"MDB-də hesablaşmaları milli valyutalarla aparmaq maliyyə risklərindən yaxa qurtarmağa çox kömək edərdi" | Banco.az

"MDB-də hesablaşmaları milli valyutalarla aparmaq maliyyə risklərindən yaxa qurtarmağa çox kömək edərdi"

"MDB üzvü olan ölkələrin çoxunun milli valyutaları öz dəyərini itirib. Biz hesablaşmaları dollar ilə apardığımıza görə bu, təbii ki, statistikada dərhal mənfi işarə ilə öz əksini tapır. Buna görə mən də Vladimir Putinin hesablaşmaları milli valyutalarla aparmağa keçid məsələsinin araşdırılması ideyasına qoşulmaq istərdim. Bu, bizim fəaliyyətimizlə bağlı olmayan müəyyən maliyyə risklərindən yaxa qurtarmağa, həmçinin milli valyutalarımızı möhkəmlətməyə imkan verər, iqtisadi inteqrasiya işinə daha çox kömək edərdi".

Banco.az "Report"a istinadən xəbər verir ki, bunu Azərbaycan prezidenti İlham Əliyev MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında çıxışı zamanı bildirib.

Tədbirin yüksək səviyyədə təşkilinə görə Qazaxıstan prezidenti Nursultan Nazarbayevə minnətdarlığını bildirən dövlət başçısı iclasın nəticələrinin əməkdaşlığa töhfə verəcəyini deyib.

İlham Əliyev Belarusda prezident seçkiləri, Qırğızıstanda isə parlament seçkilərinin uğurla keçirilməsi münasibətilə Belarus prezidenti Aleksandr Lukaşenkonu və Qırğızıstan prezidenti Almazbek Atambayevi təbrik edib. Prezident İlham Əliyev bildirib:

"Mən öz çıxışımda iki-üç mövzuya toxunmaq istərdim. Birincisi, bu, artıq qeyd edildi: qarşılıqlı iqtisadi fəaliyyətin yeni formalarının axtarılması zərurəti. MDB ölkələri arasında əmtəə dövriyyəsi azalıb. Dünyada baş verən müəyyən proseslər nəzərə alınsa, burada, əlbəttə, obyektiv amil var. MDB üzvü olan ölkələrin çoxunun milli valyutaları öz dəyərini itirib. Biz hesablaşmaları dollar ilə apardığımıza görə bu, təbii ki, statistikada dərhal mənfi işarə ilə öz əksini tapır. Buna görə mən də Vladimir Putinin hesablaşmaları milli valyutalarla aparmağa keçid məsələsinin araşdırılması ideyasına qoşulmaq istərdim. Bu, bizim fəaliyyətimizlə bağlı olmayan müəyyən maliyyə risklərindən yaxa qurtarmağa, həmçinin milli valyutalarımızı möhkəmlətməyə imkan verər, iqtisadi inteqrasiya işinə daha çox kömək edərdi. İqtisadi sahədə əməkdaşlığın yeni formalarının, həmçinin xüsusən zəngin təbii ehtiyatlara malik olan ölkələrdə yeni iqtisadi modelin möhkəmlənməsinin yeni formalarının axtarışı, əlbəttə, dövlətlərimizin gündəliyindədir. Düşünürəm ki, burada meydana çıxan riskləri minimuma endirmək üçün daha fəal məsləhətləşmələr, fikir və təcrübə mübadiləsi aparmaq olar".

Ən sərfəli kredit üçün müraciət et

Onun sözlərinə görə, "MDB ölkələri, – mən təbii ehtiyatlara, neftə, qaza malik olan ölkələri nəzərdə tuturam, – neft və qaz hasil edən çoxsaylı ölkələr arasında bu böhrana müqavimət baxımından ən yaxşı göstəricilərə malikdirlər. Azərbaycan nəqliyyat təhlükəsizliyi məsələlərində fəal iştirak edir. Biz, həmçinin bütün MDB ölkələrini irəli sürdüyümüz təşəbbüslərə, o cümlədən Birliyin üzvü olan bəzi ölkələrlə müştərək təşəbbüslərə qoşulmağa dəvət edirik. Bu ilin avqust ayında Qazaxıstandan keçməklə Çindən Azərbaycana gələn ilk konteyner qatarı qəbul edilib. Bu, Şərq-Qərb dəhlizinin yeni cizgilər kəsb etməyə başladığını göstərən yaxşı əlamətdir. Bu dəhlizin böyük geosiyasi əhəmiyyəti var və o, əlbəttə, həmin yol üzərində, habelə bu nəqliyyat marşrutunun yaxınlığında yerləşən ölkələrin daha sıx inteqrasiyasına imkan verəcək".

"Biz “Şimal-Cənub” dəhlizinin layihəsi üzərində, ilk növbədə Rusiya Federasiyası və İranla fəal işləyirik. Artıq ciddi razılaşmalar əldə olunub, bizim dəmir yolu magistrallarının birləşdirilməsi prosesinin sürətləndirilməsinə dair konkret qərarlar qəbul edilib. Bu layihə böyük maliyyə gəlirləri vəd edir. Bu magistral Çinin, Hindistanın, İranın, Azərbaycanın, Rusiyanın və Avropanın nəhəng bazarlarını birləşdirən ən rahat və ən qısa yoldur. Həmçinin sizə bu barədə məlumat vermək və tərəfdaş ölkələrimizi bu layihəyə qoşulmağa dəvət etmək istərdim. Bu iştirak müxtəlif formada ola bilər – sərmayə qoyuluşu, yüklərin təminatı ilə bağlı məsələlər. Düşünürəm ki, biz bu istiqamətdə birlikdə işləyə bilərik. Əgər sərmayələrlə bağlı istək olarsa biz bunu yalnız alqışlayacağıq. Əgər belə arzu yoxdursa, bu magistralın yaxın iki il ərzində tam işə düşməsi üçün mümkün yeni yüklərin səfərbər edilməsi sahəsində birgə işləyə bilərik", - deyə İlham Əliyev qeyd edib.