Kənd təsərrüfatı texnikası istehsalçılara lizinqlə satılacaq | Banco.az

Kənd təsərrüfatı texnikası istehsalçılara lizinqlə satılacaq

Nazirlər Kabineti “Aqrolizinq” ASC tərəfindən yeni alınan, lizinqə verilən və lizinq yolu ilə satılan texnikaya güzəştlərin tətbiq edilməsi Qaydaları”nı təsdiq edib. SİA-nın  məlumatına görə, bu Qaydalar kənd təsərrüfatı məhsullarının istehsalçıları tərəfindən “Aqrolizinq” ASC-dən lizinqə götürülmüş, götürüləcək və satın alınacaq, habelə Yaponiya Hökumətinin 2KR Proqramı çərçivəsində (dəyərinə güzəşt tətbiq edilmiş qrant hesabına alınan texnikalar istisna olmaqla) alınmış və icarəyə verilmiş özüyeriyən, asılan və qoşulan kənd təsərrüfatı texnikasının  dəyərinə güzəştlərin tətbiq edilməsi ilə bağlı prosedurları müəyyən edir.

Kənd təsərrüfatı texnikasına güzəştlərin tətbiq edilməsi məqsədi ilə Kənd Təsərrüfatı Nazirliyinin əmri ilə müvafiq sahədə təcrübəli mütəxəssislərdən ibarət daimi fəaliyyət göstərən xüsusi komissiya (bundan sonra - Xüsusi Komissiya) yaradılır. Xüsusi Komissiya istifadəçilər tərəfindən təqdim olunmuş sənədləri 10 gün müddətində araşdırır, müvafiq qaydada “Aqrolizinq” ASC tərəfindən lizinqə verilmiş, habelə Yaponiya Hökumətinin 2KR Proqramı çərçivəsində (dəyərinə güzəşt tətbiq edilmiş qrant hesabına alınan texnika istisna olmaqla) alınmış və icarəyə verilmiş kənd təsərrüfatı texnikasının öhdəlik üzrə qalıq dəyərini (məbləğini) müəyyən edir və bu barədə istifadəçiyə yazılı məlumat verir. Kənd təsərrüfatı texnikasının qalıq dəyəri (məbləği) onun ilkin məbləğinin 40%-i həcmində və ya ondan az olduqda, “Aqrolizinq” ASC-nin zərəri hesabına faktiki qalıq məbləği həcmində güzəşt tətbiq edilməklə, “Aqrolizinq” ASC və istifadəçi arasındakı lizinq (icarə) müqaviləsinə xitam verilməsi ilə bağlı Xüsusi Komissiya tərəfindən müvafiq qərar qəbul edilir. Həmin texnikanın istifadəçinin mülkiyyətinə keçməsi Azərbaycanın mülki qanunvericiliyi ilə müəyyən edilmiş qaydada rəsmiləşdirilir. Kənd təsərrüfatı texnikasının qalıq dəyəri (məbləği) onun ilkin məbləğinin 40 faizindən çox olduqda və ilkin məbləğinin ən azı 20%-nin ödənildiyi təqdirdə, “Aqrolizinq” ASC-nin zərəri hesabına ilkin məbləğin 40%-i həcmində güzəşt tətbiq edilməklə, yeni lizinq müqaviləsinin bağlanılması barədə Xüsusi Komissiya tərəfindən qərar qəbul edilir. Bu Qaydaların qüvvəyə mindiyi tarixdən sonra istifadəçilər tərəfindən “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətindən lizinqə götürüləcək və satın alınacaq kənd təsərrüfatı texnikasının ilkin dəyərinin 20%-i ödənildiyi təqdirdə, dövlət büdcəsinin vəsaiti hesabına həmin texnikanın ilkin dəyərinin 40%-i həcmində güzəştin tətbiq edilməsi barədə Xüsusi Komissiya tərəfindən qərar qəbul edilir. Kənd təsərrüfatı texnikasının ilkin dəyərinin 40%-i həcmində güzəşt tətbiq edilməklə, onun dəyərinin qalan məbləği birdəfəyə ödənildikdə, “Aqrolizinq” ASC 3 iş günü müddətində həmin texnikanın alıcının mülkiyyətinə verilməsini təmin edir.

Ən sərfəli kredit üçün müraciət et

Eyni zamanda bu qərar qüvvəyə mindiyi tarixədək kənd təsərrüfatı məhsullarının istehsalçıları tərəfindən “Aqrolizinq” ASC-dən lizinqə götürülmüş, habelə Yaponiya hökumətinin 2KR Proqramı çərçivəsində (dəyərinə güzəşt tətbiq edilmiş qrant hesabına alınan texnika istisna olmaqla) alınmış  və icarəyə verilmiş özüyeriyən, asılan və qoşulan kənd təsərrüfatı texnikasına həmin texnikanın qalıq dəyəri həcmində, lakin onların ilkin dəyərinin 40%-indən yuxarı olmamaq şərti ilə, “Aqrolizinq” ASC-nin zərəri hesabına güzəşt tətbiq ediləcək. Bu qərar qüvvəyə mindiyi tarixdən kənd təsərrüfatı məhsullarının istehsalçıları tərəfindən “Aqrolizinq” ASC-dən lizinqə götürüləcək və satın alınacaq özüyeriyən, asılan və qoşulan kənd təsərrüfatı texnikasının ilkin dəyərinin 20%-i ödənildikdə, dövlət büdcəsinin vəsaiti hesabına onların ilkin dəyərinin 40%-i həcmində güzəşt tətbiq ediləcək. Nəzərdə tutulan kənd təsərrüfatı texnikasının güzəşt məbləği çıxıldıqdan və qalıq dəyəri tam ödənildikdən sonra həmin texnika kənd təsərrüfatı məhsulları istehsalçılarının mülkiyyətinə veriləcək. Maliyyə Nazirliyinə tapşırılıb ki, bu qərarın icrası ilə bağlı tələb olunan maliyyə vəsaitinin ayrılmasını müəyyən olunmuş qaydada təmin etsin.

Qərar 5 il müddətində qüvvədədir.

 

  Sia.az