Kasko sığortası haqqında nələri bilməliyik? | Banco.az

Kasko sığortası haqqında nələri bilməliyik?

Müəllif: Sığorta sahəsi üzrə məsləhətçi Vasif Kamalzadə

Sığorta (ing.incurance)-şəxslərin əmlakı, həyatı, sağlamlığı, mülki məsuliyyəti, həmçinin qanunvericilikdə qadağan olunmayan fəaliyyəti, o cümlədən sahibkarlıq fəaliyyəti ilə əlaqədar olan əmlak mənafelərinin müdafiəsi sahəsində riskin ötürülməsinə və ya bölüşdürülməsinə əsaslanan münasibətlər sistemidir.

Sual oluna bilər: Biz hansı hadisələrdə sığorta görə bilərik?

Məsələn, çox tez-tez yol-nəqliyyat hadisələri, təyyarə qəzası, binaların yanması barədə eşidir, oğurluqla üzləşən, işəldiyi zaman xəsarət alan insanların hekayəsi ilə tanış oluruq. Hər belə hekayənin arxasında insan faciəsi və bununla əlaqəsi olan şəxslərin narahatlığı dayanır. Bu hekayələr özü-özlüyündə həm də sığorta mexanizminə tələbatın olmasını nümayiş etdirir. Bu mexanizm lazımi qaydada istifadə olunarsa, risklər real hadisəyə çevrildiyi zaman məruz qaldığımız maliyyə çətinliyini aradan qaldırmaqda bizə həm maddi, həm də qismən də olsa mənəvi cəhətdən yardımçı ola bilər.
 

Avtonəqliyyat vasitələri sahiblərinin mülki məsuliyyətinin sığortası, sığortalının özü, yaxud onun etibar etdiyi şəxs sığortalanmış avtomobil nəqliyyatı vasitəsindən istifadə edərkən digər şəxslərə və ya onların əmlakına vurduğu zərərin əvəzini onlara ödəmək öhdəliyi ilə üzləşərsə, həmin zərərin sığortaçı tərəfindən həyata keçirilməsini nəzərdə tutur. Bu sığorta sinfi üzrə müqavilələr həm icbari (yəni avtomobil sahibləri öz məsuliyyətlərini dövlət tərəfindən müəyyən edilən qaydada mütləq sığorta etdirməlidirlər), həm də könüllü(kasko)formada bağlanır

Avtomobil sığortası - maşını, onun sahibini, sərnişinlərini və ətrafdakıları baş verə biləcək qəzaların törətdiyi maddi zərərlərdən qoruyur.

Avtomobil sığortası ayrı-ayrılıqda 3 sığorta növündən ibarətdir:

     1)KASKO sığortası (qəza, avtomobilin qaçırılması, oğurluq və s. hadisələr nəticəsində dəyən zərərin ödənilməsi);
     2) avtonəqliyyat vasitələri sahiblərinin mülki məsuliyyətinin könüllü sığortası (qəza nəticəsində üçüncü şəxslərin əmlakına, həyatına və səhhətinə vurulmuş zərərin ödənilməsi);
     3) bədbəxt hadisələrdən sığorta (qəza nəticəsində avtomobilin sürücüsünə, sərnişinlərin həyatına və səhhətinə vurulan zərərin ödənilməsi) aiddir.

Avtomobil sahibi bu təminatların arasından ən uyğun olanlarını və ya hər üçünü seçə bilər. Bunun üçün sığorta müqaviləsi bağlamaq kifayətdir. Bu müqavilə sığorta şirkəti ilə birbaşa, ya da sığorta agenti və sığorta brokerləri vasitəsilə bağlana bilər.

Sığorta haqqı maşının dəyərindən, ödəniş məbləğindən, sürücünün təcrübəsindən və başqa detallardan asılı olaraq sığorta məbləğinin 3-5%-ni təşkil edir.  

Məsələn, qiyməti 15000 manat olan "Mercedes E 270" avtomobilin illik sığortası 450-750 manata başa gəlir.

Sığorta müqaviləsini imzalayarkən onu diqqətlə oxumaq, şərtləri ilə dəqiq tanış olmaq lazımdır. Hətta müqavilə bağlanandan sonra da avtomobil sahibləri maşın və onu idarə edən şəxslə bağlı bütün dəyişikliklər barədə sığorta şirkətinə məlumat verməlidir.
AZADOLMA MƏBLƏĞİ:Sığorta hadisəsi nəticəsində yaranan itkilərin və ya dəyən zərərin sığorta təminatı ilə əhatə olunmayan və sığortalının üzərində qalan hissəsi.

