Koronavirus pandemiyasının dünyanı öz təsiri altına alması dünya əhalisini yaşayış və iş şəraitlərini dəyişdirməyə və müvafiq yeniliklər tətbiq etməyə sövq etdi. Hazırda yaşadığımız vəziyyətin əsas üstünlüyü isə ayrı-ayrı şəxslərin və şirkətlərin pandemiyadan sonrakı dövrdə daha dayanıqlı olacağıdır. Bugünkü məqaləmizdə koronavirus pandemiyasından sonrakı dövrdə həyatımızda hansı dəyişikliklərin olacağına dair proqnozlardan bəhs etmişik.
1. Daha təmassız interfeyslər və qarşılıqlı əlaqə
Sensorlu cihazların həyatımıza girməsilə demək olar ki, bütün işlərimizdə aktiv yer almasından əslində elə də uzun bir müddət keçməmişdir. Covid-19 bir çoxumuza göstərdi ki, sensorlu cihazlardan istifadə etməklə xəstəliyin ötürülməsi mümkündür və bu səbəbdən də pandemiyadan sonrakı dövrdə sensonlu cihazların azalacağı, audio və vizual interfeysə malik cihazlara üstünlük veriləcəyi güman edilir. Vizual interfeysdən hazırda sosial mediada filtrlənməni təmin etmək və bəzi mağazalarda avtomon kassların fəaliyyət göstərməsi üçün istifadə edilir. Hamıya məlumdur ki, hələ pandemiyadan çox əvvəl mobil telefonlar vasitəsilə ödənişlərin həyata keçirilməsi mümkün idi. Buna baxmayaraq, təmas tələb edən cihazların məhdudlaşdırılmasını istəyən insanların sayının artması ilə mal və xidmətlər üçün ödəniş imkanlarının heç bir fiziki təmas tələb etmədən icra olunması gündəmə gələ bilər.
2. Gücləndirilmiş rəqəmsal infranstruktur
Covid-19 dünyanın hər yerində insanları evdən işləməyə və cəmiyyətdən izolyasiya olunmağa vadar etdi. İşgüzar iclaslar, məktəb və universitet dərsləri, idman məşqləri və daha bir çox gündəlik fəaliyyətlərimizi evdən çıxmadan icra etməyin mümkünlüyü üçün rəqəmsal texnologiyanın üstünlüklərindən faydalanmağımız, əslində bizə göstərdi ki, pandemiyadan sonrakı dövrdə də bu fəaliyyətlərdən bir çoxunu eyni üsulla icra edə bilərik. Məsələn, bir günlük işgüzar iclas üçün hər hansı bir xarici ölkəyə getməklə video konfrans vasitəsilə həmin iclasda iştirak etmək eyni dərəcədə effektiv olur, ikincinin müsbət cəhəti isə vaxt itkisinə yol verilməməsidir.
3. Əşyaların interneti və data texnologiyası ilə daha yaxşı nəzarət
Hazırkı şəraitdə datanın əhəmiyyəti bizə bir daha sübut olundu. Bu təcrübə nəticəsində öyrəndiklərimiz gələcəkdə də oxşar vəziyyətlər yaranarsa, internet texnologiyasından və datanın üstünlüklərindən necə istifadə etməli olduğumuzu göstərdi. Milli və ya beynəlxalq tətbiqlər daha yaxşı erkən xəbərdarlıq sistemlərinə çevrildilər, çünki onlar virus riski daşıyan və simptomların müşahidə olunduğu insanları izləyə və bu barədə hesabat vermək imkanına malikdirlər. Gələcəkdə oxşar vəziyyət yarandığı təqdirdə, GPS məlumatları yoluxmuş insanların yerini müəyyənləşdirməyə və onların kimlərlə ünsiyyətdə olduğunu göstərməyə imkan yarada bilər. Bu cəhdlərin hər biri eyni zamanda şəxsi məlumatların təhlükəsizliyini də təmin etmək üçün diqqətli tətbiq edilmə tələb edir ki, həm müəyyən pandemiya riski halında insanları izləmək mümkün olsun, həm də şəxsi məlumatların yayılmasına səbəb olmasın.
