Kredit istəyərkən rədd cavabı almamaq üçün nə etməli? | Banco.az

Kredit istəyərkən rədd cavabı almamaq üçün nə etməli?

- İlk öncə kredit götürmək istədiyiniz bankların siyahısını tərtib edin. Çalışın, daimi müştərisi olduğunuz banka (məsələn, depozit hesabınız açıqdırsa) və ya maaşınızı götürdüyünüz banka müraciət edəsiniz.

- Bankın saytına daxil olaraq, borcgötürənlər üçün müəyyən edilmiş tələbləri diqqətlə nəzərdən keçirin. Əgər siz həmin tələblərə cavab vermirsinizsə, o zaman həmin banka kredit üçün müraciət etmək əbəsdir. Bu, sizin üçün boş vaxt itkisi ola bilər. Yox, əgər siz bu bankın köhnə müştərisisinizsə, o zaman tələblərə cavab verməsəniz də, sizə bank tərəfindən müəyyən güzəştlər edilə bilər.

- Bankın saytına daxil olarkən, sizə lazım olan kredit məhsullarına mütləq nəzər salın: kredit kartları, nağd kredit, ipoteka krediti və avtokredit üzrə bank təkliflərini incələyin.

- Özünüzə lazım olan kredit məhsulunu müəyyənləşdirdikdən sonra  sizin ödəmə qabiliyyətinizi yoxlamaq üçün bank tərəfindən tələb olunan sənədlər siyahısı ilə tanış olun.

- Əgər sizə aydın olmayan məqamlar varsa, o zaman öz suallarınızı siyahı formasında qeyd edin və daha sonra banka kredit üçün müraciət etdikdə həmin sualları bank əməkdaşına ünvanlayın. Qeyd edək ki, bankın saytında sizə aydın olmayan məlumatlara rast gəlməyiniz olduqca normal haldır. Çünki həmin saytlarda dərc olunan məlumatlarda, adətən, bank terminologiyasından istifadə olunur. Bu səbəbdən də həmin terminlərin hamısı sizə tanış olmaya bilər.

- Suallardan ibarət siyahını tamamladıqdan sonra banka getməyi gözləməyib, bankın özünə telefon açaraq, bank əməkdaşlarına suallarınızı ünvanlaya bilərsiniz. Bank əməkdaşları sizin bank məhsulları barəsində istənilən sualınızı cavablandırmaq və sizə faydalı məsləhətlər vermək məcburiyyətindədirlər.

Ən sərfəli kredit üçün müraciət et

- Banka kredit üçün müraciət etməzdən öncə, ilk növbədə, tələb olunan bütün sənədləri özünüzlə götürdüyünüzdən əmin olun. Əgər siz zaminlə kredit götürmək niyyətindəsinizsə, bu zaman həmin şəxsə aid olan sənədləri də toplamalısınız.

- Banka gedəcəyiniz tarixi öncədən müəyyən edin. Unutmayın ki, kreditgötürmə prosesi sizin bir neçə saatınızı alacaq. Çünki bu proses yalnızca kreditin verilməsindən ibarət deyil. Həmin mərhələyə qədər siz bankda bir neçə saat növbə gözləməlisiniz. O səbəbdən də bu prosesin qısa zaman ərzində yekunlaşacağı fikrini ağlınızdan çıxarın.

- Müraciətiniz bank tərəfindən qəbul olunduqdan sonra sizə kredit qismində veriləcək pulun məbləğini dəqiqləşdirin. Əksər hallarda, həmin məbləğə sığorta və komissiya haqları da daxil edilir.

- Bankın nə qədər müddət ərzində sizə kredit verdiyinə diqqət edin. Əgər sizə veriləcək kreditin həcmi çoxdursa, o zaman həmin kreditin verilmə müddəti bir neçə gün davam edə bilər. Əgər sizin üçün müəyyən edilmiş kreditin məbləği azdırsa və sizi qane etmirsə, o zaman siz bank tərəfindən təklif olunan krediti götürmək məcburiyyətində deyilsiniz. Seçim sizindir. Başqa banka kredit tələbi ilə müraciət edə və daha səmərəli şərtlərlə kredit götürə bilərsiniz.

Sevinc İbadova/Banco.az