Mərkəzi Bankda “Açıq qapı” günü keçirilib | Banco.az

Mərkəzi Bankda “Açıq qapı” günü keçirilib

Banco.az xəbər verir ki, Mərkəzi Bank tərəfindən Milli Mətbuat Günü münasibətilə media nümayəndələri üçün tədbirlərin keçirilməsi artıq ənənə halını almışdır. Bu təşəbbüsün davamı olaraq milli mətbuatın yaranmasının 140 illiyi ərəfəsində jurnalistlər üçün növbəti “Açıq qapı” günü keçirildi.

Mərkəzi Bankın Tədqiqatlar və inkişaf mərkəzinin direktoru Vüqar Əhmədov kütləvi informasiya vasitələri (KİV) nümayəndələrini salamlayaraq onları peşə bayramları münasibəti ilə təbrik etdi.

Möhtərəm Prezidentimiz İlham Əliyev cənabları tərəfindən milli mətbuatın inkişafına daim diqqət və qayğı göstərildiyini qeyd edən V.Əhmədov bildirdi ki, məhz bu qayğının nəticəsində ölkədə vətəndaş cəmiyyətinin qurulmasında, demokratik dəyərlərin bərqərar olması və inkişafında milli mətbuatın rolu xüsusi olaraq özünü biruzə verir.

O, öz çıxışında Mərkəzi Bankın siyasəti və fəaliyyətinin başlıca istiqamətləri barədə məlumat verərək onun missiyasının daha da səmərəli reallaşdırılmasında, yeritdiyi pul və bank quruculuğu siyasətinin ictimaiyyət tərəfindən düzgün qavranılmasında KİV-in mühüm rolunu qeyd etməklə media institutları ilə işin daha da təkmilləşdirilməsi istiqamətində son vaxtlar Mərkəzi Bankda həyata keçirilən tədbirlərə də toxundu.

Mərkəzi Bankın cəmiyyətin iqtisadi maarifləndirilməsi istiqamətində də fəal iş apardığını vurğulayan V.Əhmədov Bankın həyata keçirdiyi “Maliyyə savadlılığı” meqa-layihəsinin əhəmiyyəti barədə ətraflı məlumat verdi. O, bildirdi ki, sözügedən layihə çərçivəsində bütün iqtisadi agentlərin, əhalinin, o cümlədən media nümayəndələrinin maarifləndirilməsi ilə bağlı mühüm vəzifələr müəyyənləşdirilmişdir. Belə ki, iqtisadi gözləntilər və davranışların əsasında iqtisadi və maliyyə savadlılığı dayanır ki, cəmiyyətin hər bir üzvü məhz özünün maliyyə savadı əsasında maliyyə resurslarını idarə edir, pul bazarının iştirakçısına çevrilirlər.

Maliyyə savadlılığı ilə bağlı fəaliyyətin hədəfləndiyi mühüm istiqamətlərdən biri kimi qeyd olundu ki, hazırda inkişaf səviyyəsindən asılı olmayaraq bütün iqtisadiyyatlarda əhalinin daha optimal və planlaşdırılmış istehlak yönümlü fəaliyyəti təqdir olunur. Ümumiyyətlə, rasional miqyaslarda istehlakın artımı makro-iqtisadi inkişaf və iqtisadi artımın stimullaşması baxımından əhəmiyyətlidir.

Bununla belə, istehlak ehtiyacları üçün bank xidmətlərindən istifadə zamanı əhali tərəfindən xərclərin düzgün planlaşdırılması və mövcud sərbəst vəsaitlərdən daha səmərəli istifadə edilməsi onların artıq borclanmaması üçün mühüm amildir. “Maliyyə savadlılığı” layihəsinin də əsas məqsədi əhalidə gəlirlərdən daha səmərəli istifadə, xərclərin optimal bölüşdürülməsi, bank xidmətlərindən istifadə zamanı düzgün qərarların verilməsi, həmçinin sərbəst vəsaitlərin gəlirli sahələrə investisiya edilməsi kimi vərdiş və bacarıqların formalaşdırılmasından ibarətdir.

Bunun üçün isə cəmiyyətdə maliyyə savadlılığının artırılmasına diqqəti yönətmək, ictimaiyyətin maliyyə savadlılığı portalının zəngin resurs bazasından səmərəli şəkildə faydalanmasına nail olmaq tələb olunur. Bu işdə mühüm rol oynaya biləcək iştirakçılardan biri də məhz kütləvi informasiya vasitələri – jurnalistlərdir.

Məhz, lazımi səviyyədə iqtisadi, maliyyə savadına yiyələnmiş jurnalist heyəti dövlətin mühüm iqtisadi siyasət mesajlarını ictimaiyyətə düzgün ötürə biləcək, bu istiqamətdə dövlət institutlarının fəaliyyətini səlis işıqlandıra biləcəkdir.

Sonra “Maliyyə savadlılığı” layihəsi çərçivəsində həyata keçirilən tədbirlər haqqında ətraflı məlumat verildi və yeni istifadəyə verilən Maliyyə savadlılığı portalının geniş təqdimatı keçirildi.

Qeyd olundu ki, ölkədə maliyyə savadlılığının artırılması məqsədilə Mərkəzi Bank 2010-cu ildən başlayaraq bır sıra təşəbbüslərlə – “Qlobal Pul Həftəsi”, “Beynəlxalq Əmanət Günü”, “Maliyyə savadlılığı aylığı” və s. ilə çıxış etməkdədir.