4. Dərman istehsalında süni intellekt texnologiyasından istifadə
Covid-19 və gələcəkdə də yarana biləcək hər hansı bir virusu aradan qaldırmaq üçün lazımi dərman preparatları və müvafiq vaksin nə qədər tez tapılıb istifadəyə buraxılsa, təhlükə də bir o qədər tez aradan qalxmış olar. Süni İntellekt texnologiyası dərman hazırlanması üçün olduqca ideal hesab edilir, çünki o, insan cəhdlərini sürətləndirə və tamamlaya bilir. Odur ki, hazırki təcrübəyə istinadən gələcəkdə dərman istehsalında süni intellekt texnologiyasının tətbiq olunacağını güman edə bilərik.
5. Teletibb
Teletibb artıq dünyanın hər yerində geniş müzakirə olunan və getdikcə səhiyyə sistemlərinin ayrılmaz tərkib hissəsinə çevrilən bir konsepsiyadır. Teletibb telekommunikasiya vasitələrindən istifadə etməklə xəstələrin müayinə və müalicəsinin təmin edilməsi deməkdir. Hazırki şərait bir daha sübut etdi ki, xəstəxanalara getmək zərurəti yaranmadan xəstələrin vəziyyətini müəyyənləşdirmək və hətta həkimlə xəstənin heç bir fiziki təması olmadan müayinə və müalicəni təmin etmək olduqca zəruridir. Odur ki, gələcəkdə teletibb anlayışının insanların həyatında daha geniş yer alacağı düşünülür.
6. Onlayn alış-verişin artması
Vaxt keçdikcə insanların böyük əksəriyyətinin fiziki mağazalara getmədən internet vasitəsilə onlayn formada alış-verişə üstünlük verməsi danılmaz bir həqiqətdir. Ancaq hazırki şəraitdə, yalnız alış-veriş müəssisələri deyil, onlayn xidmət göstərə bilməyən bütün müəssisələr maliyyə problemləri ilə üzləşməli oldu. Odur ki, pandemiyadan sonrakı dövrdə bazarda rəqabət apara bilmək üçün təyinatından asılı olmadan bütün müəssisələr müştərilərinə onlayn formada da xidmət göstərməyə başlayacaq və logistika və çatdırılma sistemlərini daha da təkmilləşdirmək üçün zəruri addımlar atılacaq.
7. Robotlara inamın artması
Robotların virusa yoluxması mümkün deyil. Bu səbəbdən də müəssisələr, xüsusilə də çatdırılma xidmətinin icrası üçün robotlardan istifadənin əhəmiyyətini inanırıq ki, hazırda çox yaxşı başa düşüblər və pandemiyadan sonrakı dövrdə əksər müəssilərin robotlara üstünlük verəcəyi proqnozlaşdırılır.
8. Rəqəmsal tədbirlərin artması
İnsanların iştirakı ilə keçirilən tədbirlərin həm təşkilatçıları, həm də iştirakçıları hazırki şəraitdə bu tədbirləri rəqəmsal mühitə inteqrasiya etməyin mənfi və müsbət cəhətlərini müşahidə etdilər. Yuxarıda da qeyd etdiyimiz kimi, artıq hər hansı bir tədbirdə və ya iclasda iştirak etmək üçün uzaq məsafələrə səfər etməyin labüd olmadığı, eyni effektivliyi video konfranslar vasitəsilə də əldə etməyin mümkünlüyü sübut olundu.
9. E-idman oyunları
İdman azarkeşləri səbirsizliklə gözlədikləri idman tədbirlərinin koronavirus pandemiyası səbəbilə təxirə salınması ilə məyus oldular. Lakin e-idman oyunları inkişaf etməkdədir. Hətta Formula 1 yarışlarının elektron versiyası da mövcuddur. Əsas idman tədbirlərindən fərqli olaraq e-idman tədbirləri asanlıqla onlayn rejimə keçə bilər.
Koronavirus pandemiyası həyat şəraitimizi dəyişib səbrimizi sınasa da, bu vəziyyətin dayanıqlılığımızı artıracağını və ehtiyac duyulan yeni texnologiyaların gündəlik həyatımıza inteqrasiya edəcəyini güman edərək daha yaxşı gələcəyə inanırıq.
Həmçinin oxu: Covid-19 səyahət vərdişlərimizi necə dəyişəcək?
Tamara Mustafayeva, Banco.az
Bizi sosial şəbəkələrdən izləyin!!