Mərkəzi Bankın uçot dərəcəsi haqqında | Banco.az

Mərkəzi Bankın uçot dərəcəsi haqqında

5 avqust  2016-ci il, Bakı: Mərkəzi Bank öz mandatına uyğun olaraq ölkədə makroiqtisadi sabitliyin təmin olunmasına yönəldilmiş pul siyasətini davam etdirir. 

Cari ilin ötən dövründə Mərkəzi Bank elan etdiyi çevik məzənnə rejimini tətbiq etmiş və bu rejim milli valyutanın məzənnəsinin makroiqtisadi fundamentallar əsasında formalaşmasına şərait yaratmışdır. Milli valyutaya olan etimadı gücləndirmək, manat depozitlərinin artmasını təşviq etmək, pul bazarında formalaşmış konyunktura uyğun olaraq pul siyasəti alətlərinin təkmilləşdirilməsinə şərait yaratmaq üçün Mərkəzi Bank pul siyasəti alətlərinin parametrlərinə, o cümlədən faiz dəhlizinə zəruri korreksiyalar etmişdir. Pul kütləsinin nəzərdə tutulan artım templərinə nail olmaq üçün Mərkəzi Bank likvidliyin sterilizasiyası əməliyyatlarını aktivləşdirmiş, iyun ayından başlayaraq milli valyutada sərbəst vəsaitlərin cəlb olunması üzrə depozit əməliyyatlarına başlamışdır.

Cari il və orta müddətli dövr üçün makroiqtisadi sabitlik üzrə hədəfləri, makroiqtisadi proqnozları, inflyasiya gözləntilərini, tədiyə balansı üzrə meyilləri, habelə maliyyə bazarındakı konyunkturu nəzərə alaraq Mərkəzi Bank pul siyasəti alətlərinin kəmiyyət parametrlərini yenidən nəzərdən keçirmişdir. Mərkəzi Bankın İdarə Heyəti 8 avqust 2016-cı il tarixindən likvidlik əməliyyatları üzrə faiz dəhlizinin aşağı və yuxarı həddlərini dəyişməz saxlamaqla uçot dərəcəsini 9.5% səviyyəsinə qaldırmaq barədə qərar qəbul etmişdir. 

Uçot dərəcəsinin qaldırılması pul bazarında real faiz dərəcələrinin milli valyutada yığımları stimullaşdıran səviyyədə formalaşmasına təsir etmək və beləliklə də manata olan inamın artmasına şərait yaratmaq məqsədlərini daşıyır. Bu tədbir eləcə də Mərkəzi Bankın  sterilizasiya əməliyyatlarının cəlbediciliyinin artırılmasına da  imkan yaradacaqdır.

Ən sərfəli kredit üçün müraciət et

 

Azərbaycan Mərkəzi Bankı

Tel.:     

(994 12) 493 11 22, daxili 374 və ya 381

Beynəlxalq əməkdaşlıq və kommunikasiya departamenti

Faks:

(994 12) 493 55 41

R.Behbudov küç., 32

E-mail:

[email protected]

Bakı, AZ 1014

URL:

http://www.cbar.az