babaxan Məlikli “Upper Education”-nin təsisçisi

“Fikrimcə müəllimlər minimum 500 manat civarında əməkhaqqı almalıdır. Təbii ki, bu iş saatından asılı olaraq dəyişir. Bu məbləğ müəllimlərin fəaliyyətinə, savadlılığına əsaəsən təyin olunmalıdır. Yəni burada şagirdləri, tələbələri nə dərəcədə öyrədə bilməsi, təcrübə müddəti böyük rol oynayır. Həmin müəllimin öyrətdiyi, istiqamət verdiyi tələbə hazırda hansı sektorda və nə dərəcədə fəaliyyət göstərir.

Hazırda əməkhaqqları az olduğuna görə müəllimlər dərsdən kənarda fəaliyyət göstərməyə, əlavə şagird hazırlığı ilə məşğul olmağa çalışırlar. Əvvəllər müəllim statusu deyə bir anlayış var idi ki, hazırda maaşların az olması ilə əlaqədər və müəyyən səbəblərdən sahəyə maraq azalıb. Bəzi hallarda universitetə qəbul zamanı az bal toplayan şəxslər bu sahəni seçir. Mövcud problemi giriş ballarını artıraraq aradan qaldırmaq olar. Buna paralel olaraq da əməkhaqqlarını da artırmaq lazımdır.”

Ən sərfəli kredit üçün müraciət et

Cəbrayıl Vəliyev (Azərbaycan Dövlət İqtisad Universitetində müəllim, maliyyə eksperti)

“Öncə mənəvi baxımdan yanaşsaq müəllimlik ən ləyaqətli və məsuliyyətli peşələrdən biridir. Ümumiyyətlə ləyaqətli iş, ləyaqətli iş yeri beynəlxalq bir anlayış kimi mövcuddur. BMT-yə bağlı Beynəlxalq Əmək Təşkilatılının "ləyaqətli əmək konsepsiyası" var. Konsepsiyaya görə ləyaqətli iş, insanların sərbəst şəkildə seçdikləri, təhlükəsiz əmək şəraitina malik, sosial müdafiəsi təmin olunan və ədalətli əməkhaqqı ilə təmin olunmuş iş deməkdir. Bu yanaşmadan yola çıxsaq və müəllimlik peşəsinin cəmiyyətin gələcəyi yönündə məsuliyyətini də əlavə etsək müəllimlik peşəsinin ən az irəli sürülmüş bu standartlarla təmin olunması vacibdir. Əməkhaqqı ilə bağlı olaraq isə deyə bilərəm ki, təbii ki müəllimlərin əməkhaqqılarının artımı ilə alınan qərar yerində və vacibdir. Ancaq fikrimcə müəllimlərin ədalətli əməkhaqqı ilə təminatı prinsipi baxımından yenə də artıma ehtiyac var. Çünki ləyaqətli əmək konsepsiyasında ədalətli əməkhaqqı prinsipində əməkhaqqı alan özünün və himayəsində olanların, öhdəliyində olanların ehtiyacını təmin etməsi əsasdır. Bundan əlavə digər sosial müdafiə məsələsi də vacibdir ki bunun da əsas hissəsini tibbi sığortalı olması təşkil edir. Hazırda gəlirlərinin müəyyən qismi sığortasız olduqlarına görə tibbi xərclərə gedir.. Ancaq hazırlığı aparılan və gələn ildən tədbiq olunacaq məcburi tibbi sığorta yəqin ki müəllimləri də əhatə edəcək və bu istiqamətdə müəllimlərin xərc yükü azalacaqdır. Əlavə olaraq müəllimlərin öz inkişaflarına çəkdikləri xərclər də olmalıdır ki indiki əməkhaqqı ilə bu bir qədər geri planda qalır.”

