İş elanının düzgün tərtibatı və optimal namizədlərin cəlb edilməsi haqqında | Banco.az

İş elanının düzgün tərtibatı və optimal namizədlərin cəlb edilməsi haqqında

Keyfiyyətli yazılmış iş elanı bizə bir çox üstünlük verir:

  • Əksər uyğun olmayan namizədlər dərhal aradan qaldırılır
  • “Lazımsız” müsahibələrin təşkili və aparılması üçün vaxt və səy sərf etmirsiniz
  • Səylərinizi optimal namizədlərə yönəldə bilərsiniz və həqiqi inciləri seçmək imkanını qazanacaqsınız.

Ümumən elana dair akademik tələblər bir və ya iki deyil, beynəlxalq standartlar, çoxluğun qəbul etdiyi ümumi şərtlər və müxtəlif üslubiyyət formaları mövcuddur. Bunlardan fikrimcə, mühüm rol oynayan bir neçə meyyarı sizə təqdim edirəm:

AYDINLIQ

Elan mətnində qeyri-müəyyənliklər varsa, bu pis hal sayılır.

Vakansiyanın elan edilməsi son dərəcə aydın və sadə olmalıdır.

Namizədləri müəyyən peşə bacarıqları ilə necə cəlb etmək olar?

Məsələn, Word və Excel ilə işləmək bacarığına malik bir ofis menecerinə ehtiyacınız varsa, bunu hökmən mütləq tələb kimi qeyd emətk lazımdır. Əks halda uyğun olmayan namizədlər bu bacarıqların vacib olmadığını düşünüb sizin işinizi artıracaqlar.

Əgər sizə qutabçı lazımdırsa, bunu aydın şəkildə olduğu kimi yazın! “Qutab üzrə menecer” və ya “Qutabxana şöbəsinin koordinatoru” tipli yazılardan uzaq durun, belə elanlar namizədləri çaşqınlığa salacaq və siz yenə də lazımsız CV-lərin axını ilə üzləşəcəksiniz.

ŞİRKƏTİN KORPORATİV MƏDƏNİYYƏTİNƏ UYĞUNLUQ

Demək olar ki, istənilən şirkət və ya dövlət müəssisəsinin özünəməxsus xarakteri, stili və korporativ mədəniyyəti var.

Bunu vakansiya haqqında elanda da təsvir etmək lazımdır.

Əgər şirkət kifayət qədər ciddi nüfuza malikdirsə, namizədlər bunu elanın yazılma tərzindən hiss etməlidirlər.

Misal üçün:

“Nəhəng ticarət avadanlığının istehsalı və topdan satışı şirkətinin Baş direktoru vəzifəsinə namizəd tələb olunur.

Vəzifələri:

Ən sərfəli kredit üçün müraciət et

  • Müəssisənin ümumi idarəetməsi (istehsal və topdan satışı).
  • Maliyyə axınlarının idarə edilməsi; büdcə planlaması.
  • Biznes strategiyanın hazırlanması, planlama və hesabatlıq.”

Bu sizi maraqlandıran namizədləri cəlb edəcəkdir. Eyni zamanda, yararsız namizədlər özləri ələnəcəklər.

ŞƏFFAFLIQ

Namizədlərin işin xüsusiyyətlərini dəqiq başa düşdüyünə əmin olun.

Onlara hər hansı məqamları, məsələn, hansı vasitələrlə işləmək lazım olduğunu – xüsusi ofis proqramları, dil bilikləri, xüsusi texnika və alətləri izah edin.

Gündəlik vəzifələrin siyahısını təsvir edin.

Bir çox namizəd üçün ezamiyyət və iş qrafiki məsələsi vacib məqamlardır.

Əgər işin xarakteri mütəmadi və ya uzun səfərləri nəzərdə tutursa bu barədə hökmən yazılmalıdır.

Bu çox sayda uyğun olmayan namizədləri dərhal aradan qaldıracaq.

DƏQİQLİK

Çox tez-tez vakansiya elanlarında, qeyri-müəyyən bacarıqların böyük bir siyahısını görə bilərsiniz.

Sanki, şirkət konkret mütəxəssis yox, bütün kadrları əvəzləyəcək universal makina axtarır.

AYRI-SEÇKİLİYƏ YOL VERMƏMƏK

Təəsüflə bildirmək istəyirəm ki, günümüzün trendinə çevrlimiş gender tələblərini elanlarda görmək reallığı ilə üzləşirik. Halbuki normativ aktlarda nəzərdə tutulan konkret siyahılardan savayı hər hansısa peşəyə kişi-qadın müamiləsi edilməməlidir, ciddi qanun pozuntusu sayılır və inzibati məsuliyyət yaradır. Və əgər bir zamanlar gender diskriminasiyası ilə əsasən qadınlar üzləşirdilər sə, bu gün həmin vəziyyətə daha çox kişilər düşür.

Əmin olun ki, işgüzarlıq keyfiyyətinə təsir etməyən istənilən meyyarlar sizə lazım olan kadr tapılması üçün lazımsız baryerə çevriləcək!

Sabuhi J.Mammadaliyev