Sığortalanmış avtomobilin sığortası üzrə müqavilədə şərtsiz azadolma məbləği 500 manat müəyyən edilmişdir. Yol-nəqliyyat hadisəsi nəticəsində avtomobilə 8900 manat həcmində zərər dəyir. Bu halda sığortaçı sığorta olunana 8400 manat (8900 – 500 = 8400 manat) məbləğində ödəniş verir. Əgər müqavilədə azadolma məbləği şərtsiz deyil, şərtli nəzərdə tutulsa idi, bu zaman zərər həmin məbləğdən çox olduğu üçün bütövlükdə, yəni 8900 manat məbləğində ödəniləcəkdi. Bundan əlavə, əgər dəyən zərərin həcmi 500 manatdan az (məsələn, 489 manat) təşkil etsə idi, müqavilədə azadolma məbləğinin şərtli və ya şərtsiz nəzərdə tutulmasından asılı olmayaraq, heç bir sığorta ödənişi verilməyəcək.
Azərbaycan Respublikasının Mülki Məcəlləsi, maddə 898.2: Sığorta hadisəsi nəticəsində yaranan itkilərin və ya dəyən zərərin sığorta təminatı ilə əhatə olunmayan və sığortalının üzərində qalan hissəsi

Ən sərfəli kredit üçün müraciət et

Azadolma məbləği

Sığorta müqaviləsində aşağıdakı növlərdə azadolma məbləğləri müəyyən edilə bilər:

Şərtli azadolma məbləği – bu növ azadolma məbləği nəzərdə tutulduqda, sığorta hadisəsi nəticəsində zərər məbləği, avtomobilin qismən sığortası halında isə zərər məbləğinin sığorta ödənişinin həyata keçirilməsi üçün tətbiq edilən hissəsi azadolma məbləğindən çox olduqda və ya sığorta müqaviləsində razılaşdırılmış hər hansı digər halın baş verməsi şərtilə azadolma məbləği tətbiq olunmur.

Şərtsiz azadolma məbləği - bu növ azadolma məbləği nəzərdə tutulduqda azadolma məbləği zərər məbləğindən, avtomobilin qismən sığortası halında isə zərər məbləğinin sığorta ödənişinin həyata keçirilməsi üçün tətbiq edilən hissəsindən çıxılır.

Sığorta müqaviləsində nəzərdə tutulmuş azadolma məbləğinin şərtli və ya şərtsiz olması müəyyənləşdirilməmişdirsə, həmin müqavilə üzrə şərtsiz azadolma məbləği tətbiq olunur.

Azadolma məbləği həm pul məbləği, həm də sığorta məbləğinin və ya zərər məbləğinin faiz nisbəti ilə ifadə oluna bilər.

Bu Qaydaların 39.2-ci bəndində müəyyən edilmiş hal istisna olmaqla, sığorta müqaviləsində müxtəlif hallar üçün müxtəlif azadolma məbləğləri müəyyən oluna bilər.

Əziz sığortalılar avtomobilinizi KASKO sığorta etdirərkən ilk fikir verəcəyiniz amillər bunlardır:
1.Əgər nəqliyyat vasitəsi tam yararsız hala düşərsə, sığorta şirkəti hansı risk dərəcəsində məsuliyyət göstərir, yəni avtomobilin dəyərinin neçə faizi məbləğində sığorta verəcək;

2. Sığorta hadisəsi baş verən zaman azad olma (Franşiza) məbləği nə qədər olacaq;
3.Sığorta sizin adınıza olduğu halda digər sürücü sükan arxasında olarsa, bu halda hər hansı sığorta hadisəsi baş verərsə, sığorta şirkəti dəymiş zərəri öz üzərinə götürəcək yoxsa yox;
4. Gələcəkdə sığorta hadisəsi baş verdiyi halda sizi sığorta şirkəti avtomobiliniz təmirdə olduğu müddətdə digər avtomobillə təmin edəcək yoxsa yox;
5. Əgər sığorta dövrü müddətində bir neçə dəfə sığorta hadisəsi baş verərsə, yəni sığorta məbləği hansi miqdara qədər artırıla bilər;
     

Bir çox sığorta şirkətləriKASKOsığorta müqaviləsi bağlayarkən, azadolma məbləği haqqında sığortalıya məlumat vermirlər. Bunun nəticəsi də sığorta hadisəsi baş verəndə sığortaçı ilə sığortalı arasında mübahisəyə səbəb olur.KASKOsığorta müqaviləsi bağlayanda sığorta haqqının az olmasına maraq göstərməyin. Çünki bir çox sığorta şirkətləri sığortalı ilə KASKO müqaviləsi bağlayarkən azad olma məbləği haqqında məlumat vermirlər. Özləri azad olma məbləğini daha yüksək qoyurlar ki, bu zaman da sığorta haqqı aşağı olur və sığortalı elə bilir ki bu müqavilədə az sığorta haqqı ödəməklə udub. Amma əslində tam əksi olur çox vaxt. KASKO müqaviləsi bağlayarkən azad olma məbləğini nə qədər çox seçsəniz sığorta hadisəsi baş verən zaman sığorta şirkətindən alacağınız məbləğ bir o qədər az olacaq. Ona görə də avtomobilinizi sığorta etdirərkən qiymətə yox tövsiyələrə diqqət edin.