İpotekanın verilmə müddətinin uzadılması nə ilə bağlıdır? | Banco.az

İpotekanın verilmə müddətinin uzadılması nə ilə bağlıdır?

Azərbaycan Mərkəzi Bankının məlumatına əsasən, 2010-cu ilin statistik bülletenində ipotekanın verilmə müddəti 268 ay təşkil edib. Cari ilin mart ayı üzrə göstərici isə 278 aya qədər yüksəlib. Bununla yanaşı, 2010-cu ildən etibarən ipotekanın verilmə müddətində 10 aya qədər artım müşahidə olunub. "İqtisadi Təşəbbüslərə Yardım" İctimai Birliyinin eksperti Samir Əliyev bu artımı, əsasən, 2 səbəblə izah edir.

İlk səbəb Azərbaycanda güzəştli ipotekanın verilməsi ilə bağlıdır. "Güzəştli ipoteka, bir qayda olaraq, daha uzun müddətə verilir. Güzəştli ipotekanın verilməsi ilə ipotekanın verilmə müddəti artmışdır".

Samir Əliyev digər səbəbi insanların həyat səviyyəsi ilə əlaqələndirir. "Əhali maddi imkansızlıq səbəbindən aylıq ödənişin məbləğini azaltmaq məqsədilə daha uzun müddətə ipoteka krediti götürməyə üstünlük verir. Hal-hazırda əhalinin gəlirləri artmaqdadır. Amma, əksər hallarda, vətəndaşların gəlirlərinin bir hissəsi qeyri-rəsmi olur. Onlar həmin gəlirlərin həqiqətən də mövcud olduğunu sübuta yetirə bilmirlər. Bununla yanaşı, aylıq ödənişin məbləği iddiaçının gəlirləri ilə uyğunluq təşkil etməlidir. Buna əsaslanaraq qeyd etməliyəm ki, aylıq ödənişlərin məbləği azaldığı halda, ipotekanın ödəniş dövrü artırılır".

Ən sərfəli kredit üçün müraciət et

Ümumiyyətlə, ekspertin fikrincə, əhalinin ipotekadan istifadə imkanlarında heç bir dəyişiklik qeydə alınmayıb. "İl ərzində ipotekanın ümumi həcmi 100 milyon manat təşkil edir. Bu məbləğ olduqca aşağıdır. Bu məbləğdən istifadə etməklə banklar iddiaçılara qarşı daha tələbkar davranış forması nümayiş etdirirlər. Digər tərəfədən, Azərbaycanda ipotekaya ehtiyacı olan insanların sayı kifayət qədərdir. Ölkəmizdə hər il 70 min nikah bağlanır", - Samir Əliyev qeyd edib.

Sevinc İbadova/Banco.az