Vergilər Nazirliyi avtomobil lizinq xidmətlərinin göstərilməsinə məhdudiyyətlər tətbiq edib. Belə ki, artıq VÖEN-i olmayan fiziki şəxslərə lizinq yolu ilə avtomobil verilməyəcək.
Əvvəllər maşın almaq istəyən şəxslər öncə VÖEN açdırmalı və orada gəlirləri barədə bəyannamə təqdim etməlidi idilər. İndi isə Vergilər Nazirliyi tərəfindən avtomobil lizinq xidmətlərinin göstərilməsinə məhdudiyyətlər tətbiq edildiyindən bu qaydalarda bəzi dəyişikliklər baş verib.
Bundan sonra VÖEN-i olmayan fiziki şəxslərə lizinq yolu ilə avtomobil verilməsinə qadağa qoyulub. Yəni maşın almaq istəyən şəxslər öncə VÖEN açdırmalı və orada gəlirləri barədə bəyannamə təqdim etməlidirlər. Əgər şəxsin gəliri avtomobilin pulunu ödəmək həddindədirsə, o zaman lizinqə icazə veriləcək. Lizinqi ödənilib qurtarana qədər isə VÖEN-nin müvəqqəti dondurulması imkanı məhdud olacaq.
Artıq bir neçə aydır ki, Mərkəzi Bank analoji addımı atıb. Mərkəzi Bank kommersiya banklarına avtomobil kreditlərinin verilməsinə qadağa qoyub. Bu qadağadan sonra bankların bu vəzifəsini lizinq şirkətləri həyata keçirməyə başlamışdı.
Ekspertlər isə bu məsələyə fərqli yanaşırlar. İqtisadçı-ekspert Samir Əliyev deyir ki, avtomobillərin satışına məhdudiyyətlərin qoyulmasının səbəbi yanacağa olan tələbatın artmasıdır: “Son illər ölkəyə maşın idxalı artdığına görə hökumət yanacağa olan tələbatı tam ödəyə bilmir. İxrac edən ölkədən idxal edən ölkəyə çevrilmək üzrəyik. Artıq proses başlayır, Aİ-95-in idxalı da bu yönəmdə olan tədbirlərdən biridir. Kreditlə avtomobil satışına məhdudiyyətlərin qoyulması bu məhsulun ölkəyə idxalını müəyyən qədər azalda biliblər. O zaman bildirmişdik ki, qadağalar qoyulması vəziyyətdən çıxış yolu deyil”.
S.Əliyev təklif edir ki, lizinqin kreditdən fərqi ondan ibarətdir ki, belə şirkətlər nəqliyyat vasitələrini hər hansı bir təşkilatdan, şəxsdən alır, sonra onu üçüncü bir şəxsin idarəçiliyinə verir: “Müqavilə şərtləri əsasında, müəyyən müddətdə vəsait ödəyirsən. Müqavilə müddəti bitdikdən sonra avtomobil üçüncü şəxsin adına keçir. Lakin burada faiz dərəcələri kreditlərə nisbətən baha olur”.
Ekspert Vergilər Nazirliyinin lizinq şirkətlərinə qarşı irəli sürdüyü tələbini obyektiv sayır.
S.Əliyev vurğuladı ki, lizinq şirkətlərinin əksəriyyəti banklara yaxın şirkətlərdir: “Azərbaycanda lizinq şirkətləri lisenziya almadan fəaliyyət göstərir. İstənilən şirkət bu fəaliyyət növü ilə məşğul ola bilər. Ölkədəki hər bir bankın sığorta, lizinq və qiymətləndirmə şirkəti var. Banklar birbaşa bu xidmətlərdə iştirak etməsə də, dolayısı yolla əlaqələri var”.
İqtisadçı alim Vüqar Bayramov isə açıqlamasında bildirib ki, mövcud qanunvericiliyə əsasən, lizinq xidmətləri hüquqi və ya fiziki şəxslər arasında bağlana bilər. Tərəflər öhdəliklər götürdüyü üçün onların qeydiyyatdan keçməsi vacibdir: “Əslində Vergilər Nazirliyi mövcud qanunvericiliyə əsaslanaraq lizinqlə avtomobil almaq istəyənlərin fiziki şəxs kimi qeydiyyatdan keçərək VÖEN almasını tələb edir. Məsələ ondadır ki, fiziki şəxs kimi qeydiyyatdan keçmədən imzalanan lizinq müqaviləsinin hüquqi əsası yoxdur. Belə ki, lizinq götürülən avtomobil lizinq obyekti kimi istifadə edilir və bundan gəlir əldə edilməsi də mümkündür. Vergilər Nazirliyinin tələbinə görə, lizinqlə avtomobil almaq istəyən şəxs qeydiyyatdan keçir və vergi ödəyicisi olur və yalnız lizinq müqaviləsi başa çatandan sonra VÖEN-i bağlamaq hüququna malik olur. Əslində bu, lizinq almaq istəyən şəxsləri narahat etməməlidir. Onlar internet vasitəsilə elektron qeydiyyatdan keçib VÖEN ala bilərlər. Bu, cəmi yarım saat zaman tələb edir".
Ekspertin sözlərinə görə, sadəcə, onların hər rübün sonu vergi hesabatı verməsi vacibdir: “Yalnız gəlir əldə edəcəkləri halda vergi ödəyəcəklər. Amma hətta gəlir əldə etməsələr də, belə rüblük və illik hesabatları təqdim etməlidirlər. Əks halda, onlar nazirlik tərəfindən cərimə ediləcəklər”.
Mənbə: milli.az