Mərkəzi Bank Milli Ödəniş Sistemini təkmilləşdirir | Banco.az

Mərkəzi Bank Milli Ödəniş Sistemini təkmilləşdirir

Azərbaycan Respublikasının Mərkəzi Bankı qanunla müəyyənləşdirilmiş səlahiyyətləri çərçivəsində ölkədə ödəniş sistemlərinin, o cümlədən hesablaşma və klirinq sistemlərinin yaradılmasını, onların fəaliyyətinin təşkil edilməsini, habelə sabitliyini və inkişafını təmin edən dövlət orqanıdır. Son illərdə Mərkəzi Bank tərəfindən elektron ödəniş sistemlərinin yaradılması istiqamətində aparılan məqsədyönlü islahatlar nəticəsində ölkədə ən müasir texnologiya və proqram təminatlarına əsaslanan arxitekturaya malik olan Milli Ödəniş Sistemi infrastrukturu yaradılıb. Təhlükəsiz və effektiv formada fəaliyyət göstərən Milli Ödəniş Sistemi ölkənin həm maliyyə sabitliyinin, həm də iqtisadi inkişafın təminatında mühüm əhəmiyyət kəsb edir.

Mərkəzi Bank davamlı olaraq Milli Ödəniş Sisteminin sabit və etibarlı fəaliyyətinin təşkil edilməsi istiqamətində kənar təhdidləri və riskləri analiz edir, baş verə biləcək hər hansı fövqəladə hallar zamanı ödəniş sistemlərinin fəaliyyətinin davamlılığının təmin edilməsini daim diqqət mərkəzində saxlayır. Eyni zamanda, qlobal iqtisadiyyatda baş verən proseslər mütəmadi qaydada izlənilir, onların ödəniş sistemlərinə təsir ehtimalı qiymətləndirilir və sistemlərin təhlükəsizliyinin təmin olunması üçün qabaqlayıcı tədbirlər görülür.

Mərkəzi Bank tərəfindən bu sahədə həyata keçirilən əsas tədbirlərdən biri hal-hazırda icrası başa çatmaq üzrə olan “Milli Ödəniş Sisteminin Modernizasiyası”layihəsidir. 2014-cü ildə Mərkəzi Bank beynəlxalq aləmdən gələ biləcək təhdidlərin neytrallaşdırılması, həmçinin Milli Ödəniş Sisteminin əsas komponentlərindən biri olan Real Vaxt Rejimində Banklararası Hesablaşmalar Sisteminin (AZİPS) fəaliyyətinin beynəlxalq infrastrukturlardan asılılığının aradan qaldırılması məqsədilə bu layihəyə start verdi. Layihə çərçivəsində ödəniş sisteminin fəaliyyəti lokal telekommunikasiya şəbəkəsi üzərindən quruldu və sistem iştirakçıları olan banklara, Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlığı Agentliyinə milli valyutada hesablaşmaların beynəlxalq telekommunikasiya təchizatçısı olan SWIFT ilə yanaşı, həm də lokal telekommunikasiya şəbəkəsi üzərindən həyata keçirilməsi imkanı yaradıldı.

Məhz, vaxtında görülmüş bu qabaqlayıcı tədbirlər nəticəsində cari ilin 16 noyabr tarixində ölkənin beynəlxalq internet şəbəkələrinə çıxışında fasilələrin yaranmasına və bankların SWIFT platformasına çıxış imkanının məhdudlaşmasına baxmayaraq, lokal telekommunikasiya şəbəkəsi üzərində fəaliyyət göstərən Real Vaxt Rejimində Banklararası Hesablaşmalar Sistemi, o cümlədən Xırda Ödənişlər üzrə Hesablaşma və Klirinq Sisteminin (XÖHKS) sabit və davamlı fəaliyyətində hər hansı bir problem yaşanmadı. Sistem iştirakçılarının milli valyutada aparılan hesablaşmalarının fasiləsiz və təhlükəsiz formada həyata keçirilməsi tam təmin edildi.