Ən sərfəli kredit üçün müraciət et

“Qlobal Pul Həftəsi” çərçivəsində Azərbaycan Respublikası Təhsil Nazirliyi və “Ümidli Gələcək” Gənclər Təşkilatı ilə birgə Bakı şəhərinin orta ümumtəhsil məktəblərinin şagirdləri arasında maliyyə-bank mövzusunda rəsm və əl işləri müsabiqəsi, “Bu günün qənaəti, sabahın təminatı” devizi altında isə Bakı Avropa liseyinin bir qrup qabaqcıl şagirdlərinin Mərkəzi Banka səfəri təşkil edilmişdir. Bu tədbirlər uşaq və gənclərin maliyyə savadlılığı üzrə biliklərinin artırılmasına yönəlmişdir. Həmçinin şagirdlər Mərkəzi Bankın modern xəzinə idarəetməsi ilə tanış olmuşlar. Tədbirdə ümumilikdə 65-dən çox məktəb iştirak etmişdir.

Bundan əlavə, Mərkəzi Bankın əməkdaşları orta məktəblərə səfər etmişlər. Bu görüşlərdə “Qlobal Pul Həftəsi” haqqında şagirdlərə məlumat verilmiş, “Pul nişanlarını tanıyın” və “Pul haqqında 10 maraqlı fakt” mövzusunda təqdimatlar keçirilmiş, həmçinin müxtəlif nominallı milli əskinasların üzərindəki simvolların mənaları izah edilmişdir.

“Beynəlxalq Əmanət Günü” və “Maliyyə savadlılığı aylığı” çərçivəsində kommersiya bankları və BOKT-lar məktəblərə, “Açıq Qapı” günlərində isə məktəblilərin banklara səfərləri təşkil edilmişdir. Məktəblilərlə yanaşı universitet tələbələri üçün ı) cəmiyyətdə yığımın rolu, ıı) məsuliyyətli borclanma, ııı) maliyyə riskləri və onların aradan qaldırılması və s. kimi mövzularda maarifləndirici seminarlar təşkil edilmişdir. Həmçinin Biləsuvar şəhəri Milli Qəhrəman M.İbrahimov adına lisey-məktəb kompleksində “Ailə büdcəsinə qənaət edək” mövzusunda inşa müsabiqə keçirilmişdir.

Əmanətlərin Sığortalanması Fondu və SBFİC təşkilatı ilə birgə 40 nəfər Həyat Bilgisi fənn müəlliminə “Maliyyə Savadlılığının ünsürlərindən təhsildə istifadə” mövzusunda seminar keçirilmişdir. Seminarda fərdi maliyyə, əsas bank məhsulları və xidmətləri, təhsildə maliyyə savadlılığının ünsürləri kimi mövzular əhatə edilmişdir.

Azərbaycan Respublikası Təhsil Nazirliyinin iştirakı və Əmanətlərin Sığortalanması Fondu, Almaniya Əmanət Banklarının Beynəlxalq Əməkdaşlıq Fondu, AccessBankASC və FİNCA Azərbaycan təşkilatlarının dəstəyi ilə ümumtəhsil məktəblərində müəllim və şagird heyəti arasında “Həyat Bilgisi və Maliyyə Savadlılığı” və “Bu günün qənaəti sabahın təminatıdır” adlı müsabiqə keçirilmişdir. Hər iki müsabiqə Həyat Bilgisi fənni üzrə elektron təhsil resurslarının işlənib hazırlanmasına və şagirdlərə yığım və qənaətcillik mədəniyyətinin dərindən aşılanmasına yönəlmişdir. Qaliblərə diplom və müxtəlif dəyərli hədiyyələr – noutbuklar, planşetlər, printerlər və s., fərqlənənlərə isə xüsusi mükafatlar təqdim olunmuşdur.

Bütün bu təşviqat tədbirlərində istifadə edilmiş materiallar əsasında maliyyə savadlılığına həsr edilmiş Elektron Portal hazırlanmışdır. Portal geniş əhali arasında maliyyə savadlılığının artırılması, istehlakçıların rasional maliyyə davranışlarının inkişaf etdirilməsi, həmçinin yığım mədəniyyətinin aşılanmasına imkan verir. Portalda iqtisadiyyat və maliyyə sahəsindən müxtəlif maarifləndirici materiallar, bank xidmətlərinə dair məlumatlar və Mərkəzi Bankın əsas funksiyaları haqqında izahedici animasiyalar, iqtisadi məzmunlu oyunlar, sual-cavab rubrikası, məktəblilər üçün canlı tapmacalar, həmçinin virtual muzey yer almışdır. Hazırda portalda e-təhsil, maliyyə savadlılığı üzrə infoteymentlər, e-muzey, e-jurnal, müxtəlif iqtisadi kalkulyatorlar və multimetdia xarakterli dərs vəsaitlərinin hazırlanması üçün studio və s. kimi məhsullar mövcuddur. Hazırlanmış bu məhsullar əhalinin bütün yaş qruplarının istifadəsi üçün nəzərdə tutulmuşdur.

Portalın iqtisadiyyat və maliyyə sahəsi üzrə ətraflı məlumata və texniki cəhətdən rahat istifadə imkanlarına malikdir. Bu baxımdan yaradılmış elektron resurs cəmiyyətin bütün təbəqələrinin daha yaxşı və məlumatlı maliyyə qərarları qəbul etməsinə imkan verəcəkdir.

Görüşün sonunda milli mətbuatın yaranmasının ildönümü münasibətilə jurnalistlərə Mərkəzi Bank adından hədiyyələr təqdim edildi.