Maliyyə naziri deputatların çətin sualları ilə üzləşib | Banco.az

Maliyyə naziri deputatların çətin sualları ilə üzləşib

Azərbaycan Beynəlxalq Bankının sabiq rəhbərliyi ciddi səhvlərə yol verdiyi üçün bütün rəhbər işçilər tutduğu vəzifədən kənarlaşdırılıb. 

ANS PRESS-in məlumatına görə, bunu maliyyə naziri Samir Şərifov Milli Məclisin İqtisadi siyasət, Aqrar siyasət, Təbii ehtiyatlar və energetika, Sosial siyasət, Təhlükəsizlik və müdafiə komitələri tərəfindən keçirilən 2016-cı il üzrə "Azərbaycanın dövlət büdcəsi layihəsi"nin müzakirəsi zamanı bildirib.

Müzakirələrdə çıxış edən millət vəkili Zahid Oruc deyib ki, Azərbaycan Beynəlxalq Bankı ilə bağlı baş verən məsələlər ölkə iqtisadiyyatına mənfi təsir edir. Deputat müzakirələrdə iştirak edən maliyyə naziri S.Şərifovdan heç bir girov olmadan Azərbaycan Beynəlxalq Bankının müəyyən adamlara iri məbləğdə kreditləri necə verdiyini soruşub: "Halbuki sadə vətəndaşlara kredit verən zaman həmin bank kredit məbləğindən az qala üç qat artıq girov tələb edir"



Maliyyə naziri isə öz növbəsində Beynəlxalq Bankın rəhbərliyinin ciddi vəzifə nöqsanlarına yol vediyini bildirib. "Bankın sabiq rəhbərliyi tərəfindən ciddi səhvlərə yol verilib. Bu səbəbdən də əvvəlki rəhbərlik tutduğu vəzifədən kənarlaşdırılıb. Hazırda bəzi əməllərə hüquqi qiymət verilməsi üçün hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır. Beynəlxalq Bankın keçmiş rəhbərliyi təminat olmadan riskli layihələrə imza atıb, Azərbaycan Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş tələblərə əməl etməyib",- deyə nazir əlavə edib.



Samir Şərifov- Maliyyə naziri

İki gün əvvəl Beynəlxalq Banka küllü miqdarda borcu olduğuna görə həbs edilən iş adamlarına, aldıqları kreditlərin qarşılığında banka girov qoymadıqları üçün saxlandıqları istintaq təcridxanalarında onlara girov haqqında sənədlər imzalatdırılmağa başlanıb. İş adamlarının hüquqlarını müdafiə edən vəkil Kamandar Nəsibov açıqlamasında buna səbəb kimi kredit götürən şəxslərin bəzilərinin həmin vaxt kasıb olduqlarını, pulu götürdükdən sonra özlərinə iş qurduqlarını, buna görə onların yenicə girov sənədləri imzaladıqlarını bildirmişdi. İqtisadçı ekspert Nicat Hacızadə isə böyük məbləğdə kreditin girovsuz verilməsinin qeyri-qanuni olduğunu bildirmişdi.



Nicat Hacızadə- İqtisadçı ekspert

Adı çəkilən biznesmenlər bu ilin may ayında həbs edilib. Onların arasında “Avesta” konserninin rəhbəri Hacı İbrahim Nehrəmli, neft oliqarxı, “PNN Group”un təsisçisi, Azərbaycanda “KFC” restoranlar şəbəkəsinin qurucusu Nizami Piriyev, “Globus Plaza”nın sahibi, eks-deputat Dünyamin Xəlilov, “Azİmport” şirkətinin rəhbəri, Dövlət Bayrağı Meydanı İdarəsinin sabiq rəisi Rəşad Məmmədov kimi tanınmış şəxslər də vardı. Saxlanılan iş adamlarından 43-ü sonradan borcunu qaytardığına görə sərbəst buraxılmışdı.

Həbs edilən şəxslər Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə təqsirləndirilib və onların haqqında 4 aylıq həbs qətiimkan tədbiri seçilib.

Ən sərfəli kredit üçün müraciət et