Nurlan Babayev (Hüquqşünas)

“Azərbaycanda müəllimlərin maaşı azdı ya çoxdu demək üçün biz bu sahədə əsas meyarlardan biri olan ölkədə adambaşına düşən ümumi daxili məhsulun dəyərinin müəllimlərin illik qazancının nisbətinə əsasən müəyyən edə bilərik. Bu nisbət 1 vahidindən yuxarıdırsa demək müəllimlərimiz ÜDM-dən ədalətli pay alırlar. Azərbaycanın adam başına düşən ümumi daxili məhsulu 2019-cu il üçün 16150 dollar (27500) civarında proqnozlaşdırılır. Bu gün diaqnostik qiymətləndirilməsi aparılmış müəllimlərin orta əmək haqqı 600 manat illik 7200 AZN civarındadır. Bu o demekdir ki, müəllimlərin əmək haqqının adambaşına düşən nisbəti 0.26 - dır. Yəni müəllimlərin maaşı olmalı olan ədalətli dəyərindən 4 dəfə aşağıdır.

Ümid edirəm edirəm müəllimlərimizin layiq olduğu ləyaqətli həyat şəraiti təmin olunar. Sosial qayğılarla yüklənmiş müəllimin gücü, enerjisi ancaq öz uşağını yetişdirməyə çatar. Gələcək nəsillərimizi savadlı, azad düşüncəli, yenilikçi yetiştirmək istəyiriksə öncə onların müəllimlərinin iqtisadi azadlığını, ləyaqətli həyat şəraitini təmin etməliyik, onlara dəyərli olduqlarını hiss etdirməliyik. Arzu edirəm azad insanların azad insanları yetişdirdiyi cəmiyyətdə müəllim olsunlar və öz peşələri ilə qürur duysunlar”

Pərviz Həbibli (aksiya.az rəhbəri)

“Dünyanın inkişaf etmiş ölkələri ilə müqayisədə Azərbaycanda müəllimlərə verilən maaş çox aşağıdı. Üstünlüyü ondadır ki, müəllimlər bilik və bacarıqlarını bölüşürlər, gələcəkdə cəmiyyətin formalaşmasında rol sahibi olurlar. Mənfi cəhəti isə psixoloji və fiziki yorğunluğa baxmayaraq elə maaşın aşağı olmasıdır. Ümid edirəm ki, dövlətimizin apardığı siyasət nəticəsində müəllimlərin güzəranı bundan da yaxşı olacaq. Hesab edirəm ki, 1000 - 1500 manat arası maaş ayırmaq lazımdır.”

Tural Əhməd (aktyor)

"Müəllimlik müqəddəs sənətdir. İnsan həyatda özünün öyrəndikləri ilə yanaşı müəlliminin də öyrətdikləri ilə formalaşır. O qədər uca, böyük sənətdir ki, hər insan müəllim sözünə layiq ola bilmir. O vəzifəyə yiyələnir, amma müəllimlik edə bilmir, müəllim kimi sevilə bilmir, o sözə vicdanla qulluq edə bilmir. Amma müəllim var ki,o qədər öz peşəsinə vicdanla, ürəklə xidmət edir ki, müəllim sözünü özündə möhtəşəm şəkildə əks etdirir. Müəllimdən söhbət düşən kimi 181 saylı orta məktəbdə oxuduğum vaxtlarda ilk sinif rəhbərimiz Şəfiqə müəlliməni, bir də rus dili müəllimimiz Raisa xanımı xatırlayıram. Allah hər ikisinə can sağlığı versin. Öz müəllimlərimlə birlikdə bütün müəllimlərin gününü təbrik edirəm.Əməyiniz qarşısında baş əyirəm. Müəllimə nə qədər çox maaş versən yaxşıdır."

Sonda Banco.az əməkdaşları adından 5 Oktyabr Müəllimlər Günü münasibətiylə bütün müəllimləri təbrik edir onlara fəaliyyətlərində müvəffəqiyyətlər arzu edirik.