Eyni zamanda, “Milli Ödəniş Sisteminin Modernizasiyası” layihəsi çərçivəsində ödəniş sistemlərinin təhlükəsiz və etibarlı fəaliyyətinin təmin olunması məqsədi ilə Mərkəzi Bankın mövcud ehtiyat mərkəz infrastrukturu müasir standartlar əsasında təkmilləşdiriləcəkdir. Həmçinin növbəti ildə XÖHKS-də beynəlxalq təcrübədə geniş tətbiq olunan “birbaşa debetləşmə” ödəniş alətinin istifadəsi üçün müvafiq funksional imkanın yaradılması, sistemdə informasiya təhlükəsizliyinin təmin olunması məqsədilə Mərkəzi Bankın Bank Sertifikat Xidmətləri Mərkəzinin təqdim etdiyi elektron imzadan istifadə edilməsi həyata keçiriləcəkdir.

Ən sərfəli kredit üçün müraciət et

Mərkəzi Bank tərəfindən pərakəndə nağdsız ödənişlərin inkişafı üzrə həyata keçirilən digər mühüm layihə “Kart Ödənişləri üzrə Milli Şəbəkə”nin yaradılmasıdır. Bu layihənin icrası ölkədə emissiya olunan ödəniş kartları ilə aparılan əməliyyatlar üzrə məlumatların emalı prosesinin ölkə daxilində həyata keçirilməsi ilə aparılan əməliyyatların effektivliyinin artırılmasını və təhlükəsizlik səviyyəsinin yüksəldilməsini təmin edəcəkdir. Layihə çərçivəsində görüləcək işlər nəticəsində prosessinq fəaliyyəti göstərən bütün kart prosessinq mərkəzlərinin infrastrukturları arasında interfeys (əlaqə) yaradılacaqdır və bununla da ölkədə emissiya edilmiş ödəniş kartları ilə ölkə daxilində aparılan əməliyyatların emalı yeni yaradılan infrastruktur vasitəsilə həyata keçiriləcəkdir.

Mərkəzi Bankın ödəniş sistemləri üzrə fəaliyyətinin digər mühüm istiqamətlərindən biri də yaradılmış Milli Ödəniş Sistemi infrastrukturundan daha səmərəli istifadə edilməsi, ölkənin bütün regionlarında maliyyə xidmətlərinə çıxış imkanlarının yaradılması, əhali və iqtisadi subyektlər arasında nağdsız hesablaşmaların genişləndirilməsidir. Bu sahədə görülən tədbirlərdən biri də vergi, rüsum, icarə haqqı və digər büdcə ödənişlərinin, həmçinin kommunal, rabitə və digər kütləvi xidmətlər üzrə ödənişlərin toplanılmasını təmin edən “Hökumət Ödəniş Portalı” nın (HÖP) yaradılmasıdır.

Hazırda dövlət sektorunda fəaliyyət göstərən bütün kommunal xidməti təşkilatları, büdcə yığımlarının toplanılması ilə məşğul olan 12 dövlət orqanı, həmçinin stasionar və mobil rabitə xidməti göstərən 5 operator yaradılmış infrastruktura inteqrasiya olunmuşdur. Eyni zamanda HÖP infrastrukturu Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən yaradılmış “Elektron Hökumət” dövlət informasiya resursu ilə tam şəkildə inteqrasiya olunmuşdur.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə (VXSİDA) həvalə edilən funksiyaların səmərəli və operativ icrasının təmin edilməsi məqsədilə Dövlət Agentliyi ilə birgə fəaliyyət göstərilir. Hazırda çoxfunksiyalı ASAN ödəniş sistemi vasitəsi ilə ödənişlərin, habelə “ASAN xidmət” mərkəzlərində göstərilən dövlət xidmətləri üzrə ödənişlərin HÖP üzərindən aparılması təmin edilib.

HÖP-ə inteqrasiya olunmuş təşkilatlar üzrə ümumilikdə 330-dan çox növdə xidmətlərlə bağlı ödənişlərin ölkənin bütün regionlarında (Naxçıvan Muxtar Respublikası daxil olmaqla) “Azərpoçt” MMC-nin və 40-dan çox bankın 2000-ə yaxın ödəniş məntəqəsində nağd formada və portalın internet resursundan istifadə edilməklə ödəniş kartları vasitəsilə nağdsız qaydada qəbul edilməsi imkanları yaradılıb.

Mərkəzi Bank tərəfindən yuxarıda qeyd olunan layihələrin reallaşdırılması ödəniş sistemlərinin fasiləsiz və təhlükəsiz fəaliyyətini, habelə iqtisadiyyatda nağdsız hesablaşmaların daha effektiv həyata keçirilməsini təmin edərək nağdsız ödənişlərin inkişafı və əhatə dairəsinin genişlənməsində mühüm rol oynayır.